“Böyük güclər”in gizli mübarizəsində özəl maraqlar
Yaranmış vəziyyətin paradoksallığı ondadır ki, istər Avropa İttifaqı (Aİ) –ABŞ tandeminin, istərsə də ona opponentlik edən Rusiyanın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, sülhün əldə olunması prosesinə yanaşmada tərəf olmaları heç kəsdə şübhə doğurmur. Məhz bu durum sözügedən dövlət və təsisatların Bakı ilə İrəvan arasındakı dialoqa tərəfsiz və ədalətli mövqe sərgilədiklərinə ciddi şübhələr yaradır.
Qafqazın ən uzunömürlü münaqişəsinin, nəhayət, sülhlə yekunlaşması üçün kənar aktorların göstərdikləri bütün səy və cəhdlərin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, onların əsl məqsədləri tərəflərin tezliklə sülh sazişini imzalaması deyil, həmin mərasimdən sonra bölgədə baş verəcək geosiyasi, iqtisadi-loqistik fəaliyyətin hansı məcrada gedəcəyinə təsir göstərməkdir. Axı, sülh təkcə Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin nizamlanmasının deyil, həm də regionda bütün kommunikasiyaların açılmasının, transmilli layihələrə start verilməsinin açarıdır.
Bəli, “böyük güclər”in Cənubi Qafqazda maraqlarının toqquşması Bakı və İrəvanın imzalayacağı sülhlə birbaşa bağlıdır. Kənar vasitəçilərin bugünədək sərgilədiyi mövqe və yanaşmaları bunu deməyə tam əsas verir. ABŞ və Avropa İttifaqının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bugünədək sərgilədikləri davranışlar Vaşinqton və Brüsselin əsl niyyətlərinin heç də sülh prosesinə töhfə vermək olmadığını söyləməyə əsas verir. Bu kənar aktorların başlıca məqsədləri ən müxtəlif bəhanələrlə Cənubi Qafqaza müdaxilə üçün mexanizmlər formalaşdırmaqdır. Onlar buna nail olmaq üçün əllərinə düşən istənilən fürsətdən yararlanmaq yolunu tutublar. Ağ ev belə fürsəti NATO-nun 75 illiyi ilə bağlı düzənlədiyi sammitdə əldən vermədi.
Millerin şablon açıqlaması
Xəbər verdiyimiz kimi, iyulun 10-da Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi vurğulayaraq, bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Hər iki tərəf görüşə ev sahibliyi etdiyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.
Görüş başa çatar-çatmaz Vaşinqtondan nikbin notlara köklənmiş açıqlamalar verilməyə başlandı. “ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda NATO Sammiti çərçivəsində keçirilən görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla İrəvan və Bakı arasında davamlı və layiqli sülh müqaviləsi istiqamətində əldə olunan irəliləyişi müzakirə edib”. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib.
Departament rəsmisi onu da qeyd edib ki, görüşdə regional əlaqələrin inkişafında sülhün vacibliyi vurğulanıb: “Dövlət katibi sazişi mümkün qədər tez imzalamaq üçün tərəfləri əlavə addımlar atmağa çağırıb. O, həmçinin bütün Cənubi Qafqaz regionuna fayda verəcək regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğulayıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan sülh istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər: “Tərəflər Ermənistan və Azərbaycanın tarixi sülh müqaviləsinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib, həmçinin işi davam etdirmək barədə razılığa gəliblər. Hər iki tərəf görüşün keçirilməsinə görə Dövlət katibinə təşəkkür edib”. Vaşinqton görüşünə Birləşmiş Millətlər Təşkilatının (BMT) reaksiyası da özünü çox gözlətmədi. BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik münasibətlərin normallaşması prosesinin səmərəli olacağına və bütün regiona müsbət təsir edəcəyinə ümid etdiyini bildirib: “Biz, həqiqətən, ümid edirik ki, münasibətlərin normallaşması prosesi öz bəhrəsini verəcək. İnanıram ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə bu ölkələrə deyil, bütövlükdə regiona son dərəcə müsbət təsir göstərəcək”.
