ABŞ Ermənistana yaxşılıq edir, yoxsa pislik?

post-img

İrəvana yardım və illüziya bataqlığında çökmə

ABŞ Cənubi Qafqaz regionunda sülh istəyir, yoxsa müharibə? Belə bir sualın ortaya çıxma səbəbi çox sadədir. Məlum olduğu kimi, avqustun 2-də və 3-də Birləşmiş Ştatların Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanına iki hərbi təyyarə enib.  “Caliber.Az”ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, təyyarələrdə nəinki hərbi yüklər, eyni zamanda, şəxsi heyət də olub. Düşündürücüdür,  ABŞ bölgəyə qoşunmu yeridir? Ümumən ölkənin məqsədi nədir? 

Bildirilir ki, haqqında söz açdığımız olay bu il aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan yüksək səviyyəli görüşünün nəticəsi olaraq imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğundur.  Yəni, Ermənistan silahlı qüvvələrinə Birləşmiş Ştatlar istehsalı olan yeni nəsil silahların – snayper tüfənglərinin, gecəgörmə cihazlarının, xüsusi rabitə vasitələrinin, zirehli texnikanın, habelə erməni xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələrinin, kiçik ölçülü minaların və digər döyüş sursatlarının verilməsi məhz həmin sənəddən irəli gəlir.

Əslində, qeyd edilənlər heç də təəccüblə qarşılanmamalıdır. Çünki bundan əvvəl ABŞ-nin hərbi mütəxəssislərinin Ermənistan xüsusi təyinatlıları üçün təlimlər keçdiyi məlumdur. O da məlumdur ki, həmin təlimlərdə əldə edilmiş biliklərin praktiki şəraitdə tətbiqi üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törədilmişdi. Bundan başqa Ermənistana silah-sursat və şəxsi heyət daşınmasının digər tərəfləri də var. Nəzərə alaq ki, ABŞ-nin iki təyyarəsindən birində İran ərazisindən buraxılan raketlərin və təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər olub. Bildirildiyinə görə, həmin alət və qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. O zonada ki, oradan Naxçıvana yol gedir. Naxçıvana yol məntiqinin izahı isə diqqəti rəsmi İrəvanın üzərinə düşən öhdəliklərdən boyun qaçırması üzərinə yönəldir. Deməli, Birləşmiş Ştatlar ona bu istiqamətdə kömək göstərir. Başqa cür düşünmək mümkünsüzdür. Bütün daşlar yerinə oturur.  

Daşlar yerinə həm də ona görə oturur ki, ABŞ-nin Ermənistandakı hərbi missiyasının, belə demək mümkünsə, əlahiddəlik ampluası da mövcuddur.  Bildirildiyinə görə, Vaşinqton Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçiləri xüsusi yanaşma ilə seçib. Necə?  Məsələ ondadır ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır. Habelə, vaxtilə postsovet ölkələrindən Birləşmiş Ştatlara köçmüş slavyan və qafqazlılar da şəxsi heyətin tərkibində yer alırlar.  Bu adamlar erməni silahlı qüvvələrinin hərbi geyimi ilə təchiz olunur və Ermənistanın Zəngəzurdakı hərbi bazasında yerləşdirilir. 

Bəli, Azərbaycan–Ermənistan sülh gündəminin mövcud olduğu hazırkı şəraitdə sadaladıqlarımızın yaşanması istər-istəməz düşünməyə vadar edir. Ermənistanla bağlı hər şey məlumdur. Ölkə hər vəchlə çalışır ki, Azərbaycanla barış mühiti olmasın. Rəsmi İrəvanın illüziyaya qapıldığı da aşkardır. O da məlumdur ki, bu illüziyanın başlıca hərəkətverici qüvvəsi Fransadır. Zaman-zaman belə təəssürat yaranırdı ki, rəsmi Paris erməni avantürizminin körüklənməsində təkdir. Hətta mövcud istiqamətdə Avropa İttifaqından və qitənin digər təşkilatlarından eşidilən dəstək bəyanatları da bir elə əhəmiyyət daşımırdı. Ancaq indi yaşananlar göstərir ki, Ermənistanın ərazi bütövlüyünün qorunması və təhlükəsizliyinin təminatı siyasi klişesinin Birləşmiş Ştatlar kimi hamisi var. Vəziyyəti mürəkkəbləşdirən də elə bu məqamdır. 

