Paşinyanın “tarix və dövlətçilik” mühazirəsi

post-img

Xəstə düşüncəli erməni cəmiyyəti bu gerçəyi dərk edə bilmir

Ermənistan baş naziri Nikol Paşinyan artıq neçənci dəfədir eyni mövzu ilə bağlı diskussiya açır. Söhbət hökumət rəhbəri­nin ölkənin tarixi, dövlətçilik strukturu və sair məsələlərlə bağlı səsləndirdiklərindən ge­dir. Nikol indi konkret nələri dilə gətirib? Söhbətimiz bu barədədir. 

Ancaq əvvəlcə onu bildirək ki, Paşinyanın dedikləri həmişə oldu­ğu kimi, yenə erməni cəmiyyətində kəskin reaksiya doğurub. Hay baş­bilənlər adətləri üzrə onu “satqın” adlandırırlar. Halbuki baş nazirin həqiqətləri gündəmə gətirdiyi aşkar­dır. O həqiqətlər ki, onlar xəstə ermə­ni cəmiyyəti tərəfindən dərk edilmir. Niyə dərk edilmir, yazımızın son bölümündə bu məqama da aydınlıq gətirəcəyik. 

Bəli, N.Paşinyan bildirir ki, “Ermənistan tarixi” dövlətin yoxlu­ğu epizodları ilə dövlətin mövcud­luğunun inkişaf tarixidir, “Erməni tarixi” isə dövlətin mövcudluq epi­zodları ilə onun yoxluğunun tarixi­dir. O, hökumətin dünənki iclasında çıxış edərkən, məhz bu iki anlayışı təqdim edib. Nikolun həmin anla­yışlar haqqında söz açmaqda baş­lıca məqsədi var. Baş nazir dövlə­tin uzunömürlülük strategiyasının vacibliyini əsaslandırmağa girişir. Yəni, dolayısı ilə “Erməni tarixi” deyil, “Ermənistan tarixi” anlayışı­nın dövlətçilik baxımından əhəmiy­yəti üzərində dayanır. 

Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Paşinyan, əslində, üç məqamı vurğulayır. Bi­rincisi, keçmiş SSRİ-nin süqutun­dan sonra formalaşmış Ermənistan müstəqil dövlət kimi mövcud ol­mayıb. İkincisi, tarix boyu ermə­ni dövləti adı ilə sırınanlar mifdir. Üçüncüsü və ən əsası bundan sonra Ermənistan dövlətini qurmaq və in­kişaf etdirmək lazımdır ki, Nikol mövcud məsələdə erməni cəmiy­yətinin onu dəstəklədiyini diqqətə çatdırır. Ancaq maraqlıdır: əgər Paşinyanın mövqeyi dəstəklənirsə, niyə tərəfdarları deyil, əleyhidarları, onun söylədiklərini, ən yaxşı halda məsxərə predmetinə çevirənlər or­taya düşüblər? Nə üçün birincilərin səsi ikincilərdən zəif eşidilir? 

Paşinyan bildirir ki, özünün rəh­bərlik etdiyi komanda dövlətçiliyi, müstəqilliyi və suverenliyi strategi­yanın və siyasətin əsası sayır. “Çünki dövlət tamam başqa düşüncə tərzidir, tamam başqa mədəniyyətdir, tam başqa nöqteyi-nəzərdir. Bu təfəkkür isə heç də həmişə mövcud olmayıb və bunu etiraf etməliyik”, – deyən Nikol fikirlərində haqlıdır. Nəzərə alaq ki, daim şovinist baxışlarla “si­lahlanmış” erməni cəmiyyəti gerçəyi deyil, ayrı-ayrı əsatirləri özünün hə­yat və yaşam kredosu elan edib. Bu, reallıq hissinin itirlməsini doğuran pataloji xəstəliyə çevrilib. 

