Qərbi Azərbaycana qayıdışın yolu

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutan, bu il iyun ayının 21-də başlayan və üç gün davam edən  “Qərbi Azərbaycana Qayıdış” festival-konqres artıq tarixə dönüb. İnanırıq ki, bu möhtəşəm tədbirin ideya müəllifi, onun təşkilatçıları, ümumiyyətlə, ölkəmizin elmi və siyasi ictimaiyyətində baş tutan hadisədə iştirak edən hər kəsin əməyi həmin tarixin ayrılmaz tərkib hissəsi kimi qalacaq. Bu, gəlişən və gəlişdikcə öz haqlarının tam, dayanıqlı qələbəyə qədər qəbul edilməsi, son 35 il müddətində maddi-mənəvi itkilərinin bərpası uğrundakı yoldur. O yol milli iradənin ali forması olaraq öz  dövlətinin ətrafında birliyinin növbəti mərhələsi kimi da tarixdə qalacaq.

 Bu mərhələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında Qərbi Azərbaycanlı ziyalılarla görüşündə start verilib. Həmin görüşdə Prezident İlham Əliyev 34 il əvvəl Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tairixi vətənlərindən qeyri-insani basqılar – fiziki şiddət və ölüm təhdidlərinin reallaşdığı məqamlarda çıxarılmasından, soydaşlarımızın beynəlxalq hüququn imkan verdiyi qaydalarla qayıtmaq şəraitinin yetişməsi barədə danışdı. Bu gün regional siyasətdə birmənalı olaraq söz sahibi Prezident İlham Əliyev ziyalıların şəxsində 34 ildir tarixi vətənlərindən ayrılan soydaşlarımıza üz tuturdu: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var və onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, o cümlədən, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Əfsuslar ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. 

“Qərbi Azərbaycana Qayıdış” festival-konqresin davam etdiyi 3 günü məhz o tarixi illərə dönmək, ancaq sənəd və xəritələrin təqdimatı deyil, o ərazilərdə yaşadıqları min illərdə formalaşan, elə mənəvi irs kimi də nəsildən nəsillərə keçərək günümüzə qədər yaşayan adət-ənənələrimiz, ayrı-ayrı cəfakeş insanların səyi ilə erməni millətindən olan etnocinayətkarlığın qurbanı olmaqdan xilas edilmiş eksponatlar nümayiş olundu. Minnətdarlıq hissi ilə təşkilati işlərdə çiyinlərinə olduqca çox böyük yük götürmüş Naxçıvan Dövlət Universiteti kollektivinin və bu kollektivin rəhbəri Elbrus İsayevin xidmətlərini qeyd edərək xatırladaq ki, festival-konqresin yüksək səviyyədə keçməsində onların rolu əvəzsiz oldu. 2023-cü ilin 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı festival-konqresdə əldə olunan təcrübənin öz sözünü dediyi isə hiss olunurdu. Təşkilatçıların “Qərbi Azərbaycana Qayıdış” festival-konqresin proqramı təşkilində göstərdikləri peşəkarlıq tamam ayrı bir yazının mövzusu ola biləcək məsələdir və hesab edirik ki, buna nə vaxtsa qayıtmaq lazım gələcək.  İndisə konqres-festivalın Naxçıvan Muxtar Respublikasında keçirilməsinin ilk olaraq ictimai-siyasi, habelə mənəvi kökləri haqqında bir neçə kəlmə qeyd etməyi lazım bilirik. 

