“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a məlumat verən AAB sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihənin həyata keçirilməsində əsas məqsəd əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaq, onların ifalarından ibarət audiodisk hazırlayıb geniş ictimaiyyətə təqdim etməkdir.

Vurğulanıb ki, layihə üzərində işlər icra planında nəzərdə tutulmuş qrafikə uyğun olaraq həyata keçirilir. Artıq ifaları audiodiskdə yer alacaq əslən Qərbi Azərbaycandan olan ustad və gənc aşıqların dəqiqləşdirilməsi, onların ifa edəcəkləri aşıq musiqisi və mətnin müəyyənləşdirilməsi, ifaların ayrı-ayrılıqda yazıya alınması kimi işlər arxada qalıb, yaxın günlərdə isə audiodiskin çoxaldılması işləri yekunlaşaq. Bu zaman Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitlərinin əhatə olunması diqqət mərkəzində olub. İfa olunan musiqi və mətn seçiminə də xüsusi diqqət yetirilib – Qərbi Azərbaycan aşıq mühitləri ilə bağlı olan saz havalarına və vətənpərvərlik, tarixi torpaqlarımızdakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib.

Audiodiskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmran Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alır.

Mədəniyyət