Bəs durum Cənubi Qafqaz regionunda maraqlı olan dövlətləri narahat etmirmi? Heç şübhəsiz, Azərbaycan vəziyyəti izləyir. Türkiyə ölkəmizlə həmfikirdir və bir qayda olaraq, birbaşa açıqlamalar səsləndirmir. Yəni, Bakı hansı fikirdədirsə, Ankara da eyni mövqeni bölüşür. Bu baxımdan ayrıca nəyinsə sübutuna ehtiyac yoxdur. İrana gəldikdə, qeyd etdiklərimizin fonunda Tehran cəbhəsində sakitliyin hökm sürməsi maraqlıdır. Görəsən, ABŞ hərbçilərinin Ermənistandakı mövcudluq amplitudası, loru dildə desək, həmin ­hərbçilərin qulağının dibində yerləşmələri İslam Respublikasını narahat etmirmi? Sual ritorikdir. Əlbəttə ki, narahat edir. Ancaq İranın Ermənistandakı səfiri “yuxulamağa” üstünlük verir.  

Yerdə qalır Rusiya. Əslində, Moskva Qərbin Cənubi Qafqazda möhkəmlənmək və mövcud xüsusda Ermənistanı alətə çevirmək planlarına qarşı həmişə cəbhə açıb. Rusiya rəsmiləri hər zaman bununla bağlı bəyanatlar səsləndiriblər.  Ancaq qeyd etdiyimiz məqam məsələyə daha həssas yanaşma zərurətini ortaya qoymaqdadır. Görünür, Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun əvvəl İrana, sonra isə Azərbaycana səfəri heç də əbəs yerə deyilmiş. 

Sonda yazımızın əvvəlindəki suala qayıdaq. ABŞ-nin məqsədi nədir? Axı ölkə rəsmiləri son zamanlar regionda təminatlı sülh mühitinin formalaşmasının vacibliyindən söz açırdılar. Yoxsa onlar da sülhü erməni avantürizmini diriltməkdə görürlər? Bəlkə bu avantürizmi qlobal alətə çevirməyi düşünürlər? Suallar çoxdur. Daha qəti cavab və reallıq isə budur ki, Azərbaycan heç bir halda mövqeyindən geri çəkilməyəcək. Ölkəmiz bölgədə erməni iddialarının yüksək fazaya sahiblənməsinə imkan verməyəcək. Bunu bütün dünya yaxşı dərk etməlidir. O cümlədən ABŞ da. Cənubi Qafqaz coğrafiyasında erməni varlığı siyasi müstəvidə deyil, məişət səviyyəsində olmalıdır. Bu varlığın siyasi xarakterinin hansı böyük fəlakətlər doğurduğunu gördük. 

ABŞ-da, ümumən Qərbdə yaxşı anlamalıdırlar ki, Cənubi Qafqazda erməni varlığının dövlətçilik strukturu  avantürist mahiyyətlidir və regionun təhlükəsizliyi baxımından ciddi təhdiddir. Bu strukturu saxlamaq istəkləri varsa, onu islah etməlidirlər. Silah-sursatla və digər hərbi təyinatlı təminat islah deyil, əslində, məhvə aparan yoldur. Birləşmiş Ştatların məqsədi Ermənistan dövlətinin varlığına son qoymaqdırsa, özü bilər. 

Ə.CAHANGİROĞLU
XQ

 



Siyasət