Azərbaycanın gerçək müstəqilliyinin başlanğıc günü

post-img

Milli Qurtuluş Günü xalqımızın xilas məqamı, taleyimizə qızıl hərfərlə yazılan tarixi bir gündür. Hər il ölkəmiz ümummilli qədirbilənlik və coşğu ilə qeyd edilən 15 İyun Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, eyni zamanda, böyük ictimai-siyasi və tarixi əhəmiyyətli yeni bir başlanğıcdır. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

 

Həmin gündən – 1993-cü ilin böhranlı 15 iyunundan bizi 31 illik bir dövr ayırır. Tarix üçün qısa zaman kəsiyi olsa da, ötən bu müddətdə ölkəmizin və xalqımızın həyatında köklü dəyişikliklər baş vermiş, Azərbaycan müstəqil bir dövlət kimi möhkəmlənmiş, inkişaf etmiş, dünyaya açılmış, dövlət quruculuğu yolunda tutarlı addımlar atmışdır. Bu yığcam ifadələrin arxasında Heydər Əliyev nəhəngliyi, dövlətçiliyi, həmişə xalqla Ulu Öndərin yekdilliyi, Azərbaycanın vaxtı ilə mübtəla edildiyi bəlalardan xilası durur. 

Ötən illər bir daha təsdiq etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində və dünyanın siyasi arenasında əbədi yaşamaq haqqı qazanmışdır. Ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini, azad, müstəqil, dünyanın sivilizasiyalı dövlətləri səviyyəsinə çatan bir dövlət qurmağa sərf etmişdir. 

XX əsrin 90-cı illərində baş verən hadisələr, ölkənin inkişaf xətti, ən çətin problemlərin həlli açarının tapılması bir daha təsdiqlədi ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı, məhz, Azərbaycanı xilas etdi. Çünki həmin illərin iqtidarının səriştəsizliyi, vəzifə kürsüləri uğrunda didişmələri, daxili və xarici siyasətdə buraxılan kobud səhvlər hələ 1993-cü ilin əvvəllərində ölkəni siyasi böhran, hakimiyyət böhranı, sonra isə vətəndaş qarşıdurması həddinə gətirib çıxarmışdı. 

Əslində, 1992-ci ilin may ayında silah gücünə hakimiyyətə gələn AXC–Müsavat cütlüyünün diletantlığı və siyasi naşılığı heç bir neçə ay keçməmiş özünü büruzə verməyə başladı. 

Respublikamızdakı ictimai-siyasi vəziyyətə lazımınca nəzarət edə bilməmələri və bilavasitə onların günahı ucbatından cəbhədə baş verən uğursuzluqlar xalqın onlara qarşı olan inamını günü-gündən azaldırdı. Belə bir vəziyyətdən “məharətlə” istifadə edən ölkə daxilindəki başıpozuq qüvvələr və xarici düşmənlər Azərbaycanın bir müstəqil dövlət kimi məhv olması üçün öz fəaliyyətlərini gücləndirməyə başladılar. Bəla orasında idi ki, bu niyyətlərini həyata keçirmək üçün xarici ölkələrin bəzi orqanları o vaxtkı hakimiyyətin yeritdiyi “kadrlardan” çox məharətlə istifadə edirdilər. 

Onların əsas məqsədi Azərbaycanı müəyyən inzibati ərazilərə bölüb, federativ dövlət yaratmaq və onun müstəqilliyini əlindən almaq idi. Həmin qüvvələrin xarici ölkə havadarları ilə birgə hazırladıqları məkrli plana əsasən Azərbaycanın qərbində Gəncə, şimalında Quba, mərkəzində Şirvan quberniyaları yaradılmalı, cənub-qərbində Kürdüstan Respublikası, şimal-qərbində Şəki-Zaqatala zonasında – Avar Respublikası, şimalında Ləzgistan Respublikası və cənubunda Talış-Muğan Respublikası elan olunmalıydı. 1993-cü ilin aprel-may aylarında bu planın həyata keçirilməsinə başlanmışdı və artıq bəzi regionlarda hakimiyyətsizlik hökm sürürdü. İyunun əvvəllərində başlayan Gəncə hadisələri bu prosesi daha da sürətləndirdi. 

Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Bütün bunlar xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin hakimiyyətdən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, dərəbəylik, lidersizlik və dəhşətli bir hərcmərclik hökm sürməkdə idi. Həmin dəhşətli hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, hakimiyyət kürsüsü xatirinə bir ölkəni, bir milləti fəlakətə sürükləməyə bərabərdir. Ölkəni isə müdrik dövlət xadimi xilas edə bilərdi. 

Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, etnik qarşıdurmalardan vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbr kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb və xahiş edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar gəlir, teleqramlar göndərilir, müraciətlər edilirdi. 

Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: “Mən buraya heç bir partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. 

AXC–Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. 

Ümummilli liderin bir qrup ziyalı və mətbuat nümayəndələri ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra – iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycanın gerçək müstəqilliyinin başlanğıc günü Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. 

Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi. 

Həmin gün Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev Respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”. 

Qüdrətli dövlət xadimi Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi böyük strateqin sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. 

Tarix boyu bir çox siyasət adamları hakimiyyətə can atmış və çox hallarda da buna nail olmuşlar. Lakin bunların bəziləri öz təfəkkür məhdudluqları üzündən son nəticədə diktatorlara, digərləri isə öz iradə zəiflikləri ucbatından ətrafındakıların oyuncağına çevrilmişlər. Məhz bunları nəzərdə tutaraq, böyük fransız mütəfəkkiri Pol Anri Holbax yazırdı: “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir”. 

Nəsrəddin Tusi isə yazırdı: “Hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır”. Təbiət və tarixsə öz varlığında bu kimi ülvi keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi fenomenal şəxsiyyətləri çox az-az yetirir. Dünya siyasətinin patriarxlarından olan Heydər Əliyev kimi. Məhz bu keyfiyyətlərin sayəsindədir ki, ulu öndər öz hakimiyyətini səlahiyyətlərinin gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə həyata keçirirdi, qarşısındakını zəkası və uzaqgörənliyi ilə əfsunlayırdı.    

Təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və mədəniyyət korifeyləri onu “canlı əfsanə”, “dahi prezident”, “siyasət patriarxı” adlandırırdı. Elə buna görədir ki, Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin böyüklüyünü xalqımız həmişə ürəkdən hiss etmiş, bundan qürur duymuş və həmişə fərəh hissi keçirmişdir. 

Heydər Əliyev bütün ömrünü siyasi işdə, vəzifə pillələrində keçirmiş, SSRİ kimi dünyanın nəhəng dövlətinin aparıcı və qüdrətli rəhbərlərindən biri olmuşdu. Odur ki, onun Bakıya dəvət olunması təsadüfi ola bilməzdi. Əslində məqsəd Azərbaycanı düşdüyü bəlalardan xilas etmək, Azərbaycan dövlətçiliyini xilas etmək yükünü onun çiyinlərinə qoymaqdan ibarət idi. Naşı və təsadüfi hakimiyyət nümayəndələri ölkəni elə vəziyyətə gətirib çıxarmışdılar ki, onu xilas etməyə onların nə bacarığı, nə də qabiliyyətləri çatırdı. Azərbaycan xalqı və hakimiyyət nümayəndələri Azərbaycanın xilas yolunu təcrübəli dövlət xadimi Heydər Əliyevdə görürdülər. Təbii ki, bütün bunlar Heydər Əliyevə bəlli idi və qüdrətli dövlət xadimi qiyamçılarla, ölkənin yaxın, uzaq düşmənləri ilə özünəməxsus bir üsulla mübarizəyə atıldı. 

Tarixi reallıq onu təsdiq edir ki, Heydər Əliyevin hakimiyyətə gəlişini o dövrün hakimiyyət strukturları, icra və qanunvericilik orqanları və onların komandaları həll etmirdilər. Bu taleyüklü məsələni Azərbaycan xalqı həll edirdi. Xalq isə deyirdi: “Heydər baba! Xalqı bu bəladan qurtar! Xəstə Azərbaycan Sizin əllərinizdə şəfa tapacaq!” 

Dahi Heydər Əliyev şəxsiyyətinə olub-keçənləri və gələcəyi təhlil etmək bacarığı, hər hansı bir problemin həlli zamanı onlarca variantı saf-çürük edərək düzgün nəticə çıxarması xarakterikdir. O səbəbdəndir ki, bu dahi şəxsiyyət vətəndaş qarşıdurmasını böyük məharətlə və uzaqgörənliklə aradan qaldırdı.  Sonra isə müdrikcəsinə və siyasi ustalıqla o vaxt Azərbaycanda mövcud olan başıpozuq silahlı dəstələrin tərksilah olunmasına nail oldu. Müstəqilliyimiz üçün çox təhlükəli olan separatçılıq meyllərini aradan qaldırdı və qondarma Talış-Muğan Respublikasının başında duranları zərərsizləşdirdi. 

