Müasir mərhələdə dövlət–elm münasibətləri

post-img

I  məqalə

Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan xalqdır.

Heydər Əliyev,

Ümummilli lider

Dövlət, cəmiyyət və elm

Hər bir dövlətin özünün elmə münasibəti tarixi vardır. Dövlətçilik ənənəsi ilə yanaşı, burada dövlətin xüsusi olaraq cəmiyyətə baxışları ciddi təsiredici rol oynayır. Yəni böyük mənada dövlət–elm münasibtləri dövlət–cəmiyyət münasibətlərinin tərkib hissəsi kimi təsəvvür edilə bilər. Bu kontekstdə müasir mərhələdə (XX əsrin 70-ci illərindən başlayaraq, bu günə qədər olan müddəti nəzərdə tuturuq) Azərbaycanda dövlət–elm münasibətlərinə xüsusi əhəmiyyət verilmişdir. 

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gələndən sonra dövlət–elm münasibətləri sistemli, məqsədyönlü və elmin ölkəyə xidmət etməsi istiqamətini almışdır. Həmin mərhələdə Heydər Əliyevin elmlə bağlı atdığı addımlara konkret faktların işığında baxdıqda dövlətçilik və Azərbaycan cəmiyyətinin intellektual inkişafı baxımından çox maraqlı mənzərə görürük. Məsələnin bu aspekti akademik İsa Həbibbəylinin “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” (2023-cü il) adlı məqaləsində elmi şəkildə geniş araşdırılmışdır. Burada həmin məqalədə yer almış tezislərdən də istifadə olunmuşdur. 

Heydər Əliyevin elmə, təhsilə və ümumiyyətlə, ziyalılığa münasibəti məqalədə bir-biri ilə qarşılıqlı əlaqədə təqdim olunmuşdur. Ulu Öndərin yanaşmasının təməlində Azərbaycanda tarixən elm və təhsilə yüksək qiymət verildiyi və dövləti fəaliyyətdə alimlərin aktiv iştirakının təmin edildiyi mövqeyi dayanır. Bu yanaşma müasir mərhələdə Azərbaycanda dövlət–elm münasibətlərinin bazasını və ana xəttini təşkil edir. 

Həmin fikri Prezident İlham Əliyev AMEA-nın 60 illik yubileyindəki nitqində çox yaxşı ifadə etmişdir. Azərbaycan Prezidenti demişdir ki, Heydər Əliyevin ilk görüşünü məhz AMEA-da ziyalılarla keçirməsi rəmzi xarakter daşıyırdı. Çünki Heydər Əliyev Azərbaycan alimlərinin dünyagörüşünə, mövqeyinə, hərəkətlərinə, fəaliyyətlərinə ölkənin inkişaf dinamikasını xeyli müəyyən edən əsas faktor kimi yanaşırdı. Buna görə də “ölkənin tərəqqisini elm müəyyən edir” tezisi Ulu öndər üçün ciddi əhəmiyyət kəsb edirdi. 

Heydər Əliyevin sovet dönəmində müəyyən etdiyi dövlət–elm münasibətlərinin məzmunu və məqsədləri müstəqillik mərhələsində məşhur olan iki strateji tezisinin təməlini təşkil edir. Həmin tezisləri Ulu öndər belə formalaşdırmışdır: Hər hansı bir ölkənin XXI əsrdə tərəqqisini iki mühüm faktor müəyyən edəcəkdir: “Yüksək elmi potensial” və “elmtutumlu yüksək texnologiya”! XXI əsrin reallıqları ­Heydər Əliyevin dövlət–elm münasibətlərinin təməlində gördüyü bu tezislərin səmərəliliyini tam sübut etməkdədir. 

Bütün bunlara görə, bizim XX əsrin 70–80-ci illərində Heydər Əliyevin Azərbaycan elmi, ziyalıları və ayrıca AMEA ilə bağlı həyata keçirdiyi tədbirləri araşdrımağımız dövlət–elm münasibətlərinin təkamül dinamikasını izləməklə yanaşı, XXI əsrdə uğurlu və kreativ cəmiyyət quruculuğunun mühüm bir aspekti ilə bağlı düşüncələri də aktuallaşdırmağa müəyyən dərəcədə yardımçı olardı. 

Heydər Əliyevin dövlət–elm münasibətləri konsepti

Ulu öndər 1969-cu ildən başlayaraq Azərbaycanda dövlət-elm münasibətlərini ideyadan konsept səviyyəsinə yüksəltdi. İdeya kimi həmin münasibətlərin əsas məzmunu və mahiyyətini “elm cəmiyyətin inkişafında və dövlət idarəetməsində aparıcı rol oynamalıdır” tezisi təşkil edirdi. Bu ideyanı SSRİ dönəmində dərindən əxz edib həyata keçirmək dərin bilik və böyük idarəetmə məharəti ilə yanaşı, dövrün maneələrini aşa biləcək vətənpərvərlik mövqeyi də tələb edirdi. Məsələnin bu tərəfini izah etməyə çalışaq. 

