Azərbaycan-Çin münasibətləri və partiyalararası siyasi dialoq

post-img

İyulun 1-də 99 milyon nəfərdən çox üzvü olan Çin Kommunist Parti­yasının yaranmasının 103-cü ildönü­mü tamam olur. Bu partiyanın rəh­bərliyi altında müzəffər Çin xalqının apardığı 28 illik ağır mübarizədən sonra 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikası yaradılmışdır. 

Bu, bir həqiqətdir ki, Çinin daxili və xarici siyasət kursunda qazandığı tarixi uğurların kökündə ÇKP-nin müstəsna rolu vardır. Partiya qarşısına strateji “iki yüzillik məqsədlər”i qoyaraq, onların re­allaşdırılmasında misilsiz nəticələr əldə etmişdir. Birinci strateji məqsəd ölkədə yoxsulluğun tam ləğvi və orta zənginlikli cəmiyyətin formalaşmasını özündə ehti­va edirdi. Bu strateji məqsədin reallaşdı­rılması üçün zaman müddəti hakim par­tiyanın yaranmasının 100 illiyinə nəzərdə tutulmuşdu. Bu, strateji məqsəd 2021-ci ildə tam reallaşdırıldı. İkinci strateji hədəf isə müasir modernləşdirilmiş dövlətin qu­rulması ilə bağlıdır. Bu məqsədə çatmaq üçün son tarix ÇXR-in yaradılmasının 100 illiyi – 2049-cu il planlaşdırılmışdır. Qeyd edilən növbəti strateji məqsədin həyata keçirilməsi üçün ölkədə ardıcıl, məqsədyönlü və sistemli addımlar atıl­maqdadır. Bu, ilk növbədə, ÇKP-nin rəh­bərliyi altında dinamik iqtisadi inkişafın və cəmiyyətdə uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətlərində görülən titanik fəaliyyətdə öz əksini tapır. Bir çox hallar­da ÇKP-nin fəaliyyəti öz nəhəng miqya­sı etibarilə dövlətin sərhədlərini aşır və qlobal məzmun kəsb edir. Bununla bağlı ÇXR-in Sədri, ÇXP-nin Baş katibi Si Cin­pinin 2022-ci il oktyabrın 16-da partiya­nın XX qurultayında səsləndirdiyi fikirlər tam reallığı əks etdirir: “Çin Kommunist Partiyası təkcə Çin xalqının xoşbəxtliyi və Çin millətinin dirçəlişi uğrunda müba­rizə aparmır, eyni zamanda, bəşəriyyətin tərəqqisi və dünyanın əzəmətli birliyi na­minə səy göstərir.”

Bu strateji vəzifələrin həyata keçiril­məsi üçün ÇXR-ın güclü lideri və rəhbər partiyası, nəhəng iqtisadi potensialı və insan resursları, siyasi iradəsi, səfərbər olunmuş cəmiyyəti və böyük hərbi qüd­rəti vardır.

Müasir dünyamızda kəskin qlobal li­der kəsrinin (defisiti) olduğu bir reallıqda ÇXP-nin Sədri Si Cinpin son 12 il ərzin­də “Çin xarakterli sosializmi yeni inkişaf epoxası”na daxil etməyi bacaran müdrik liderdir. O, “Bir dövlət, iki sistem” konsep­siyasından çıxış edərək müstəqil siyasət aparır və dövlətinin milli maraqlarını ən yüksək səviyyədə qorumaq nümunəsi­ni ortaya qoyur. Təkqütblü dünya deyil, çoxqtüblü dünya reallığını müdafiə edir. Hegemon dövlət və dövlətlər koalisiyası­nı qəbul etmir. Heç bir hərbi bloka daxil olmamaq xəttinə sadiqdir. “Vahid Çin” ideyasına münasibətdə dövlətlərin dav­ranışına adekvat olaraq tərəfdaşlarını, rəqiblərini və düşmənlərini müəyyən edir. “Yumşaq güc” idarəçilik metodundan çıxış edərək beynəlxalq siyasi davranışı­nın konturlarını cızır.

