Qızılın “rekord” yürüşü

post-img

Davamlı artım Azərbaycanın maliyyə sisteminə necə təsir edir?

XXI əsr həddindən artıq iqtisadi və sosial-siyasi təlatüm epizodları ilə diqqət çəkir. Bu qeyri-müəyyənlikdə, investorlar təhlükəsizlik üçün qiymətli metala üstünlük verirlər. Bu da qızılın qiymət artımına səbəb olur. Avqustun 2-də onun 1 unsiyası 2 min 500 dollara satılıb.

Qızılın bahalaşması isə geosiyasi gərginliyin davam etməsi, eləcə də mərkəzi banklar tərəfindən qiymətli metal alışı ilə bağlıdır. “PSB”nin baş analitiki Aleksey Qolovinov hesab edir ki, son dövrlərdə mərkəzi banklar qızıla daha çox sərmayə yatıraraq ehtiyatlarını artırırlar. Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, mərkəzi bankların qızıl alması hazırda qiymətli metala qlobal tələbatın təxminən 1/5-ni təşkil edir. 2024-cü ildə qızıl alışında lider Türkiyə Mərkəzi Bankıdır, 2-ci yerdə Çin Xalq Bankı, 3-cü yerdə isə Hindistan Ehtiyat Bankı gəlir. Onlar bu yolla Qərbdən maliyə müstəqiliyini artırmaq istəyirlər.

Hazırda dünyada geosiyasi vəziyyət də sabit deyil. Xüsusilə Qərb və Rusiya arasında gərginlik, eyni zamanda, Yaxın Şərqdəki vəziyyət, İranla digər dövlətlərin münasibətləri pisləşir. Siyasi gərginlik, eləcə də qlobal valyuta bazarında dolların zəifləməsi birbaşa qızılın qiymətinə təsir edir. İnvestorlar qızılın da daxil olduğu etibarlı aktivlərə maraq göstərirlər. “BitRiver” şirkətinin maliyyə analitiki Vladislav Antonovun sözlərinə görə, qiymətli metalın unsiyasının 2026-cı ilə qədər 2 min 800 dollaradək artım potensialı var: “Qızıla investisiya qoymaq qərarı investorun fərdi vəziyyətindən asılıdır. Bir tərəfdən əksər ekspertlər 2024-cü ilin ikinci yarısında qızılın qiymətinin daha da artacağını proqnozlaşdırırlar. Digər tərəfdən, qiymətlər artıq tarixi yüksək həddədir. Mən qızılı diversifikasiya edilmiş investisiya portfelinin bir hissəsi kimi nəzərdən keçirməyi, lakin bütün pulunuzu ona yatırmamağı tövsiyə edərdim”.

Mütəxəssis onu da bildirib ki, qızıla investisiya qoymazdan əvvəl seçilmiş investisiya alətinin likvidliyinə, cari makroiqtisadi və geosiyasi tendensiyalara, həmçinin optimal investisiya metodunun seçilməsinə diqqət yetirilməlidir. “İlin əvvəlindən qızıl 18,39 faiz bahalaşıb. Aprel ayından etibarən qiymətlər çox kəskin şəkildə qalxdı. Hazırda isə qızılın unsiyası 2 min 500 dollara satılır. Sabah ola bilər ki, qiymət fərqli istiqamətdə dəyişsin. Bütün bu amillər nəzərə alınmalı və qızıla investisiya yatırmaq üçün ən uyğun variant seçilməlidir. 2026-cı ilə qədər unsiyanın 2 min 800 dollara qədər artım potensialı hələ də var. Amma 12 faiz gəlirlik investisiya üçün kifayət deyil. İndi əmanətlərin, təxminən, 20 faiz gəlirliliyinə zəmanət verilir”.

Bunların fonunda isə qızıla investisiya tələbi artır. Onun qiymət artımı Azərbaycana necə təsir edir? Bu barədə iqtisadçı Pərviz Heydərov deyib ki, qızılın bahalaşması bizə iki istiqamətdə səmərə gətirir. “Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə, ümumiyyətlə, danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının, təxminən, 15 faizə qədəri qızılla yerləşdirilib”. 

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini ötən ilə nisbətən 3,3 faiz artırıb. ARDNF-in 2024-cü ilin I yarısı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir ki, ABŞ dolları portfelinin 8 milyard 574,6 milyon dollarlıq hissəsini (14,8 faiz) qızıl investisiyaları təşkil edir. Fondun qızıl ehtiyatı cari il iyunun 30-u tarixinə 114,9 ton təşkil edib.

 Mərkəzi Bankın da qızıl ehtiyatı var. 2024-cü ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 28,1 milyon dollar artaraq 31 iyul 2024-cü il tarixində 11 milyard 765,7 milyon dollara çatıb. 2024-cü ilin 7 ayı ərzində isə (yanvar-iyul) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 152,7 milyon dollar artıb. Beləliklə, sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir. 

İkincisi isə, Azərbaycan qızıl ixrac edən ölkədir. Regionda yeganə ölkədir ki, bu qiymətli metal növünü hasil və ixrac edir. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüş satıb. Bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7 faiz artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62,1 min, gümüş üzrə isə 90,8 min unsiya xaricdə realizə edilib.

Ümumiyyətlə, 2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210,1 milyon manatını ixrac, 22,7 milyon manatını isə daxili satış gəlirləri təşkil edib. 

Cari ilin I rübü ərzində isə 6,6 min unsiya qızıl, 23,7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25,2 milyon manat vəsait cəlb edilib.

 Xatırladaq ki, qiymətli metalların yerli və xarici bazarlarda satışı (2017-ci ildən) nəticəsində əldə olunmuş ümumi gəlir 1 milyard 213 milyon 911 min manata çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırıb.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Son xəbərlər