Məsələ ondan ibarət idi ki, sovet dönəmində dövlət strukturları içərisində Azərbaycana qarşı dost olmayan münasibət göstərən qüvvələr vardı. Onların təsir imkanları da geniş idi. Geniş anlamda məqsədləri Azərbaycanı bir respublika, mədəniyyət məkanı, iqtisadi infrastruktur və ölkə olaraq parçalamaqdan ibarət olmuşdur. Bunu təsdiq edən faktlar müxtəlif ədədbiyyatlarda göstərilmişdir. Azərbaycanı gözləyən bu təhlükəyə qarşı müqavimət göstərmək olduqca çətin məsələ idi. Çünki öncədən respublikanın müxtəlif idarəetmə orqanlarına yad, anti-Azərbaycan xarakterli elementləri yerləşdirmişdilər. Xüsusilə təhsil, elm, təhlükəsizlik və digər mühüm sferalarda mövqeyi Azərbaycana qarşı olan kadrlar üstünlük təşkil edirdilər. Belə çıxır ki, eyni zamanda, iki istiqamətdə mübarizə aparmağa ehtiyac yaranmışdı. Birincisi, mühüm postlardan yad kadrları təmizləmək. İkincisi, Azərbaycan SSR-də idarəetmədə milliliyə əsaslananların üstünlüyünü təmin etmək.

Ancaq bu məqsədlərə çatmaq üçün elm, təhsil və idarəetmədə həmin dövr üçün inqilabi dəyişikliklərə nail olmaq gərək idi. Yəni həm milli kadrları hazırlamaq, həm də yad elementlərdən dövlət və ictimai strukturları təmizləməyə ehtiyac vardı. Buna görə də Heydər Əliyev Azərbaycan KP MK-nını birinci katibi seçilənə qədər müxtəlif səviyyələrdə azərbaycanlı kadrların SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almağa göndərilməsi və respublikanın bir sıra bölgələrində erməni–rus–yəhudi kadrları yerlilərlə əvəz etmək istiqamətində müəyyən addımlar atdı. Paralel olaraq, imkanı daxilində milli düşüncəli insanları qorudu. 

Bütün bu tendensiyalar Ulu öndərin Azərbaycan SSR-ə rəhbər gələndən sonra ölkə miqasında sistemli və davamlı xarakter aldı. Aydın görünürdü ki, prosesi strateji olaraq uğurlu aparmaq üçün möhkəm elmi təməli olan sistem yaratmaq zərurəti qarşıda dururdu. Bunun üçün, fikrimizcə, strateji əhəmiyyəti müstəqillik mərhələsində azalmayan iki mühüm qərar qəbul etdi. Birincisi, Azərbaycanda dövləti və cəmiyyətini inkişaf etdirmək üçün mütləq ciddi elmi araşdırmalara əsaslanmaq lazım idi. İkincisi, bu prosesda 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasına və o dövrdə mövcud olan universitetlərə önəm verilməli idi. Bununla da həmin dövrdə indiki AMEA dövlət–elm münasibətlərinin həm substantiv, həm də funksional aspektlərdə mərkəzinə gətirildi.   

Heydər Əliyev konseptual olaraq və AMEA-nın üzərinə həm böyük məsuliyyət qoydu, həm də onu inkişaf etdirdi. Bu inkişaf strukturlaşmanı təkmilləşdirmək, elmi fəaliyyəti genişləndirməklə yanaşı, təşkilatın Azərbaycan cəmiyyətində yüksək status almasını da əhatə edirdi. 

Deməli, Heydər Əliyev qısa bir müddətdə dövlət və cəmiyyətdə elmin aparıcı rol oynaması məsələsini ideyadan konsept səviyyəsinə yüksəltdi. Bu, o deməkdir ki, artıq dövlət-elm münasibətlərinin qurulması və inkişafının konkret istiqamətləri, həyata keçirilmə və nəticəverici mexanizmləri hazırlanmışdı. Heydər Əliyev həmin konsept çərçivəsində ardıcıl olaraq elm siyasətini həyata keçirdi və indiki AMEA-ya bu prosesdə ayrıca yer verdi. Faktlara müraciət edək. 