Ulu öndər Heydər Əliyevin qədirbilən xalqımız və tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalayıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Sözün əsl mənasında, Qurtuluş deməkdir. Xalqın istəyi və tələbi ilə dövrümüzün lideri, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. 

Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etdi. 

Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı günü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqa qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”. 

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət quruculuğuna start verildi, müstəqilliyin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində uğurlu addımlar atıldı. Bunlardan ən mühümü Azərbaycan dövlətçiliyini xilas etmək, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaq idi. Ulu öndər bu vəzifələrin yerinə yetirilməsində dərin zəkasına, siyasi iradəsinə güvənirdi və yanılmadı. Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə o zaman gəldi ki, cəbhə xəttində məkrli düşmənlərimiz hərbi əməliyyatlarını genişləndirir, yaşayış məskənlərini işğal edir, dinc azərbaycanlılar məcburi köçkün vəziyyətinə düşürdü. Heydər Əliyevin prezident seçilməsi cəbhədə vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. 

Ulu öndər o zaman üçün ən doğru olan addımı ataraq mərkəzi komandanlığa tabe olmayan bütün silahlı dəstələrin buraxılması barədə qərar verdi. Belə silahlı dəstələrin fəaliyyəti qanunsuz elan edildi. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da əsaslı islahatların aparılmasına imkan yaratdı. Milli orduda həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması ordunu keyfiyyətcə yeniləşdirdi. Nizami hərbi hissələr formalaşdırıldı, peşəkar hərbiçilər komanda heyətinə gətirildi. 

Azərbaycan Ordusunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində uğurlu əməliyyatlar həyata keçirdilər, işğal olunmuş bir çox yaşayış məskənlərimiz, strateji yüksəkliklər azad edildi. Prezident Heydər Əliyevin hakimiyyəti dövründə ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. 

Ulu öndərin qəti mövqeyi, prinsipial siyasəti nəticəsində cəbhə xəttində atəşkəs elan edilmiş, 1994-cü ilin may ayında Ermənistanla müvəqqəti razılıq əldə olunmuş, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınmasına dair danışıqlara təkan verilmişdir. Heydər Əliyevin uğurlu siyasəti dünya dövlətlərinin böyük əksəriyyətinin Dağlıq Qarabağ münaqişəsinə baxışını dəyişdirdi. Beynəlxalq tədbirlərdə Heydər Əliyev məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı. Budapeşt, Buxarest, Lissabon, İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü.  

Tarix özü təsdiqlədi ki, məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövləti və Azərbaycan xalqı başının üstünü almış bütün təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımızın taleyində dönüş anı, itirilmiş inamın qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni mərhələnin başlanğıcı oldu. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. 

Makroiqtisadi sabitliyin əldə olunması, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü təsdiq edirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. 

Ulu öndər Heydər Əliyevin neft-qaz strategiyasının bir hissəsi olan “Əsrin Müqaviləsi”nin Azərbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var. Bu haqda ölkə Prezidenti İlham Əliyev çox dəqiq deyib: “Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı eyni zamanda bölgədə birmənalı qarşılanmırdı. “Əsrin Müqaviləsi”nin imzalanması eyni zamanda böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyətli və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik”. 

Heydər Əliyevin hakimiyyətinin ilk illərində həyata keçirilən ən mühüm addımlardan biri müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu oldu. Müstəqil dövlətin yeni Konstitusiyanın layihəsinin hazırlanmasının təşəbbüskarı da məhz Prezident Heydər Əliyev olmuşdu. Ümummilli liderimizin müəllifi olduğu bu Konstitusiya Azərbaycan dövlətinin inkişafının əsas prinsiplərini nəzərdə tutan hüquqi çərçivələri özündə ehtiva edən tarixi bir sənəd kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin tərəqqisinə və Azərbaycan vətəndaşlarının rifahına xidmət edən dövlət idarəetmə mexanizminin istinad etməli olduğu hüquqi bazanı müəyyənləşdirir. 