Səmərəli danışıqlar?
“Mən bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iki ölkə arasında tezliklə sülh sazişinin imzalanmasına ABŞ-nin güclü dəstəyini ifadə etmək üçün səmərəli söhbət etdim”. Bunu ABŞ Dövlət katibi Entoni Blinken özünün “X” mikrobloqunda yazıb.
Qeyd edək ki, iyulun 10-da Vaşinqtonda ABŞ Dövlət katibinin iştirakı ilə Ermənistan, Azərbaycan xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüşdən sonra Blinken İrəvan və Bakının yekun sülh sazişinin bağlanmasına çox yaxın olduğunu bildirib. Amma ortada diqqəti cəlb edən bir məqam var. Əgər bu görüş, A.Blinkenin dediyi kimi, doğrudan da, səmərəli alınıbsa, bəs nəyə görə növbəti görüşün nə vaxt və harada keçiriləcəyi barədə bir kəlmə deyilmədi?
“Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsi var”. Bu barədə hayların xarici işlər naziri Ararat Mirzoyan özünün “X” mikrobloqunda yazıb. “Mən bu gün Vaşinqtonda üçtərəfli görüş keçirdiyinə görə ABŞ Dövlət katibi Blinkenə təşəkkürümü bildirdim. Qeyd edildiyi kimi, Ermənistanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına yönəlmiş sülh müqaviləsi üzrə işi tamamlamaq və onu tezliklə imzalamaq üçün siyasi iradəsi var”, – Mirzoyan qeyd edib.
İlk baxışda Vaşinqton görüşündən hamı məmnun qalıb. Sanki, təkcə iki tərəfin deyil, bütün bölgənin çoxdan gözlədiyi sülhə əlimizi uzatsaq çatar. Amma 10 iyul görüşündə, nədənsə, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda yer alan ərazi iddialarının sülhə başlıca əngəl olduğu dilə gətirilmədi. Bunun Bakı üçün “qırmızı xətt” olmasına, dəyişiklik baş verməyincə sülhün mümkünsüzlüyü mövzusuna toxunulmadı.
Dalan
Rəsmi İrəvan Azərbaycanın sülh danışıqlarında konstitusiyasında dəyişikliklə bağlı tələbini qəbul etməyəcəyini rəsmi şəkildə bildirib. Baş nazir Nikol Paşinyan konstitusiyaya dəyişikliyin 2026-cı ilin dekabrına qədər tamamlanması barədə tapşırıq verib. Yəni, onun sözündən belə çıxır ki, o vaxtadək Ermənistan bu tələbi yerinə yetirmək niyyətində deyil. Bakı isə bu şərtin yerinə yetirilməsini, ərazi iddialarının aradan qaldırılmasını istəyir. Belə məlum olur ki, sülh sazişi ilə bağlı hər hansı sənədin – niyyət protokolu, çərçivə sazişinin imzalanması iki ildən sonra mümkün olacaq. Bakı bu tələbi yerinə yetirilməyincə hər hansı sənədin imzalanmayacağını açıq mətnlə bildirib. Elə danışıqları dalana dirəyən də Ermənistan hakimiyyətinin bu məsələdə yersiz tərslik göstərməsidir. Həmin kollektiv Qərb Ermənistan qanunvericiliyində Azərbaycana qarşı yer alan ərazi iddialarını başqa formada “malalamaq” taktikasını işə salıb. Yəni, imzalanacaq sənədə “Ermənistan konstitusiyasında və normativ hüquqi aktlarında ərazi iddialarının sıradan çıxarılması təmin edilsin” kimi bir müddəa əlavə edilə bilər. Guya, bu halda tərəflər sülh sazişinin çərçivə sənədini imzalaya bilərlər. İntəhası, bu variantın reallaşması da ciddi sual işarəsi altındadır. İrəvanın danışıqlarda Bakının haqlı tələbinin qarşısını almaq, “balans yaratmaq” üçün əl atdığı sonuncu üsul eyni tələblə Azərbaycana qarşı çıxması oldu. Onun Azərbaycan Konstitusiyasında və normativ hüquqi aktlarındakı bəzi məqamlarla bağlı iddiaları, sözsüz ki, əsassız və absurd yanaşmadır. Hüquqi baxımdan yeganə düzgün yol Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsidir. Bunu Prezident İlham Əliyev Suşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində dilə gətirib. Dövlət başçımızın bu mövqeyi vəziyyətdən alternativ çıxış yollarının olmadığına dəlalət edir.
