Sülh naminə Avropa təşəbbüsü və “Zvartnots”a enən Fransa hərbi təyyarəsi
Almaniya Kansleri Olaf Şoltsun Azərbaycan–Ermənistan münasibətləri və sülh gündəmi ilə bağlı açıqlaması maraqlıdır. Marağı şərtləndirən məqamlar yetərincədir. Əlbəttə, təzadlı durumun ayrı-ayrı fraqmentləri də həmçinin. Yazımızda əsasən bu barədə söz açacağıq.
Cənab Şolts deyir ki, 2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər. Fikir ilk baxışdan nikbin səslənsə də, Kanslerin “ola bilər” ifadəsi tərəddüd yaradır. Deməli, sülhdə “ola bilərlik” dilemması varsa, “olmaya bilərlik” də mümkündür. Məsələ ondadır ki, bu günlərdə Bakı – İrəvan sülh sazişinin ən yaxın zamanda imzalanacağına dair təsəvvür formalaşmışdı. İndi isə Şolts ümumi şəkildə 2024-cü ildən danışır. Özü də onun dedikləri əminlik yox, yalnız ümiddir. Nəzərə alaq ki, ilin əvvəli olduğu kimi, sonu da var. Elə ötən il bu vaxtlar da deyilirdi ki, 2023-cü il sülh ili olacaq. Amma olmadı.
Görəsən, Almaniya Kansleri nəyə əsasən özünü optimizmə kökləyir? Suala cavab tapmaq mümkünsüz olsa da, alman liderin fikirlərinə diqqət yetirək. O deyib ki, Britaniyada keçirilmiş Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində bir çox başqa müzakirələr aparılıb. Cənab Şolts Ermənistanın baş naziri Nikol Paşinyanla və Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətin özü üçün önəmli olduğunu bildirib. Ardınca isə 2024-cü ilin Cənubi Qafqaz regionu baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. Ən əsası isə Şolts bildirib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərlərsə, 2024-cü il sülh ili ola bilər.
Ermənistanın baş naziri Londonda Azərbaycan Prezidenti ilə görüşdən imtina etdi. Bu durum istər-istəməz düşündürür. Hər halda, Şolts məsələdən xəbərsiz olmaya bilməz. Kanslerin xəbərdar olduğu bir durum da var ki, onu sonda diqqətə çatdıracağıq. Amma hələlik onu deyək ki, Paşinyanın dövlətimizin başçısı ilə təmasdan boyun qaçırması son günlərin pozitiv sülh ovqatını şübhə altına alır. Nikol ölkəsinin barış niyyətindən uzaqlığını göstərir. Eyni zamanda, bu imtina onu da göstərir ki, Ermənistanla Azərbaycan arasında həllini tapmamış məsələlər var.
Yeri gəlmişkən, Bakı – İrəvan sülh gündəmi üzrə problemlərin mövcudluğunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bir neçə gün əvvəl keçirdiyi brifinqdə də vurğulamışdı. Cənab Miller həmin problemlərin nədən ibarət olduğunu açıqlamasa da, tərəfləri kompromislərin və çətin qərarların gözlədiyini dilə gətirmişdi. Deməli, Birləşmiş Ştatlar da durumun dramatikliyi üzərinə fokuslanır. Baxmayaraq ki, Miller də Şolts kimi ümumən pozitiv ab-havaya köklənməyi unutmur. Ancaq departament sözçüsünün unutmadığı bir məqam da var. O, ölkəsinin vasitəçilik səylərini davam etdirəcəyindən, mövcud istiqamətdə inad göstərəcəyindən söz açmışdı.
İndi Almaniya Kanslerinin fikirləri də vasitəçilikdə inad notlarını işə salmaqdır. Ancaq, o, bilavasitə Avropanın rolunu qabardır. Belədə Paşinyanın Prezident İlham Əliyevlə görüşdən imtinası xüsusunda bəzi ekspertlər tərəfindən irəli sürülmüş bir fikri də diqqətə çatdırmaq istərdik. Onlar bildirirlər ki, Londonda görüş təşəbbüsü Britaniyanın idi və buna görə də Ermənistanın baş naziri təmasdan boyun qaçırdı. Nəzərə alsaq ki, Britaniya özünü “köhnə qitə”dən ayrı tutur, sözügedən mülahizəyə, müəyyən qədər, haqq qazandırmaq mümkündür. Amma hər halda Nikolun imtinası bununla bağlı səsləndirdiyimiz fikirləri arxa plana keçirmir və bir daha onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla sülhdən yayınır. Həm də ona görə yayınır ki, sülhün vasitəçilik formuluna siyasi sərmayə yatırmaq yolunu tutur. Vasitəçiliyin geosiyasi rəqabət kontekstindəki özünə faydalı tərəfləri görmək və tapmaq barədə düşünür. Əlbəttə, belə yanaşma səmimiyyətdən tam uzaqdır.
Bəli, Kansler Şolts da Avropa vasitəçiliyi məntiqini qabartmaqla, AzərbaycanErmənistan sülh sazişi zəminində geosiyasi rəqabətin sistemli xarakter aldığını göstərməkdədir. O deyir ki, Avropa hər iki ölkəni qarşılıqlı şəkildə sülhə gəlmələri yolunda müşayiət edəcək. Ən əsası isə Şolts bu müşayiətin uzun müddət davam edəcəyini vurğulayır. Elə bu deyimdən də alman siyasətçinin 2024-cü ili sülh ili kimi qələmə verməsindəki “ola bilər” məntiqi yerinə düşür və istər-istəməz şübhələr bir qədər də artır. Hərçənd, Şoltsun “uzunmüddətli müşayiət” ifadəsində Avropanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasından sonrakı duruma nəzarət trayektoriyası da nəzərə çarpır. Yəni, alman Kansler hesab edə bilər ki, tərəflərin barış mühitində gedəcək yolları var. Elə bir yol ki, Şoltsun dili ilə desək, “bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”. Necə deyərlər, avazın yaxşı gəlir...