Çinin Milli Statistika Bürosunun (UİB) məlumatına görə, 2023-cü ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dol­lara) bərabərdir. Dünya iqtisadiyyatında Çinin payı 18,5 faizdir. Orta illik iqtisadi artım isə 7,2 faiz təşkil edir. Buğda isteh­salında dünyada birinci yerdə olan Çin 1,4 milyardlıq əhalisinin ərzaq təhlükə­sizliyini etibarlı şəkildə təmin etmişdir. Eyni fikirləri enerji təhlükəsizliyi ilə bağlı da söyləyə bilərik. Çin valyuta ehtiyatları­na görə dünyada liderdir. Ölkədə internet istifadəçilərinin sayı 1,03 milyard nəfərə çatmışdır. Bu faktın özü Çinin demokratik inkişafının mühüm göstəricisi hesab olu­na bilər.

ÇXR 140-dan çox ökənin əsas iqtisa­di-ticarət tərəfdaşıdır. Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xüsusi yeri və çəkisi vardır. Bakı – Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fo­nunda dinamik inkişaf tempinə malikdir. 

2500 il əvvəl tarixi “İpək yolu” vasitə­silə xalqlarımız arasında mədəni və tica­ri əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. 

1991-ci il dekabrın 27-də Azərbay­canın müstəqilliyini ilk tanıyan dövlət­lərdən biri olan ÇXR 1992-ci il aprelin 2-də ölkəmizlə diplomatik münasibətlər qurmuşdur. İkitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayı­dışından sonra baş verdi. 1994-cü ilin mart ayında Prezident Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçi­vəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı.

Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan “Vahid Çin” ideyasını qəbul edir və onu həm ikitərəf­li, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur.

Bu gün bütün parametrlər üzrə Ba­kı-Pekin münasibətləri davamlı inkişaf tempinə malikdir. Siyasi əlaqələrimiz yük­sək səviyyədədir. Prezident İlham Əliye­vin 2014-cü ildə Çində işgüzar səfərdə ol­ması, xüsusilə 2015-ci il dekabrın 11-də ÇXR-in Sədri Si Cinpinin rəsmi dəvəti ilə bu ölkəyə dövlət səfəri etməsi ikitərəfli münasibətlərimizin tarixində yeni mər­hələnin əsasını qoymuşdur. Səfər çər­çivəsində imzalanmış 10 mühüm sənəd ikitərəfli münasibətlərimizin bundan sonrakı dövr inkişafı üçün yeni imkanlar pəncərəsi açmışdır. Xüsusilə də hər iki dövlətin liderləri cənab İlham Əliyev və Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikasının və Çin Xalq Respublika­sının dostluq münasibətlərinin və əmək­daşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyan­namə” ikitərəfli münasibətlərimizin bütün istiqamətlər üzrə inkişafının “Yol xəritəsi” hesab oluna bilər. 

ÇXR-in Sədri Si Cinpin həmin səfər çərçivəsində Prezident İlham Əliyevə olan yüksək etimadını “Cənab Prezi­dent Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz” – fikirləri­ni əlavə etmişdir ki, “uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşı­lıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstək­ləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaş­lıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq müna­sibətləri üçün möhkəm təməl və geniş perspektivlər var.”

Prezident İlham Əliyev də öz növbə­sində cənab Si Cinpinin dünya siyasətin­də oynadığı mühüm rola və Azərbaycana olan xeyirxah münasibətinə toxunaraq vurğuladı ki, “Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.”

Onu da xüsusi olaraq qeyd edək ki, 2019-cu il 25-27 aprel tarixlərində Pe­kində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Cə­nubi Qafqaz regionundan iştirak edən yeganə gövlət başçısı məhz cənab İlham Əliyev olmuşdur. Prezident İlham Əliyev Forumun "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyası çərçivəsində çıxışında ÇXR-in müəllifi olduğu unikal layihənin əhəmiyyətinə diqqəti cəlb edərək bəyan etdi ki, “Bir kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.”