Ananyanın cavabını hay verdi
Xarici işlər nazirlərinin Vaşinqton görüşü erməni siyasi ekspertləri, blogerlər tərəfindən müzakirə və mübahisə mövzusuna çevrilib. Misal üçün, bloger Robert Ananyan nazirlərin görüşünü şərh edərkən vurğunu Vaşinqtonun “Azərbaycanın destruktiv davranışını dayandıra və onu Ermənistanla sülh sazişi imzalamağa məcbur edə biləcəyinə ümidləri” üzərinə yönəldir. O, iddia edir ki, İrəvan bir ay ərzində sülh sazişini imzalamağa hazır olduğunu bildirsə də, Azərbaycan bunu mümkünsüz etmək üçün süni tələblər uydurur. Guya, Bakı İrəvandan konstitusiyanı dəyişdirməsini tələb etməməlidir. Çünki sazişin mətnində razılaşdırılmış bənd var ki, tərəflər öhdəlikləri yerinə yetirməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər. “Görünən odur ki, Azərbaycan müqavilənin imzalanmasına mane olmaqla Rusiyanın maraqlarına xidmət edir. Əgər sülh olarsa Rusiyanın Cənubi Qafqazda təsiri azalacaq, ondan yan keçən, Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək marşrut yaradılacaq. Moskva bundan təcrid olmamaq üçün Bakı vasitəsilə sazişin imzalanmasını ləngidir”, – yazan bloger, ən azı, son otuz ildə Rusiyanın Qafqazda kimə “daydayılıq” etdiyini deməyi “unudur”. Onun siyasi məntiqə və reallığa söykənməyən mülahizəsinə görə, sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla sərhədi açacaq ki, bu da Rusiyanın maraqlarına ziddir: “Çünki Ermənistan sonradan Rusiya sərhədçilərinin Ermənistan–Türkiyə sərhədindən çıxarılmasını tələb edəcək. Rusiyanın münaqişənin sona çatmasına imkan verməməsinin digər səbəbi də budur”.
Ananyanın paylaşımına verilən şərhlərdən biri diqqətimizi cəlb etdiyinə görə onu olduğu kimi, oxucuların diqqətinə çatdırırıq: “Problem ondadır ki, Azərbaycan özünü müstəqil partiya kimi aparır. Ermənistan isə real dəstəyi olmadan bu cür davrana bilməz. Türkiyə, ən azı, Azərbaycanı dəstəkləyir. Bəs Ermənistanın müttəfiqi kimdir?”.
Bu məqamda, ingilislər demiş, “no comment”. Yəni, bizim əvəzimizə Ananyanın cavabını verən həmin erməni sosial şəbəkə istifadəçisi problemin Azərbaycanda deyil, hamı tərəfindən aldadılmış və meydanda tək qalmış, özünü dalana dirəmiş Ermənistanın özündə axtarmaqda tam haqlıdır.