2020-ci ilin sentyabrında başlayan və Müzəffər Silahlı Qüvvələrimizin öz Ali Baş Komnadanının rəhbərliyi ilə Zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsinin nəticələrindən biri Zəngəzur dəhlizindən keçməklə ölkəmizin tarixi parçası Naxçıvanla birləşən yolun açılması haqqında düşmən ölkənin imzaladığı sənəd oldu. Söhbət o Zəngəzurdan gedir ki, Azərbaycan xalqının etogenizinin formalaşmasında rol oynamış, milli dövlətçiliyimizin müəyyən məqamlarında həlledici yerlərdən tutan mahallarımızdan biri kimi xalqımızın tarixində müstəsna yeri var. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağlarına sığınan Zəngəzur ərəblərin istilasına qarşı davam edən bir qərinəlik mübarizənin əsas meydançası kimi də məşhurdur. O da tarixin maraqlı faktlarındandır ki, buralarda ardıcıl 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunun dominantlığını bərqərar edib. Günümüzə qədər Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Zəngəzur mahalının keçdiyi yolların müəyyən məqamlarına İstanbuldakı Topqapı sarayı muzeyinin kitabxanasında Zəngəzur, Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik "Rəvan mühasirəsi tarixçəsi" və "Mühimmə dəftəri" işıq salır. 1914–1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar ancaq Zəngəzur mahalındakı 115 müsəlman kəndinin yer üzündən silinməsi, 4472 qadın və uşağın qətlə yetirilməsi isə qəmli tarixi faktlardandır.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan ediləndən bir gün sonra, noyabr ayının 30-da bolşevik Rusiyasının iradəsi ilə 

Azərbaycan K/b/P MK Siyasi və Təşkilat büroları Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsinin sovet Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Qərbi Azərbaycan ziyalıları ilə görüşündə o faktı xatırladan Prezident İlham Əliyev bu qərarın siyasi perspektivlərini, onun xalqımızın gələcək taleyində oynayacağı rol barədə bunları deyirdi: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirildi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

Buna görədir ki, “Qərbi Azərbaycana Qayıdış” festival-konqresin Zəngəzur Milli Parkında (Batabat yaylağı) və Naxçıvan şəhərində keçirilməsinin doğma yerlərə qayıtmaq istəyən insanlar üçün hansı mənəvi güc verdiyini asanlıqla təsəvvür etmək olar. 

Qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin gündəmə gətirilməsi, soydaşlarımızın bu müqəddəs istəyinə dövlət səviyyəsində dəstəyin verilməsi problemin həllini şərtləndirən amillərdəndir. Əlbəttə, tarixi vətənlərinə dönmək arzusunda olan adamlar o yerlərə tanklarda deyil, adi mülki nəqliyyat vasitələrində dönmək, dağıdılmış ev-eşiklərini yenidən qurmaq və şenləndirməkdə qərarlıdırlar. 2024-cü il  iyun ayını 21-də ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyinin ziyarəti ilə başlayan, Zəngəzur Milli Parkındakı Batabat Yaylağında davam etdirilən “Qərbi Azərbaycana Qayıdış” festivalın-konqresin məzmunlu kompozisiyasındakı hər bir detal bunu deyirdi.

Batabat yaylasına festival-konqresin rəsmi açılış mərasimi müdrik Dədə Qorqudun xeyir-duasında xalqımızın tutduğu yola diləklərin ifadəsi ilə başladı. Tədbirdə  çıxış edənlər - Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmirullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, İğdir Universitetinin rektoru Mehmet Hakkı Alma soydaşlarımızın Vətənə qayıdışında festival-konqresin oynayacağı özünəməxsus rol barədə danışdılar. Çıxışlardan sonra festival-konqresin proqramında xüsusi yer tutan, elm və təhsil nazirliyinin ümumtəhsil məktəblərində 10 mindən artıq yeniyetmə və gəncin iştirakı ilə təşkil edilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasındakı bütün mərhələlərdən keçərək yekun turda layiqli yerlərini tutan qaliblərin mükafatlandırılması ən həyəcanlı məqamlardan idi. Təşkilatçı qurum rəhbərlərinin və tədbirdə tanınmış ziyalılarımızın xeyir-duası ilə həyatlarının ilk və ən qiymətli mükafatlarını qəbul edən o gənclərin davranışlarını, özlərinə inamı bir az da artıran “Qərbi Azərbaycana qayıdış” olimpiadası qalibi adına layiq şəkildə təmkinlərinin şahidi olmaq qürurverici idi. Bu, başqa həyat fəlsəfəsi ilə cəmiyyətin gələcək yükünü çiyinlərinə almaq iqtidarında olan, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə böyüyən, qələbənin yaratdığı hisslərin nə demək olduğunu şəxsi həyatlarında yaşayan nəsil nümayəndələrinin ilk elmi uğurları kimi cəlbedici idi.