Yuxarıda qeyd olunan reallıqlar fo­nunda ikitərəfli partiyalararası siyasi dialoq mühitinin inkişafı üçün olduqca münbit şərait yaranmışdır. Zəmanəmi­zin dühası Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası”, Prezident İlham Əliyevin “Ümumxalq partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇXR-in Sədri Si Cinpinin “Rəh­bər siyasi qüvvə” kimi səciyyələndirdiyi Çin Kommunist Partiyası arasında səmi­mi dostluq və etibarlı tərəfdaşlıq münasi­bətləri formalaşmışdır. Bu il YAP və ÇKP arasında əməkdaşlıq münasibətlərinin qurulmasının 25 ili tamam olur. Çin Kom­munist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azər­baycan Partiyasının ilk qurultayında işti­rak etmək üçün ölkəmizə səfəri ilə parti­yalararası əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.

Sübuta ehtiyacı olmayan həqiqət ondan ibarətdir ki, iki partiya arasında yaxınlaşma və əməkdaşlığın dərinləşmə­si məhz dövlət başçılarının siyasi iradə­si sayəsində mümkün olmuşdur. Hər iki partiya xalqa söykənərək dövlətin qar­şısında duran strateji vəzifələrin yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edərək tarixi nailiyyətlərə imza atır və bu proses davamlı məzmun kəsb edir.

Prezident İlham Əliyevin rəhbəri ol­duğu YAP hakim siyasi qüvvə olaraq ölkəmizdə səfərbər olunmuş cəmiyyətin, vətəndaş həmrəyliyinin yaranmasında, onun iqtisadi qüdrətinin yüksəlməsində, güclü ordusunun formalaşmasında, ha­belə beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsində müstəsna rol oynamışdır.

Bütün bu sadalan reallıqlar fonunda müzəffər Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi altında yaranmasının 106-cı ildönümünü qeyd etdiyimiz yenil­məz Azərbaycan Silahlı Qüvvələri “dəmir yumruğ”a çevrilmiş xalqımız ilə birlikdə tarixi Zəfərə imza atmış, 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etmiş, ərazi bötovlüyümüzü və suverenliyimizi təmin etmişdir. Ötən ilin 19-20 sentyabr tarixində isə bir sutkalıq antiterror əmə­liyyatlarının nəticəsi olaraq ərazilərimiz üzərində suverenliyimiz tam, qəti və əbə­di olaraq təmin edilmişdir. Tarixi ədalət bərpa edilmişdir. Erməni separatizminin kökü kəsilmişdir. Regionda sabitlik və sülh üçün unikal imkanlar yaranmışdır. İşğaldan azad edilmiş tarixi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını bər­pası və yenidən qurulması prosesi uğurla davam etdirilir. İndiyədək bu məqsədlər üçün 12 milyard manat vəsait xərclən­mişdir. Cari ilin büdcəsində isə bu strateji vəzifənin icrası üçün əlavə olaraq 5 mil­yard 160 milyon manat vəsait ayrılmışdır. 

Sevindirici haldır ki, dost və strateji tərəfdaş ölkə olan Çinin məşhur “Hu­awei” şirkəti də artıq işğaldan azad olun­muş Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edir, bərpa və yenidənqurma pro­sesinə öz layiqli töhfəsini verir. Bu töhfə­nin ilhamverici və istiqamətverici qüvvəsi kimi ÇKP çıxış edir. 

Təsadüfi deyildir ki, 2021-ci ilin fevral ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitə­si tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda qərarda vurğulanmışdır ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcək­dir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər. Zənnimizcə, ÇKP-nin atdığı bu addım hər cür tərifdən belə yüksəkdə dayanır.

