Prezident İlham Əliyevin Astana səfəri – çoxtərəfli əməkdaşlığa yeni töhfə

post-img

Müasir dövrün çağırışlarına adekvat cavab verilməsi xarici və daxili siyasətdə prioritetlərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Yaxın və uzaq ölkələrlə münasibətlərində sülhpərvər və tərəfdaşlıq əlaqələrinə önəm verən Azərbaycan da istər regional, istərsə də qlobal inkişafa təsir göstərən siyasət yürütməsilə seçilir. Belə siyasətin nəticəsidir ki, rəsmi Bakı müxtəlif ölkələrlə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri formalaşdırmağı bacarıb. İkinci Qarabağ müharibəsində qalib gəlməklə Avrasiyanın strateji əhəmiyyətli bölgələrində yeni reallığın yaranmasına nail olan Bakı qlobal güc mərkəzləri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələdə davam etdirir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) səfəri çərçivəsindəki görüşləri məhz belə deməyə əsas verir.

Azərbaycan qalib dövlət kimi qlobal səviyyədə hərtərəfli sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində səylərini artırır. Geosiyasi vəziyyət bu məqsədə çatmaq üçün nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətini gücləndirir. Digər tərəfdən, dünya ictimaiyyəti Azərbaycanın və onun rəhbərinin artan nüfuzunu tanıyaraq, Bakı ilə əlaqələrin hərtərəfli inkişafına böyük önəm verir. Bu baxımdan, Azərbaycanın beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizin üzv olmadığı qurumların zirvə toplantılarına, konfranslarına, iclaslarına da dəvət alması qeyd etdiyimizin sübutudur.  Bu, dövlətimizin və onun rəhbərinin beynəlxalq aləmdə yüksək nüfuzunun bariz təsdiqi, dünyada qətiyyətli və uzaqgörən lider kimi tanınan Prezident İlham Əliyevə şəxsən böyük ehtiramın ifadəsidir. Azərbaycan Prezidenti Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitinə dəvəti bu reallığı bir daha təsdiqləyir.

ŞƏT qlobal gündəmdəki aktual məsələlərin geniş spektrinin müzakirəsi və qlobal təhdidlərə, çağırışlara və risklərə effektiv cavablar tapmaq üçün mühüm platformadır. ŞƏT+ formatında keçirilən və 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Astana sammiti iştirakçıların sayına görə diqqət çəkir. Azərbaycan lideri sammitdə ikinci dəfədir iştirak edir. Ölkəmiz ilk dəfə olaraq 2022-ci il sentyabrın 16-da Səmərqənddə keçirilən ŞƏT-ə üzv dövlət başçılarının görüşündə təmsil olunmuşdu. Sammitin iclasındakı çıxışında Prezident İlham Əliyev bu məqama toxunaraq bildirdi ki, Bakı bu dəvəti Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirir. Sammit çərçivəsində Azərbaycan Prezidenti Çin, Türkiyə, Pakistan, Qazaxıstan və Rusiya liderləri ilə danışıqlar apardı. 
Prezidentin Astana səfəri həm onunla yadda qaldı ki, sammitöncəsi Azərbaycan ilə Çin arasında tarixi sənəd imzalandı. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin münasibətlərində yeni səhifə açır. Sənədin müddəaları ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi kursunu göstərməklə yanaşı, qlobal gündəlikdəki məsələlərdə tərəflərin mövqelərinin yaxınlığını nümayiş etdirir. Burada, ilk növbədə, Bakı və Pekinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri, terrorizm və separatizmlə mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyi, regional və beynəlxalq işlərin təşviqi ilə bağlı ümumi fikirləri qeyd etmək lazımdır. Bəyannamənin ən mühüm müddəalarından biri də budur ki, Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəmini qətiyyətlə dəstəkləyir və qarşıdurmanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları əks-məhsuldar hesab edir. Ən əsası, Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Astanada aparılan danışıqlar əməkdaşlığın inkişafı üçün yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir və Birgə Bəyannamənin qəbulu iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.

Azərbaycanın ŞƏT kimi mötəbər qurumun zirvə görüşünə ikinci dəfə dəvət olunması Prezident İlham Əliyevin şəxsiyyətinə yüksək hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya miqyasında təsirinin, o cümlədən Şərqlə Qərb, Şimal və Cənub arasında körpü kimi əsas rolunun əyani təsdiqi hesab edilə bilər. Bu rolu dərk edən və transmilli nəqliyyatın artan əhəmiyyəti kontekstində Azərbaycan öz nəqliyyat sektoruna əhəmiyyətli resurslar yatırır. Öz ərazisində bütün lazımi infrastrukturu yaradan Azərbaycan bununla da nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar açır. Dövlət başçımız sammitdəki çıxışında bununla bağlı bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir: “Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib”.

Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz Mərkəzi Asiya və Xəzər dənizi ölkələrindən keçməklə Avropa və Asiyanı birləşdirən ən qısa və əlverişli marşrut sayılır. Bu amil Orta Dəhlizin əhəmiyyətini artırmaqla yanaşı, geniş regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar yaradır. Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətinə çatdırdı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb və Azərbaycan tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. 

Beləliklə, Azərbaycanın mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi və Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin başlanmasına artan töhfəsi Azərbaycanın ŞƏT-də iştirakının əhəmiyyətini artıran mühüm amildir. Azərbaycan ilə ŞƏT arasında əlaqələrin dərinləşməsini şərtləndirən digər aspekt üzv ölkələrlə humanitar sahədə fəal əməkdaşlıqdır. Ölkəmiz dünyada tanınmış tolerantlıq mərkəzi kimi dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi etmişdir. 

Noyabr ayında isə Bakıda COP29 keçiriləcək. Ölkəmiz ilin ən böyük tədbirinə ciddi hazırlaşır. Dövlət başçımızın dediyi kimi, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək: “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”. 

Bir sözlə, Azərbaycanın ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin gündəliyinin təbliği, regional proseslərdə iştirakı və qərar qəbul edilməsi baxımından çox vacibdir. Digər tərəfdən, Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısında iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Buna görə də, planet əhalisinin demək olar ki, yarısını birləşdirən bir təşkilat kimi Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı ölkəmizin təşəbbüslərinin qlobal miqyasda həyata keçirilməsi imkanlarının artırılmasına güclü təsir göstərir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
tibb elmləri doktoru



Siyasət