İşğaldan azad edilmiş ərazilərdə seçki hazırlığı

post-img

124 saylı Şuşa – Ağdam – Xocavənd seçki dairəsinin sədri Mədinə Abbasovanın “Xalq qəzeti”nə eksklüziv müsahibəsi 

– Mədinə xanım, hazırda parlament seçkilərində, necə deyərlər, işin başdan aşan vaxtıdır. Rəhbərlik etdiyiniz dairədə seçkilərə hazırlıq işləri necə gedir? 

– Doğrudanda da, iş başdan aşır. Na­mizədlərin irəli sürülməsi vaxtı sona yaxın­laşır. Namizədliyini irəli sürənlərin hər bi­rinin sənədləri diqqətlə araşdırılır. Çalışırıq ki, onların hər biri bu siyasi kampaniyada öz qüvvələrini sınasınlar. Mən hazırda 124 saylı Şuşa –Ağdam – Xocavənd seçki da­irəsinin sədriyəm. Seçki dairəsinin əhatə­sində 93 seçki məntəqəsi var və müxtəlif bölgələrdə yerləşir. Bunun 47- də şuşalılar, 32- də ağdamlılr, 14-də isə xocavəndlilər səs verəcəklər. Bu məntəqələri formalaşdır­maq, seçki prosesi üçün tələb olunan ləva­zimatla təchiz etmək zəhmət, səbr, dözüm tələb edir. Əhalinin doğma dədə-baba yurd­larına qayıdışından sonra Şuşa və Xocavən­din hər birində 2 seçki məntəqəsi yaradılıb. İlk dəfə olaraq şuşalılar və xocavəndlilər dədə-baba yurdlarında keçirilən parlament seçkilərində səs verəcəklər. Bu sevinci iş­ğaldan azad edilmiş rayonların hər bir saki­ni yaşamaq arzusundadır. Həmin ərazilərdə yaradılmış seçki məntəqələri müasir stan­dartlara tam uyğun qurulub. 

Məlumdur ki, beynəlxalq müşahidə­çilər Xankəndidə, Şuşada, Xocavənddə və işğaldan azad edilmiş digər ərazilərimizdə keçiriləcək parlament seçkilərini izləmək­də maraqlı olacaqlar. Ona görə də seç­kilərin yüksək səviyyədə aparılması üçün bütün vasitələrdən istifadə edirik. Artıq hazırlıq işləri başa çatıb və seçici siyahıları məntəqələrin müvafiq yerlərindən asılıb. Müşahidəçilər üçün də əlverişli şərait ya­radılıb. Məlumdur ki, parlament seçkiləri həmişə gərgin mübarizə şəraitində keçir. Çünki bir mandat uğrunda 10-15 nəfər mü­barizə aparır. Onların hər birinin müşahi­dəçisi, səlahiyyətli nümayəndəsi seçkiləri izləməkdə maraqlıdır. Ona görə də seçki prosesinin problemsiz müşahidə olunması üçün əlverişli şərait yaratmağa çalışırıq. 

– Problemlərdən söhbət düşmüşkən, namizədliyini irəli sürənlər arasında na­razılıq edənlər olurmu? Bəzən tələb olu­nan sənədləri vaxtında toplayıb çatdıra bilməyənlər, guya, onlar üçün qəsdən süni əngəl yaradıldığını iddia edirlər.

– Bizim dairə üzrə hələlik belə hal baş verməyib. Ümid edirəm ki, bundan sonra da narazılıq yaranmayacaq. Çünki namizədli­yini irəli sürənlərin hər biri üçün əlverişli şərait yaradılıb. Biz istəyirik ki, namizəd­lərin sayı çox olsun və seçki daha gərgin mübarizə şəraitində keçsin. Seçib-seçilmək hər bir kəsin konstitusion hüququdur. Heç kimin ixtiyarı yoxdur ki, bu hüququ onla­rın əlindən alsın. Biz namizədlərə kömək məqsədilə bəzi sənədlərin hazır formalarını onlara təqdim edirik ki, əlavə vaxt itirmə­sinlər. Ona görə də inanmıram ki, namizəd­lər onlara süni əngəl yaradılmasından şikayət etsinlər. Namizədlərin təbliğat-təş­viqatlarının bərabər səviyyədə aparılması üçün hər bir seçki məntəqəsinin yaxınlığın­da dəmir lövhələr quraşdırılıb. Bir sözlə, hər bir namizəd üçün əlverişli şərait yarat­mışıq. Qoy kim güclüdür, qalib gəlsin.

– Seçkilərin şəffaf, azad və ədalətli ke­çirilməsində maarifləndirmə proqramları­nın da rolu böyükdür...

– Seçkilərin mütəşəkkil və insidentsiz keçirilməsi üçün maarifləndirmə layihələ­rinin rolu çox böyükdür. Artıq MSK dairə seçki komissiyaları, ekspert və işçi qrupla­rı üçün bir neçə belə tədbir keçirib. Aşağı seçki komissiya üzvləri də maarifləndirmə layihələrində iştirak edəcəklər. Çünki belə layihələr seçkilər zamanı qarşıya çıxan problemlərin aradan qaldırılmasında çox kömək edir. Bundan əlavə, MSK tərəfindən hazırlanmış təlimatlar, yaddaş kitabçaları və digər metodiki vəsaitlər hər bir komis­siya üzvü üçün yardımçı olacaq. Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlardan istifadə edirik. 

Parlament seçkilərinin ilk dəfə Azər­baycanın bütün ərazisində keçirilməsi hər birimiz üçün qürurverici hadisədir. Hər dəfə olduğu kimi, bu seçkilərdə də dünya ictimaiyyətinin nəzəri ölkəmizə yönələ­cək. Biz bu seçkiləri də yüksək səviyyədə keçirmək üçün bütün imkanlardan istifadə edirik. Dünya ictimaiyyəti Azərbaycanın seçkiləri yüksək səviyyədə keçirməyə qa­dir olduğunu bir daha görəcək.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV
XQ



Siyasət