Festival-konqres bir də onunla diqqət çəkirdi ki, əsrlərlə Qərbi Azərbaycanda yaşayan, XVIII yüzilliyin sonlarında regionda, xüsusilə həmin bölgədə baş verən ictimai-siyasi hadisələrin yekunu olaraq yeni reallıqlara uyğun formalaşan şəraitdə dil içində dil, din içində din qoruyan soydaşlarımızın özünəməxsusluğu ilə seçilən adət-ənənələrin təqdimatları baş verirdi. Bunlardan 4 gəncin Qərbi Azərbaycanın toy adətlərinin göstəricisi olaraq toy mərasimlərinin festivalın proqramında yer tutması tədbirə xüsusi kalorit verdi. Maraqlı olan bu idi ki, bir-birini sevərək addım atan gənclərin toy mərasimlərində zəruri prosedurlar təşkilatçı qurumların rəhbər şəxslərinin iştirakı ilə baş verirdi. Ona görə idi ki, elçilik, nişantaxma, paltarbiçmə, çörəküstü, xınayaxma, gəlinköçürmə kimi mərasimlər nəinki həmin tarixi anlarda təməli qoyan iki toy səbəbkarlarının, ümumilikdə o anların iştirakçısı və tamaşaçısı olan hər kəsin xatirəsində əbədi qalacağına zərrəcə şübhə etmirik. Mərasimdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin, həmçinin NDU-nun tabeliyində olan Musiqi Kolleci müəllim və tələbələrinin ifasında təqdim edilən Qərbi Azərbaycana aid aşıq musiqiləri, yallılar, kompozisiyalar, musiqi nömrələri, xalq oyunlarının hər biri o el-obanın vizit kartı idi.

Festivalın gedişatında Naxçıvan Dövlət Universiteti Texnologiya Mərkəzinin Qərbi Azərbaycan mətbəxinə məxsus olan kulinariya sərgisinin təşkili o ərazidə yaşayan soydaşlarımızın məişətinin və həyatabaxışının birbaşa ifadəsi idi. Sərgidə nümayiş olunan 60-dan çox yemək, 44 çeşid meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitkilər, 94 növ mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab, meyvə şirələri və digər təamlar soydaşlarımızın həyat tərzi barədə dolğun təsəvvür yaratmaq üçün bəs edirdi.

Festivalın gedişatında təqdim olunan, Qərbi Azərbaycana məxsus 11 mahalın təbiətini, etnoqrafiyasını, yaşam tərzini özündə ehtiva edən sərgilərlə canlı həyatın təcəssümü olan, muxtar respublikanın yerli icra hakimiyyətləri və qurumlarının təşkilatçılığı ilə qurulan çadırlar festival-konqresin maraql detallarından biri kimi yadda qaldı.

Bütövlükdə Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın əsrlərlə yaratdığı maddi-mənəvi sərvətlərin konqresdə araşdırılması, müasir dövrlə əlaqələndirilməsi məsələləri mövzusunda elmi ictimaiyyətin təqdim etdiyi məruzələr, həmçinin son 30 il müddətində nəşr edilən ayrı-ayrı elmi ədəbiyyat nümunələrinin müzakirələri isə onu göstərdi ki, bu istiqamətdə araşdırmaların intensivləşdirilməsinə böyük zərurət qalmaqdadır. Təvazökarlıq çərçivəsinə nə qədər sığacağına tərəddüdlü olsaq da bildirək ki, bu sətirlərin müəllifinin “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” və “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitablarının təqdimatı konqresin yaddaqalan hadisələrindən oldu. Xatırladaq ki, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabı üzərində son beş ildə çalışmalara baxmayaraq bu sahədə araşdırmalara Qərbi Azərbaycan ziyalıları ilə məşhur görüşdə Azərbaycan elminin böyük hamisi Prezident İlham Əliyevin çağırışları impuls verdi. Kitabda mənəvi bağlılığımızı heç zaman itirmədiyimiz o regiondakı türkmənşəli toponimlər, onların yayılma arealları, həmin toponimlərdəki fonetik və morfoloji tərkibləri, dilin arxaik forma və strukturu, ümumiyyətlə, paleotoponimik leksikası tədqiqata cəlb edilib. 

