“Sərhədsiz Reportyorlar”ın əli boş qalıb, köhnə hesabatını yenidən yayıb

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Qərbin “təbliğat şəbəkəsi”nə daxil olan KİV-lər “Sərhədsiz Reportyorlar” təşkilatının 2024-cü il üzrə mətbuat azadlığı indeksini açıqladığı barədə məlumat yayıblar. İnformasiyanın məzmunundan belə anlaşılır ki, həmin hesabatda Azərbaycanın adı neqativ fonda göstərilib. 

Amma diqqətlə yanaşanda görürük ki, dünən açıqlanmış hesabat Azərbaycanın üzərində köklənməyib. Hədəf ümumilik­də Şərqi Avropa və Mərkəzi Asiya regi­onuna daxil olan dövlətlər, həmçinin, bu regionlarla qonşuluqda yerləşən ölkələrdir. Bu sırada Rusiyanın adı hesabatda 162-ci yerdə, Belarus 167-ci yerdə, Türkmənis­tan 175-ci yerdə, Gürcüstan 103-cü yerdə qərarlaşıb. Yəni, onlardan hər biri neqativ tonda verilib. Macarstana, Türkiyəyə qarşı da bənzər münasibət göstərilib. Azərbay­can isə 164-cü yerdə təqdim edilib. 

Elə ilk müşahidədən aydın olur ki, si­yahının “media azadlığı” ilə əlaqələndiril­məsi sadəcə iz azdırmaq üçündür. Hesabat və oradakı yerlər siyasi mülahizələr əsa­sında tərtib edilib. Avropa İttifaqı və ABŞ-nin mürtəce siyasətini bölüşməyən, onlara boyun əyməyən nə qədər ölkə və ittifaq varsa, hamısı “Sərhədsiz Reportyorlar”ın hesabatında qara fonda göstərilib. 

Hesabatın şərh bölümündə qeyd edilir ki, Şərqi Avropada və Mərkəzi Asiyada me­dia azadlığı üzrə vəziyyət pisləşib: “Mət­buat azadlığına təminat verilmir, KİV-dən dezinformasiya yaymaq üçün istifadə olu­nur”. Diqqətli oxucular yəqin ki, söhbətin nədən getdiyini anladılar. Cəmi bir həftə öncə – iyulun 21–23-də Şuşada Qlobal Media Forumu keçirildi. Həmin Forumun mövzusu dezinformasiyaya qarşı müba­rizə vasitələri üzərində quruldu. 4 qitədən gələn, foruma qatılan peşəkar jurnalistlər vurğuladılar ki, yaşadığmız günlərdə qlo­bal problemə çevrilən dezinformasiyanın əsas mənbələrindən biri Qərb döblətləri, xüsusən Fransadır. Forum iştirakçıları on­larca fakt gətirərək, Fransanı dövrümüzün ən böyük dezinformatorlarından biri kimi tanıtdılar. Üzərindən bir həftə keçib, indi də Fransa “cavab tədbiri” görür. Onlar da Azərbaycanı və Azərbaycanın müttəfiqi olan ölkələri dezinformasiya yaymaqda ittiham edirlər. Bir şərtlə ki, bunu açıq mətnlə, öz dillərindən deməyə çəkinirlər. Çünki, əllərində fakt və sübutlar yoxdur. “Sərhədsiz Reportyorlar” qismində peyk təşkilatları önə verirlər. Görünür, prezident Makron özünün ünvanına səslənən iradlara cavab vermək, əks arqumentlər səsləndir­mək iqtidarında deyil. Əlinin altında olan təşkilatları önə verir, vəziyyətdən çıxmağa çalışır. 

Yeri gəlmişkən qeyd edək ki, “Sərhəd­siz Reportyorlar”ın təcrübəsində “regional hesabatlar” yaymaq ənənəsi yoxdur. “Şərqi Avropada və Mərkəzi Asiyada media azad­lığı indeksi” bu mənada ilk nümunələr­dən biridir. Təşkilat, adətən, ildə bir dəfə “Dünya media azadlığı indeksi”ni hazır­layaraq yayır. Bundan kənarda isə, media insidentləri üzrə gündəlik xəbərlər yaya­raq, bəyanatlar verir. Yəni “regional media azadlığı indeksi”nə önəm vermir. 

Təşkilat 2024-cü il üzrə dünya media azadlığı indeksini cəmi 3 ay öncə – may ayında yayıb. Məsələ ondadır ki, indi “Şərqi Avropada və Mərkəzi Asiyada me­dia azadlığı indeksi” üzrə təqdim edilən məqamlar da həmin hesabatda, yəni 3 may 2024-cü il tarixdə ictimailəşdirilən “Dünya media azadlığı indeksi-2024” hesabatında olduğu kimi verilib. İndi açıqlanan hesabat 3 mayda yayımlanmış hesabatın bir fəsli­dir ( https://rsf.org/en/index?year ). Onu “yeni” hesabat adı altında təkrar olaraq tirajlayıblar. 

“Sərhədsiz Reportyorlar”ı belə addım atmağa, bir dəfə açıqlanmış hesabatı 3 ay sonra təkrarən yaymağa nə məcbur edib? Suala başqa cavab tapmaq mümkün de­yil. Bütün xətlər onu göstərir ki, təşkilat Fransanı tənqid edən, Avropa İttifaqının və ABŞ-nin mürtəce siyasətinə boyun əy­məyən dövlətləri tənqid etmək üçün sifariş alıb. Faktlar axtarıb, tapmayıb, əli boş qa­lıb. “Köhnə hesabatı” yeni hesabat adı ilə yaymaqla vəziyyətdən çıxmağa çalışıb. Bir sözlə, “Sərhədsiz Reportyorlar” Fransa xarici siyasət kursunun icraçısına çevrilib. 

“Sərhədsiz Reportyorlar”ın mərkəzi ofisi Paris şəhərində yerləşir. Bu baxım­dan öz siyasətində Fransanın maraqlarını nəzərə alır. Müstəqil hərəkət edən bey­nəlxalq təşkilat adlandırılsa da, öz fəaliy­yətini Fransanın maraqları üzərində qurur, tendensiyalı davranır. Fransa xarici si­yasətinin, prezident Emmanuel Makronun Azərbaycana yanaşması hansı tərzdədirsə, “Sərhədsiz Reportyorlar”ın yanaşması da eynidir. “Sərhədsiz Reportyorlar” Parisin siyasi ambisiyalarının ruporudur. 

İndiki hesabatdan aydın olur ki, “Sər­hədsiz Reportyorlar” təkcə Azərbaycana qarşı deyil, ümumilikdə Fransanın hədə­fində olan ölkələrə qarşı qərəzli davranır. Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da daimi olaraq düşmən münasibət sərgiləyir. Türk Dövlətləri Təşkilatına qoşulandan sonra Macarıstanı da hədəfə çevirib. Ma­carıstanın adını qeyri-demokratik ölkələrin sırasında yerləşdirib. Türkiyə və Macarıs­tanın adı “Sərhədsiz Repartyorlar”ın in­deksində Azərbaycan kimi geri sıralarda göstərilib. Ermənistan isə öndə, demokra­tik ölkələr sırasında, Türkiyədən 100 pillə öndə təqdim edilib. Türkiyədə medianın vəziyyətini Ermənistandan 100 pillə ge­ridə, qeyri-demokratik ölkələr sırasında göstərmək "Sərhədsiz Reportyorlar"ın “Ümumdünya Mətbuat Azadlığı İndeksi”­nin mahiyyətini açır.

Siyasət