Zaxarova O`Brayna “deyir“, Ermənistana “eşitdirir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Ermənistanı, belə demək mümkünsə, ağ yuyub –qara sərib. Əlbəttə, xanım Zaxarova bilavasitə rəsmi İrəvana yüklənməyib. Sadəcə olaraq, onun dediklərindən belə çıxıb ki, Ermənistan rəhbərliyi sanki balaca uşaqdır, heç bir mövqeyi yoxdur. Zaxarova başqa hansı mətləblərə toxunub? Söhbətimiz həm də bu barədədir.
Bəli, M.Zaxarova bildirib ki, ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin bu əlaqələri yorulmadan məruz qoyduğu bütün güc sınaqlarından çıxaracaq. “O`Braynın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə əlaqədar əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir – dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir. Bu istəyin baş verənlərlə heç bir əlaqəsi yoxdur”, – deyən M.Zaxarova əlavə edib ki, Rusiya tarix boyu qardaş erməni xalqı ilə dəfələrlə çiyin-çiyinə verib və bunu yenə etmək niyyətindədir.
Obrazlı desək, səni sevəcəyəm, sən sevməsən də. Əslində, Rusiya rəsmiləri Qərbpərəst Nikol Paşinyanın hakimiyyətə yiyələnməsindən sonra bu sayaq bəyanatları kifayət qədər çox səsləndiriblər. Onlar hərdən birbaşa rəsmi İrəvanı qınayıblar da. Daha həvəsli şəkildə isə erməni iqtidarını “yoldan çıxarmaq” istəyənləri tənəyə məruz qoyublar. Dediklərindən belə çıxıb ki, guya, erməni xalqı Rusiya ilə yaxınlıq tərəfdarıdır, ancaq Paşinyan və komandası bunu istəmir. Görəsən, Nikolu dəstəkləyən erməni xalqı deyilmi? Təzadlı durum yaranır...
Əlbəttə, Rusiya Ermənistanın öz orbitindən çıxması ilə heç cür barışa bilmir. Ancaq hazırda baş verənlər reallıqdır və onu dəyişmək üçün Moskvanın əlində heç bir vasitə yoxdur. M.Zaxarovanın C.O`Braynın mövqeyi ilə bağlı dediklərinə gəldikdə, bildirməliyik ki, ikinci dəfələrlə İrəvanı Vaşinqtonun anti-Rusiya ovqatında alətə çevirən bəyanatlar verib. Departament təmsilçisi bir müddət əvvəl Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı danışarkən, barış mühitinin formalaşmasının Kremlin Cənubi Qafqazdan sıxışdırılması üçün mühüm vasitə olduğunu vurğulamışdı.
Ceyms O`Braynın sözlərindən bu qənaət hasil olmuşdu ki, Birləşmiş Ştatlar “Zəngəzur dəhlizi”nə önəm verir. Sadəcə, burada məsələnin qoyuluşu bir qədər fərqlidir. C.O`Brayn, ümumən Orta Asiyadan yüklərin daha səmərəli şəkildə daşınması məntiqi üzərində dayanmışdı və bunu Cənubi Qafqazın Rusiyadan asılılığının aradan qaldırılmasında mühüm məqam kimi dəyərləndirmişdi. Yəni ki, Vaşinqton üçün prinsipcə “Zəngəzur dəhlizi” ilə Ermənistan hakimiyyətinin irəli sürdüyü “Dünyanın kəsişməsi” arasında elə bir fərq yoxdur. Ancaq bir halda ki, rəsmi İrəvan Qərbin anti-Rusiya dirənişində mühüm rola malikdir, deməli, ölkənin təşəbbüsünün əsas götürülməsi ona bu dirənişin mükafatıdır. Mükafat isə özlüyündə erməni avantürizmi üçün ciddi impulsdur. Təhlükəli məqam da elə budur.
Azərbaycan belə bir durumla qətiyyən razılaşmır və razılaşa da bilməz. Ölkəmizin barışmazlığı Rusiya üçün sərfəlidir. Kreml Ukrayna müharibəsi ilə dünyda korlanmış reputasiyasına əlavə tünd rəng çalarları qatmaq istəmir. Ona görə də həm Zaxarova, həm də onun həmkarları hər vəchlə İrəvanı tutduğu yoldan döndərmək istəyirlər. Yəni, söz, fikir bildirməklə kifayətlənirlər. Rusiya XİN sözçüsünün C.O`Braynın dediklərinə sərt reaksiyası fonunda vurğuladıqları da buna hesablanıb.
Bəs Ermənistan hakimiyyəti mövqeyində dəyişiklik edə bilərmi? Sual ritorikdir, çünki rəsmi İrəvanın tutduğu kursdan daşınacağı real görünmür. Belə olan halda istər Ceyms O`Braynın söylədikləri, istərsə də Zaxarovanın onun dilə gətirdiklərinə reaksiyası Cənubi Qafqazdakı durumun gərginlik müjdəçisidir. Gərginlik isə çanağın Ermənistan hakimiyyətinin başında sınacağını söyləməyə əsas verir. Həm də ona görə ki, Rusiya daimi xəbərdarlıqlarla kifayətlənə bilməz. Ölkənin səbri bitməz-tükənməz deyil. Elə Azərbaycan da Ermənistanın şıltaqlıqlarına, qlobal oyunlara baş vuraraq, ambisiyalarını gerçəkləşdirmək cəhdlərinə, ən əsası isə sülh yolundakı manipulyasiyalarına həmişə dözümlü olmayacaq.
Ə.RÜSTƏMOV
XQ