Qeyd etməyi lazım bilirik ki, türk dillərinə aidiyyati şübhə doğurmayan fonetik dəyişmələrə məruz qalan toponimlər araşdırılarkən digər xalqların nümayəndələri onları özününküləşdirməyə cəhd etdiklərindən yanlış nəticələrə gəlib çıxmışlar. Nəticədə, tarixən, daha doğrusu, antik dövrlərdən yol gələn və türk dillərinin fonetik, leksik, semantik, qrammatik quruluşu əsasında formalaşmış və təşəkkül tapmış paleotoponimlər ya fars, ya ərəb, ya yunan, ya da erməni dilinə aid edilmişdir. Bu işdə ən çox fitnəkar siyasəti paleotoponimləri mənəvi soyqırıma məruz qoyan şovinist erməni alimləri olmuşlar. Onu da vurğulamaq lazımdır ki, 

türkmənşəli toponimlərin əksəriyyəti yunan, roma, ərəb, fars, türk mənbələrində yazıya alındığından həmin dillərin transkripsiyasına uyğunlaşdırılması həmin toponimləri tanınmaz dərəcədə dəyişdikliyə məruz qoyubdur. Qeyd edək ki, əsasən erməni (V. L. Quqasyan, Z. Qorqodyan, Ter-Xinasyan), rus (М. И. Артомонов, К.Ф. Ган) və azırbaycanlı (B. Budaqov, Q. Qeybullayev) müəlliflərin tədqiqatları və Rusiya Federasiyası, Türkiyə, Gürcüstandakı arxiv sənədləri əsasında aparılan tədqiqatlar Qərbi Azərbaycandakı toponimlərin mütləq əksəriyyətinin mənşəcə türkdilli olmasını əsaslandırdı.   

Bundan əlavə, NDU-nun Elmi kitabxanasında pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" və filologiya elmləri doktoru, professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" kitablarının təqdimatı oldu. Professor Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" kitabı XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumatlarla zəngindir. Bundan əlavə, İrəvan quberniyasında yaşayan azərbaycanlıların Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında məlumatlarla kitab təhsil tarixçiləri, tədqiqatçıları, həmçinin geniş oxucu kütləsi üçün cəbedicidir.

Professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" adlı əsəri Zəngəzurun tarixi coğrafiyası və Qərbi Zəngəzurun Ermənistana verilməsindən, Zəngəzur toponiminin etimologiyasından bəhs etməsi ilə bərabər, kitabda ilk dəfə olaraq Azərbaycan dilinin Zəngəzur şivələri tədqiq olunur. Paralel olaraq Qərbi Zəngəzurun tarixi coğrafiyası, etnik tərkibi, toponimləri, oronimləri, hidronimləri, tarixi abidələri, həmçinin bu ərazilərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər müvafiq sənədlər əsasında təqdim edilir.

Festival-konqresin davam etdiyi müddətdə “Ulduz” jurnalı kollektivinin və onun baş redaktoru Qulu Ağsəsin əməyi nəticəsində tədbir üçün hazırlanan “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı da iştirakçılar üçün xoş sürprizlərdən sayıla bilər. Xüsusi buraxılışın təqdimatında diqqətçəkən məqamlardan birini xatırlatmaq ona görə vacibdir ki, oradakı materiallar hansı janrda olmasından asılı olmayaraq məzmunca xalqımızın vətən bildikləri torpaqlara nə qədər dərin köklərlə bağlılığını əks etdirir. Maraqlı olan budur ki, jurnalın xüsusi buraxılışındakı materialların müəlliflərindən bəziləri 1948-53-cü illərdə SSRİ mərkəzi hakimiyyət orqanları Ermənistan SSR-nin siyasi rəhbərliyi, həmçinin hökumətinin “əsalandırılmış” müraciəti əsasında həyata keçirilən deportasiyadan əvvəl və sonra və yaxud ötən əsr 80-ci illərinin sonunda dünyaya gəlmələrinə baxmayaraq, barəsində ancaq eşitdikləri Vətənin obrazını yaradanlardır. Onların təqdim etdikləri Vətən şeirlərin birində bu cür təqdim edilir:

Bu vətən deyilən sehrdir, nədir,

Adı çəkiləndə qəlbi göynədir.

Əl tuta bilmirəm gör neçə ildir,

Nə toyu boy verir, nə yası bağlı...