Hər iki dost ölkənin müvafiq olaraq siyasi sisteminin əsasını təşkil edən YAP və ÇKP arasında əməkdaşlıq mühiti qar­şılıqlı səfərlər, konfranslar və video for­matda təmaslar çərçivəsində də inkişaf etdirilir. Hər iki partiyanın məsul şəxslə­rinin müxtəlif formatlarda ünsiyyəti nəticə etibarilə partiyalararası dialoqun daha da zənginləşməsi və qarşılıqlı maraq doğu­ran məsələlərin uğurlu həlli mənafeyinə xidmət göstərir.

Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri də sürətlə inkişaf edir. Bu mü­nasibətlər Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbay­can-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşul­ması, Şərq-Qərb, Orta dəhliz layihələri çərçivəsində əməkdaşlıq və Pekində Azərbaycan Ticarət evinin açılışı sayə­sində daha da möhkəmlənmişdir.

Təsadüfi deyildir ki, 2023-cü ildə Çin Azərbaycanın ticarət dövriyyəsində 4-cü mövqedə qərarlaşmışdır. Həmin ildə Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təş­kil etmişdir. Azərbaycanın Çindən idxalı isə 1 milyard 556,2 milyon dollara bəra­bər olmuşdur. Başqa sözlə, Azərbayca­na idxal olunan malların 15,4 faizi Çinin payına düşür. Respublikamızda Çin in­vestisiyalı 275 şirkət qeydə alınmışdır. 1995-ci ildən indiyədək Çinin Azərbayca­na birbaşa investisiyalarının həcmi 920 milyon dollar təşkil etmişdir.

Azərbaycanla Çin arasında mədəni əməkdaşlığa dair müvafiq müqaviləyə əsasən, 1995-ci il 12-21 aprel tarixlərində Pekin Beynəlxalq Sərgi Mərkəzində məş­hur Azərbaycan rəssamı Səttar Bəhlulza­dənin əsərlərinin sərgisi keçirilmişdir. 

Qardaşlaşmış şəhərlər ənənəsi Azər­baycan-Çin mədəni əlaqələri üçün də xarakterikdir. 2001-ci ildə Çinin Cizian əyalətinin Çucou şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşmışdır.

2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsin­də “Azərbaycan günü”, 2011-ci ilin may ayında Çində “Azərbaycan mədəniyyət günləri”, habelə 2012-ci il 10-14 dekabr tarixlərində Azərbaycanda “Çin mədəniy­yət günləri” keçirilmişdir. Bundan savayı, 2019-cu ilin noyabr ayında Pekində Hey­dər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə “Azərbay­can musiqisi axşamları” adlı konsert təş­kil olunmuşdur.

Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun hədiyyə­si olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün Şanxay Əməkdaş­lıq Təşkilatının katibliyinin binasında da­imi statusda nümayiş olunması ikitərəfli mədəni əlaqələrimizin yüksək səviyyəsi­nin göstəricisi hesab edilə bilər.

Beləliklə, dünyanın fövqəldövlətlərin­dən biri olan ÇXR ilə regional güc mərkə­zinə çevrilmiş Azərbaycan Respublikası arasında formalaşmış yüksək səviyyəli münasibətlərin yuxarıda təqdim olunan analizi bir daha təsdiqləyir ki, siyasi lider­lərimizin, xalqlarımızın, dövlətlərimizin və hakim siyasi partiyalarımızın dostluğu və qardaşlığı qazandığımız və hədəflədiyi­miz bütün uğurlarımızın kökündə daya­nan fundamental səbəblərdir. Çoxşaxəli lokal, regional və qlobal təhlükəsizlik mühitinin möhkəmlənməsi, xalqlarımı­zın rifahı və tərəqqisi mənafeyi Azər­baycan-Çin strateji tərəfdaşlığının daha uğurlu perspektivlərini labüd edir. Bu, zamanın çağırışıdır.

Elman NƏSİROV,
YAP təftiş komissiyasının üzvü, siyasi elmlər doktoru, professor

Siyasət