İndi gələk, haqqında sonda söz açacağımızı bildirdiyimiz məsələyə. Yəni, Almaniya Kanslerinin Avropa vasitəçiliyi xəttinə köklənərkən, nədən mütləq xəbərdar olmalı olduğunu diqqətə çatdırmağa. Diqqətə çatdıraq və deyək ki, Avropa dedikdə həm də Fransa nəzərdə tutulur. O Fransa ki, nəinki “köhnə qitə”nin, bütövlükdə, kollektiv Qərbin Cənubi Qafqazda sülhlə bağlı bütün təşəbbüslərinə, bir növ, veto qoymaqla məşğuldur. Bu mənada ölkə prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı dilə gətirdikləri həyasızlığın anatomiyasıdır.
Haşiyə çıxaq ki, bir zamanlar Avropa Siyasi Birliyinə Azərbaycan və Ermənistan nizamlamasının müsbət platforması kimi baxılırdı. Makron artıq ikinci dəfədir ki, bu platformanı heçə endirir. Birinci dəfə destruktivliyini ötən il göstərmişdi. Yada salaq ki, o vaxt Avropa Siyasi Birliyinin Zirvə toplantısı Qranadada gerçəkləşirdi. Fransa lideri aşkar ermənipərəst mövqe tutduğundan, Prezident İlham Əliyev İspaniyaya getməkdən imtina etmişdi.
Onu da bildirək ki, Ermənistan hakimiyyəti, Fransa və bütövlükdə, dünya ermənipərəstləri Qranada gündəliyini ictimai rəyə sırımağa cəhd göstərmişdilər. Onlar sözügedən qərəzli sənədi, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə “yol xəritəsi” kimi təqdim etmişdilər. Təbii ki, təqdimat heç bir önəm daşımamış, Qranada gündəliyi mənasız kağız parçasına çevrilmişdi.
Bəli, Makronun bir neçə gün öncəki sərsəm və hiddətli açıqlamasından sonra Paşinyanın nə üçün Londonda ölkəmizin lideri ilə görüşdən imtina etdiyi aydınlaşır. Çünki Nikol bütün hərəkətlərini “böyük bacısı” Makronla razılaşdırır, müstəqil addım atmır. Belə bir durumda sual yaranır: Şolts Avropanın Cənubi Qafqazda sülh gündəmi üçün cəhdlərini necə faydalı saya bilər Axı qitə, bir növ, Fransanın diktəsi ilə oturub-durur.
Əslində, suallar çoxdur. Məsələn, Makron “Azərbaycan 2020-ci ildə dəhşətli müharibəyə başladı” deməklə, ölkəmizin işğalçı obrazını formalaşdırır. Almaniya bunun qarşılığında hansı addımı atır Yəni Şolts gərək qətiyyətli davransın. Əslində, Fransa prezidentinə “Azərbaycan öz suveren ərazilərini geri qaytarıb” replikasını səsləndirən Almaniya və Avropanın digər ölkələri olmalıdırlar, hansısa sıravi şəxs yox. Əsl səmimiyyət budur. Ancaq biz Avropanın aparıcı ölkələrinin timsalında bu səmimiyyəti görürükmü Təəssüf ki, yox. Əvəzində, Fransanın nəinki Avropanın, ümumən dünyanın sivil dəyərlərinə, beynəlxalq hüquqa həqarətli yanaşmasının şahidiyik. Bir Avropa lideri, o cümlədən, Şolts bildirirmi ki, Makron, yumşaq desək, ədalətsizdir, qərəzlidir? Yox!
Makron Fransanın Ermənistana silah verməsinə bəraət qazandırırsa və bu addımı ölkəsinin müttəfiqlərinin və tərəfdaşlarının özlərini müdafiə etməsinə dəstəyi baxımından əsaslandırırsa, Şoltsun duruma müdaxiləsi mütləqdir. Təkcə ona görə yox ki, Makron Şoltsun haqqında söz açdığı Avropa təşəbbüsünü heçə endirir, həm də dünyanın maraqlı olduğu Cənubi Qafqazda qorxunc geosiyasi savaşın fitilini çəkmək istəyir.
Bəli, Şolts başda olmaqla, Almaniya dövləti bilməlidir ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi dünən Zvartnots hava limanına eniş edib. Belə olan halda cənab Kansler 2024-cü ildən necə sülh gözlədiyini əsaslandırmalıdır. Durum nəinki Almaniyanı və Avropanı, bütövlükdə, kollektiv Qərbi, elə Birləşmiş Ştatların özünü də ciddi şəkildə düşündürməlidir. Düşündürürmü və ya düşündürəcəkmi, bunu zaman göstərəcək. Hələlik görünən Zvartnotsa hərbi təyyarənin enməsidir. Belə qənaətə gəlirik ki, Fransa anti-sülh ritorikasını əməli iş müstəvisinə gətirməkdə israrlıdır. Məhz buna görə də Şoltsun Makrondan xəbəri olmalıdır. Xəbəri varmı?..
Ə. CAHANGİROĞLU
XQ