Elmi fəaliyyətin təşkili və təşviqi

Heydər Əliyev 1969-cu ildə fəaliyyətə başlayan kimi, Azərbaycan SSR-in inkişafının birbaşa elmin inkişafı ilə bağlı olduğunu ifadə etdi. 1969-cu il noyabrın 2-də Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxışı elm və təhsilin millilyinə xüsusi önəm verdiyinin ilk mesajlarından idi. Həmin çıxışda əsas fikir ondan ibarət idi ki, Azərbaycanda iqtisadi-mədəni geriliyin aradan qaldırılması zərurətdir. Bunun başlıca mexanizmlərindən biri də elmin bütün sahələrə daha fəal və geniş miqyasda təsir göstərməsi olmalıdır. Bununla ölkənin inkişafında elmtutumluluq sistemin fəaliyyəti mexanizmlərinə oturduldu. Konkret olaraq, “...Respublikanı mövcud gerilikdən xilas etmək və ölkəni yeni inkişaf mərhələsinə çatdırmaq məqsədilə elm sahəsində kök salmış ətaləti aradan qaldırmaq istiqamətində kompleks tədbirlər həyata” (Isa Həbibbəyli) keçirmək istiqamətində addımlar atıldı. 

Həmin sırada Ulu öndər indiki AMEA-nın fəaliyyətini də struktur və funksional aspektlərdə yenidən qurmağa başladı. Məsələn, 1970-ci ildə Elmlər Akademiyasının 25 illik yubileyinə həsr olunmuş tədbirdə Heydər Əliyev üç məsələni önə çəkmişdir. Birincisi, ölkənin təbii sərvətlərinin öyrənilməsində EA-nın rolunu daha da artırmaq. İkincisi, alınan elmi nəticələrdən daha səmərəli istifadə etmək. Üçüncüsü, neft, kimya sənayesi və kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərin həll edilməsi üzrə tədqiqatların aparılmasını daha da genişləndirmək. 

Həmin dövr üçün vurğulanan istiqamətlər xüsusi dövləti əhəmiyyət kəsb edirdi. Onlar birbaşa Azərbaycanın sosial, iqtisadi və elmi inkişafı üçün çox vacib idi. Bu addım həm də uzun illər Azərbaycan elmində kök salmış ətalətə (və ya məqsədli şəkildə həmin vəziyyət yaradılmışdı) qarşı ilk ciddi addımlardan biri idi. Bunlarla yanaşı, Ulu öndərin dəfələrlə ifadə etdiyi “Elmlər Akademiyası Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır” tezisinin ilk reallaşma əlamətlərindən biri idi. Çünki Heydər Əliyev qarşıya qoyduğu elmi məqsədlərə çatmaq üçün Elmlər Akademiyasında yeni elmi strukturlar da yaradırdı. 

Misal üçün, Heydər Əliyev Elmlər Akademiyasının Rəyasət Heyətində yeni iki bölmə yaratmaq haqqında tapşırıq vermişdi. 1970-ci il iyunun 24-də Aşqarlar Kimyası İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılmasına dair tədbirlərin müəyyənləşdirilməsi haqqında qərar qəbul edildi. 1972-ci il iyunun 20-də “Akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının laboratoriyalarının bazasında Ağır Üzvü Sintez Kompleks Elmi Tədqiqat və Layihələndirmə İnstitutunun yaradılması haqqında” qərar qəbul olundu. 

Bu prosesin keçici deyil davamlı və öncədən düşünülmüş sistem üzrə aparıldığını ulu öndər Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasında həyata keçirdiyi sonrakı struktur və fəaliyyət dəyişikliyindən aydın görmək olur. Belə ki, neft–kimya sahəsi ilə yanaşı, bütövlükdə, iqtisad elmi sferasına lazım olan islahatların aparılması istiqamətində də tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə Elmlər Akademiyasının tabeliyində olan İqtisadiyyat İnstitutunun fəaliyyəti əsaslı şəkildə yoxlanıldı və Mərkəzi Komitənin bürosunda geniş müzakirə edildi. Bu əsasda konkret qərarlar qəbul edildi. Həmin qərarlarda elmi müəssisələrin işini dövrün tələbləri səviyyəsinə yüksəltmək əksini tapmışdır.  

Bununla Heydər Əliyev iqtisadiyyat institutları ilə bağlı iki mühüm vəzifəni gündəmə gətirmişdi. Onlardan biri bu sahədə aparılan tədqiqatların sistemli, məqsədli və planlı şəkilə salınması ilə bağlıdır. İkincisi, iqtisadiyyatdakı perspektiv istiqamətlər elmi əsaslandırılmalı və proqnozlaşdırılmalıdır. Alınan elmi nəticələr istehsal imkanlarının səmərəli istifadəsi və yerləşdirilməsi üzrə konkret təklifləri əhatə etməlidir. 

Vurğuladığımız iki istiqamət üzrə ­Heydər Əliyevin həyata keçirdiyi elm siyasəti, bütövlükdə, dövlət–elm münasibətlərinin ümumi məğzini ifadə edir. Heydər Əliyevin həmin istiqamətdə həyata keçirdiyi proqramları göstərir ki, bununla Ulu öndər dövlət–elm münasibətlərində keyfiyyət dəyişikliyinə nail olmuşdur və proses konsepsiya səviyyəsinə yüksəlmişdir. Dövlət–elm münasibətlərinin konsepsiyasında isə azərbaycançılıq əsas yer tutur.   

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət