Türkiyə hər iki tərəf üçün bərabər status təmin edilmədən Kiprlə bağlı yeni danışıqlar prosesinin başlanması ehtimalını görmür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı Kiprdə gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə çağırıb. O, xəbərdarlıq edib ki, lazım gələrsə, Türkiyə Şimali Kiprdə dəniz bazaları və dəniz strukturları inşa edəcək: “Şimali Kiprdə siyasi baza olan prezident administrasiyasının və parlamentin binası tikilir, qarşı tərəf isə hərbi baza yaradır”.
Prezident Ərdoğan Yunanıstanın müdafiə naziri Nikos Dendiasın “türklər işğalçıdır” ifadələrini “hədsiz həyasızlıq” adlandırıb. O, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi nazirə qarşı tədbir görməyə çağırıb.
Ərdoğan bəyan edib ki, Ankara ilə Afina arasındakı münasibətləri pozmaq üçün müxtəlif vaxtlarda populizmdən istifadə edilib. Dövlət başçısı Türkiyənin Yunanıstan ilə münasibətləri “mehriban qonşuluq ruhunda” inkişaf etdirməyə çalışdığını vurğulayıb.
P.ƏMİRCANOV
XQ