Bu, həmin vətəndir ki, onun uğrunda Mehdi Abbasov, Səxavət Məhərrəmov, Aqil Quliyev, Riyad Əhmədov, Mehman Sayadov, Fərhad Hümbətov, Şahlar Hüseynov, Etibar Hacıyev və onlarla digər qərbiazərbaycanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı döyüşlərdə ayrı-ayrılıqda qəhrəmanlıq nümunələri yaratmış, bu gün də Milli Qəhrəman kimi gəncliyimizə əbədi nümunə olaraq qalmaqdadrlar. Vətən müharibəsinin davam etdiyi 44 günlük müddətdə və ondan sonra son 100 il müddətində erməni separatizminin mağarasına çevrilən Qarabağda aparılan antiterror əməliyyatında da qərbiazərbaycanlı kökənli gənclər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması naminə hər an ölümün üstünə gedə biləcəklərini bir daha təsdiq etdilər. Məhz həmin nəsil- Vətən müharibəsinin qəhrəmanları ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın son iki yüz illik tarixində dastan yazaraq böyük xalqımıza layiq olduğu qələbə hissini yaşatdılar, Qərbi Azərbaycana qayıdış yolunun proloqunu yazdılar. Yeri gəlmişkən, həmin təqdimat mərasimində NDU-nun rektoru günümüz üçün aktual olan bu məsələ ilə bağlı sözləri tək mənim deyil, bütün iştirakçıların diqqətini çəkdi: “Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı alimlər ordusu,  yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik”. 

“Qərbi Azərbaycana Qayıdış” festival-konqresi cəmiyyətimiz və beyəlxalq ictimaiyyət üçün  bir neçə mühüm mesajları ilə yadda qaldı. İlk olaraq cəmiyyətimizə ünvanlanan ismarıclar barədə onu qeyd edə bilərik ki, 2022-ci il dekabr ayının 24-də, soydaşlarımızın tarixi vətənlərinə qayıdışına dövlət dəstəyinin bəyan olunmasından sonra prosesin geriyədönməzliyi cəmiyyətimiz üçün stimula çevrilir. Bu istiqamətdə ancaq dövlətin deyil, ayrı-ayrı sosial qrupların, o cümlədən elm və yaradıcı adamların, ümumilikdə hər bir şəxsin həmin yöndəki fəaliyyət resurslarının konseptual bazası yaradılaraq möhkəmlənir. Beynəlxalq ictimaiyyətə və onun adından danışmaq və qərarlar qəbul etmək səlahiyyıtini üzərinə götürmüş qurumlara, həmçinin regiondakı proseslərin hansı məcrada davam etməsini izləyən dövlətlərə qərbiazərbaycanlı soydaşlarımızın mənəvi-hüquqi haqqı xatırladılır, Azərbaycan dövlətinin onların bu haqqı üçün ilk növbədə hər cür hüquqi dəstək verməkdə qərarlı olduğu nümayiş etdirilir.

         Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəndən, Qarabağdakı erməni separatizminin kökü çıxarılandan sonra soydaşlarımızın tarixi vətənlərinə dönüşü dövlətimiz üçün prioritet məsələyə çevrilib. İyun ayının 21-də Naxçıvan Muxtar Respublikasında işinə başlayan və 3 gün ərzində davam edən festival-konqres ölkəmizin elm və yaradıcı adamlarının bu yöndə səfərbər olunması üçün atılan növbəti addım kimi ibrətamiz oldu. Elmi ictimaiyyətin qarşıdakı hədəfə yetməsi üçün stimul olan oxşar tədbirlərin nəticə verəcəyinə inandığımız kimi soydaşlarımızın böyük qayıdışına da şübhəmiz yoxdur. 

         Tədbirin təşkilatçılarından biri olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin festival-konqresin hazırlanıb həyata keçirilməsində müstəsna xidmətlərini qeyd etməklə bərabər, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də, qardaş Türkiyədən olan universitetlərin tərəfdaş qismində iştirakını vurğulamağı vacib sayırıq. Adları çəkilən qurumlar öz potensialları ilə Qərbi Azərbaycana qayıdış yolunda ilk addımlarını atırlar və inanırıq ki, bu addımlar yurd yerlərinə çatanacan davam edəcək.

Mahirə Hüseynova,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru, professor. 

Siyasət