Göründüyü kimi, bir tərəfdən sülh dialoquna dəstəyini bəyan edən, digər tərəfdən isə bölgədə yeni müharibənin körüklənməsi üçün Ermənistanı birbaşa və ya Hindistan kimi ölkələr vasitəsilə silahlandıran dövlətlərin sülhlə bağlı özəl yanaşmaları var. Hazırda onların “sülh davası”nın mahiyyətində işğala, hərbi cinayətlərə, Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq ziyana görə cavab verməli olan Ermənistanın mükafatlandırılması dayanır. Sözsüz ki, Bakı buna heç bir halda yol verməyəcək.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– İstər Qərb dövlətləri, istərsə də Rusiya həmişə ermənipərəst siyasət aparıblar. Ermənilər otuz ildən çox torpaqlarımızı işğal altında saxlayanda məhz onlara arxayın idilər. Sülhə vasitəçi dövlətlər olaraq deyirdilər ki, danışın, müəyyən razılığa gəlin. Narahatlıqlarını heç bildirmirdilər. İndi isə Ermənistanı qorumaq, mütləq sülhə nail olmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Amma onların bu fəallığı, xüsusilə də Amerikanın, heç bir nəticə vermir. Bizə görüşməyi təklif edirlər, bəs sonra? Sonra heç nə! Nə ABŞ-nin vasitəçiliyi qəbul olunur, nə də onun diktəsilə hansısa sənəd imzalanıb.
Antoni Blinken Vaşinqtonda ermənilərə nümayiş etdirir ki, guya, onlar üçün çalışır. Əlbəttə, hazırda seçkiqabağı mərhələdə Ağ ev üçün ermənilərin səsi vacibdir. Amma onlar prosesə ciddi təsir göstərmək iqtidarında deyillər. Sadəcə, Dövlət katibinin təklifi ilə Vaşinqtonda bir görüş keçirildi və bunun sülh prosesinə hər hansı müsbət təsiri yoxdur.
Azərbaycan sülh dialoqunda heç bir vasitəçiyə lüzum görmədiyini dəfələrlə bəyan edib. Danışıqlar öz məcrasında davam edir və Bakı tələm-tələsik hansısa sənədin imzalanmasına zərurət görmür. Bəli, bizim Ermənistana qarşı müəyyən tələblərimiz var. İrəvan “papağ”ını qabağına qoyub düşünsün. Azərbaycan danışıqlarda tutduğu siyasətini bundan sonra da davam etdirəcək. Bölgədə, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdıraraq mövqeyimizi möhkəmləndiririk. ABŞ-dən, Qərb dövlətlərindən savayı da güc sahibləri mövcuddur.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri
– Etiraf etmək lazımdır ki, Avropa İttifaqı ilə ABŞ-nin sülh vasitəçiliyi müəyyən mərhələdə müsbət nəticələr vermişdi. Amma hazırda onlar sülhə gəlməyi tələsdirirlər. Azərbaycan beynəlxalq hüquqa, mövcud norma və qaydalara uyğun öz hədəflərinə nail olmadan sülh sazişini imzalamayacaq. Buraya ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması kimi prinsip daxildir. Sülh prosesinin sonunda hansısa sənədin imzalanması formal xarakter daşımamalıdır. Real və konkret addımlar atılmalıdır. O cümlədən, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Təəssüflər olsun ki, bu məsələ İrəvan tərəfindən müəyyən çətinliklərlə müşayiət olunur. Buna baxmayaraq, yenə görürük ki, ABŞ və Avropa İttifaqı məsələnin tezliklə həll olunmasına çalışırlar. Doğrudur, onlar da Ermənistan konstitusiyasında problemin olduğunu etiraf edirlər. Fəqət bu problemin dolayı yollarla həllinə cəhd göstərirlər.
Aydın məsələdir ki, Qərb platformasında bu cür görüşlər Rusiyada qısqanclıq hissləri yaradır. Ümumiyyətlə, sülh prosesi, regiondakı real vəziyyət Rusiyaya qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Ona görə ki, əks-təqdirdə Moskva buna qarşı çıxır. Bu yöndə hər hansı addımı atmaqdan ötrü Rusiyanın əlində yetərli sayda vasitələr var. Təcrübə onu göstərir və Bakı da bu variantın üzərində dayanıb ki, sülh danışıqları vasitəçisiz davam etdirilməlidir. Amma xarici işlər nazirlərinin Vaşinqton görüşünü bir fürsət kimi də dəyərləndirmək olar.
Bir daha deyirəm, sülh sazişi formal xarakter daşımamalı, proses konkret addımlarla davam etdirilməlidir.
İmran BƏDİRXANLI
XQ