İşğalıçılıq niyyəti, qonşulara qarşı ərazi iddiası erməni pataloji xəstəliyinin bariz göstəriciləridir. Müasir Ermənistan dövləti adlı qu­ruluş şovinizmə söykənmiş işğalçı­lıq motivləri ilə ayaqda qalıb. Bu motiv saxta olduğundan, nə zaman­sa quruluşun məhvini doğurmalı idi. Hazırda erməni cəmiyyətində yaşananlar isə məhv perspektivi­nin simptomlarıdır. Görünür, belə qorxunc aqibəti ən yaxşı görən N.Paşinyandır. Bu səbəbdən köhnə stereotiplərdən uzaqlaşmanın vacib­liyini vurğulayır. 

Əvvəldə sonda vurğulayacağı­mızı bildirdiyimiz məqama keçid alaq. Paşinyan indi söylədiklərini lap başlanğıcda dilə gətirsə, fayda görər­di. Yəni hakimiyyətə gələndə bu barədə söz açmalı, cəmiyyəti inan­dırmalı idi. Ancaq, o, nə etdi? Özü­nü xəstə təfəkkürlülərdən daha xəstə imiş kimi göstərdi. Bu adam müa­sir Ermənistan dövlətinin Qarabağ avantürası üzərində qurulduğunun fərqinə varmadı. Onu da düşünmə­di ki, dövləti qorumaq üçün həmin avantüranı sıradan çıxarmaq tələb olunur. Düşünmədi və “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi. 

Bəli, Paşinyan hakimiyyət kür­süsündə tipik erməni xislətinin diktə etdiyi tərzdə davrandı və hesab etdi ki, inqilabçı-demokrat obrazı Qara­bağ avantürasının reallaşma təminatı­dır. Nəticədə 44 günlük müharibə baş verdi və Ermənistan acınacaqlı məğ­lubiyyətlə üzləşdi, Qarabağın düzləri, dağları, təpələri erməni gəncləri üçün məzar yerinə çevrildi. Və indi həmin Paşinyan filosofluğa baş vurur. Sual olunur: filosofluq üçün mütləq “dəmir yumruq”mu dadılmalı idi? 

N.Paşinyan məhz “dəmir yum­ruğ”u daddığı üçün dedikləri eşi­dilmir, məsxərə predmetinə çevrilir. Məsələn, dövlət millətinə çevril­məkdən danışır, ona qarşı çıxanlar bildirirlər ki, Nikolun həyata keçir­mək istədikləri Azərbaycanın Ermə­nistan qarşısında qoyduğu şərtlərdir. Mövcud durumda Nikol, həqiqətən, ciddi çətinlik içərisindədir. Necə deyərlər, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Axı Paşinyanın ko­mandasında təmsil olunan şəxslərin “yeni ərazilər üçün yeni müharibə” şüarını eşitmiş xəstə təfəkkürlü er­məni cəmiyyəti baş nazirin “dövlət ictimai həyatın mərkəzində dayan­malıdır” fikrini necə anlasın? Yaxud Nikol dövlətlə qeyri-dövlət arasın­dakı hansısa çatlardan söz açır. Axı, vaxtilə səsləndirdiyi populist fikir­lərin nəticəsi idi ki, həmin çatlar dərinləşdi. Ən əsası isə Paşinyan və tərəfdarları indi də fikirlərində sə­mimi deyillər. Onlar fəaliyyətlərin­də erməni avantürizminin ayrı-ayrı elementlərini saxlayırlar. Belə bir vəziyyətdə revanşist və şovinistlər necə düşünsünlər ki, baş nazirin dilə gətirdikləri faydalıdır? Axı onlar iq­tidarın qeyri-səmimiliyə əsaslanmış yarıtmaz kursunu görüblər. Bu kurs lazımi nəticəni verməyəndə, am­bisioz ideyalarən gerçəkləşməsinə köklənməyəndə danışmayıb, nə et­sinlər?..

Ə.CAHANGİROĞLU
XQ

Siyasət