Beynəlxalq vebinarın iştirakçıları Qərbi azərbaycanlılar, onların qayıdışı prosesi barədə məlumatlandırılıb

post-img

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – Mətbuat Katibi Ülviyyə Zülfiqar Amerika Birləşmiş Ştatlarının Qlobal Siyasət İnstitutunun professoru Paolo Fon Şirak ilə onlayn vebinar – müsahibədə iştirak edib.

İcmadan AZƏRTAC-a verilən məlumata görə, dünyanın bir çox ölkələrindən dinləyicilərin qatıldıqları vebinar zamanı Paolo Fon Şirak Qərbi Azərbaycan, soydaşlarımızın yaşadıqları ağrı–acılar barədə İcma rəsmisinə suallar ünvanlayıb. Ülviyyə Zülfiqar bildirib ki, son 200 ildə azərbaycanlıların yaşadıqları soyqırımları, deportasiyalar soydaşlarımızın həyatına faciəvi şəkildə təsirini göstərib. Təkcə ötən əsrdə Qərbi azərbaycanlılar dörd dəfə ata-baba yurdlarından zorla çıxarılıb. Sözçü Qərbi Azərbaycanda məhv edilən mədəni irsimizə də toxunaraq minlərlə tarixi–mədəni abidəmizin yer üzündən silindiyini vurğulayıb.

Professor Paolo Fon Şirakın Qərbi azərbaycanlıların qayıdışı prosesi ilə bağlı ünvanladığı suala cavab olaraq İcma nümayəndəsi qurumun Qayıdış Konsepsiyasından sitat gətirərək bu prosesin sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə baş tutmalı olduğunu vurğulayıb. O qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata–baba yurdlarına qayıdış hüququ beynəlxalq hüququn bütün norma və prinsiplərinə əsasən təsbit edilib və konsepsiyada vurğulanıb.

Vebinar müzakirələrlə davam edib.

Siyasət