15 saylı Yasamal birinci seçki dairəsi üzrə 509 nəfər ilk dəfə səs verəcək

post-img

Dünyada üç cür seçki sistemi var: proporsional, majoritar, hibrid. Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur. Dünyanın 82 ölkəsində tətbiq olunan həmin seçki sistemində namizədlərdən ən çox səs toplayanı seçilir. Bizi, tarixi Qələbəmizi həzm etməyən bəzi qüvvələr ölkəmizə qarşı qarayaxma ilə məşğul olur, imicimizə xələl gətirməyə cəhd edirlər. Odur ki, seçkilərin şəffaf və demokratik keçirilməsinə nail olmaqla, vətəndaşların seçki hüquqlarının tam təmin edilməsi ilə onların səsləndirdiyi fikirlərin böhtandan başqa bir şey olmadığını hər zaman sübut etmişik, qarşıdan gələn seçki prosesində də sübut etməliyik.

Bu fikirlər sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilər ilə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün keçirilən treninqdə səsləndirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Adil Yusubov və Kəmalə Davudova tərəfindən keçirilən üçgünlük təlimlərdə 38 məntəqədən 230-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı səsvermə otağının təşkili qaydası, seçki günü məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin rol və vəzifələri, səsvermə günü məntəqələrdə kimlərin ola biləcəyi, seçki nəticələrinin elan edilməsi vaxtları, müşahidəçi və media nümayəndələrinin hüquqları və digər məsələlər barədə ətraflı məlumatlar verilir.

15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Cumar İsayev AZƏRTAC-a müsahibəsində dairənin tərkibində 38 məntəqə olduğunu və 51 minə yaxın seçicini əhatə etdiyini bildirib. Qeyd olunub ki, seçicilərdən 903-ü 80-100, 603-ü isə 18 yaşlı vətəndaşlardır. İlk dəfə səs verəcək seçicilərin sayı isə 509-a bərabərdir. Sağlamlıq imkanları məhdud vətəndaşların qeydiyyatda olduğu məntəqələrdə onlar üçün pandus quraşdırılıb.

Qeyd edək ki, treninqlər 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunur.





Sosial həyat