Ümummilli liderimizin Azərbaycanın tərəqqisinə xidmət edən fəaliyyəti yalnız iqtisadi islahatlarla və demokratikləşmənin sürətləndirilməsi istiqamətində görülmüş tədbirlərlə yekunlaşmır. Heydər Əliyev Azərbaycan elminin və təhsilinin inkişafının stimullaşdırılması sahəsində də böyük işlər görmüşdür. Ulu öndər, ilk növbədə, Azərbaycan elmi potensialının dağılmasının qarşısını aldı. Elmlər Akademiyasının nüfuzunun bərpası üçün konkret tədbirlər həyata keçirildi. 1993 və 1997-ci illərdə ölkənin intellektual elitası və AEA-da alimlərlə görüşü unudulmaz hadisəyə çevrildi. 

Ulu öndərin rəhbərliyi sayəsində təhsil sahəsində aparılan islahatlar Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Ümummilli liderimiz Azərbaycanda savadlı və respublikanın inkişafına həqiqətən dəyərli töhfələr verə biləcək kadrların hazırlanması üçün təhsilin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcminin hər il artırılmasını təmin etmişdir. Təhsilin və elmin inkişafının təmin edilməsində, habelə respublikada gənclərin mənəvi-əxlaqi cəhətdən sağlam və vətənpərvərlik ruhunda tərbiyə olunması mühitinin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin rolu əvəzsiz olmuşdur. 

Müstəqil dövlətin memarı Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycanın düzgün, tarazlı və milli maraqlara əsaslanan xarici siyasət kursunun müəyyən etməsi və ölkəmizi beynəlxalq təcriddən xilas etməsi olmuşdur. Heç kəsə sirr deyil ki, 1993-cü ilin iyununa qədər Azərbaycan əslində dünyadan təcrid olunmuş vəziyyətə düşmüşdü. Zorla cəlb olunduğumuz müharibədə torpaqlarımızı  itirsək də, yüz minlərlə soydaşımız öz yurdunda qaçqına çevrilsə də, Azərbaycanın haqq səsini eşidən yox idi. Xaricdəki güclü erməni lobbisinin səyi ilə Azərbaycan dünya ictimaiyyətinin nəzərində təcavüzkar, qonşularını “blokada”da saxlayan ölkə kimi qələmə verilirdi. 

Məhz Heydər Əliyevin çevik siyasəti nəticəsində Azərbaycanın mənfi obrazı dağıdıldı. Xalqımızın yalnız öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apardığı dünya ictimaiyyətinə çatdırıldı. Üstəlik, prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünya dövlətləri ilə hərtərəfli əməkdaşlıq əlaqələri quruldu. Məhz Heydər Əliyevin yeritdiyi ardıcıl, düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiq yer tutdu. 

Ümummilli liderimiz Heydər Əliyev tam əminliklə və uzaqgörənliklə deyirdi: “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”. 

Sevindirici haldır ki, ölkəmizə böyük uğurlar gətirmiş Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün ümummilli liderimizin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Azərbaycan daha da gözəlləşir, inkişaf edir, dünya arenasında sayılıb-seçilən ölkələr sırasına daxil olur. Regional Dövlət proqramları uğurla həyata keçirilir. “Böyük Qayıdış” Proqramı ölkəmizin hansı imknalara malik olduğunu dünyaya əyani olaraq göstərir. İşğaldan azad olunmuş şəhərlər, kəndlər tamamilə yenidən qurulur, köçkünlər sevinclə, ruh yüksəkliyi ilə doğma evlərinə qayıdırlar. Respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət proqramlarını, infrastruktur layihələri uğurla yerinə yetirir. 

Bu gün böyük öndərimizin arzuları həyata keçir, xalqımız möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyalarını reallaşdırır, daha xoşbəxt, firavan Azərbaycanın hərtərəfli, dinamik və dayanıqlı inkişafını təmin edir. Ölkə başçısının qloballaşan dünyanın tələblərinə uyğun yeni keyfiyyətdə davam etdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. 

Bügünkü müstəqil dövlətimizin möhkəm dayaqlarının təməli 31 il əvvəl 15 iyunda qoyulmuşdur. Ona görə də hər bir azərbaycanlının 15 İyun gününün daşıdığı şərəfli və misilsiz məna ilə fəxr etməyə haqqı var. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri,akademik

Siyasət