Makronun Numeada çətin “sülh” axtarışı

post-img

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya gəlib. 17 min kilometr məsafəni qət edən Yelisey sarayının sahibi bildirib ki, səfərinin məqsədi “...xalqa dəstək vermək və sakitliyi bərpa etmək­dir”. Fransa prezidentinin dəni­zaşırı əraziyə səfəri müstəqillik tərəfdarlarının etirazları fonunda gerçəkləşir. “Burada məqsədim na­zirlərlə və bütün hökumətlə birlikdə xalqı dəstəkləməkdir...”, – deyən Makron adaya “böyük hörmətlə” gəldiyini bildirib. Amma Fransa Se­natının prezidentin səfəröncəsi xa­rici müdaxilənin qarşısının alınma­sına dair 4 maddədən ibarət qanun layihəsini qəbul etməsi fransızların kanaklara “hörmətini” göstərdi. Belə ki, həmin qanun Fransanın dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada azadlıq hərəka­tını boğmaq məqsədi güdür.

“Figaro” qəzeti xəbər verir ki, Fransa prezidentini ölkənin daxili işlər naziri Je­rald Darmanen, müdafiə naziri Sebas­tian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir. Makron bildi­rib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır və yalnız bu halda arxipe­laqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər. Ancaq Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qa­nunların dəyişdirilməyəcəyini də vurğu­layıb. Bu isə o deməkdir ki, Paris yeni xalqın tələblərini qulaqardına vurdu. Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli ka­nak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir. 

Senatın saytında qeyd olunur ki, qa­nunun birinci maddəsində xarici güclərin Fransanın ictimai həyatında iştirak edən aktorlarının qeydiyyatı, uçotunun apa­rılması tələb edilir. Layihənin müəllifləri analoji qanunların ABŞ və Böyük Brita­niyada daha əvvəl qəbul edildiyini bildi­riblər. Qanunun ikinci maddəsində görə, hökumət ildə bir dəfə parlamentə xarici təhdidlərlə bağlı hesabat verməlidir. Üçüncü maddə xüsusi xidmət orqanla­rının səlahiyyətlərinin artırılmasını, tex­niki imkanları genişləndirməyi, həmçinin rəqəmsal məlumatların avtomatik ema­lını nəzərdə tutur. Dördüncü maddədə xarici təsirlə mübarizə üçün monetar qanunvericiliyin dəyişdirilməsi, hesab­ların dondurulması prosedurunun əhatə dairəsinin genişləndirilməsi və maliyyə sanksiyaları nəzərdə tutulur. Qanunun qüvvəyə minməsi üçün onu Fransa pre­zident təsdiqləməlidir. Makronun sena­torları gözlətməyəcəyi vurğulanır, çünki məhz bu qanun Fransa prezidentinə əlavə səlahiyyətlər verəcək ki, ədalətsiz­liyə etiraz edən dənizaşırı yerli hökumət­lərə qarşı sərt qərarlar qəbul etsin.

Numea səfəri zamanı Fransa pre­zidenti Yeni Kaledoniyada bir həftədən çox davam edən zorakılıqlardan sonra asayişi bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin gücləndirilməsini elan etdi. Mayın 13-də başlayandan bəri Paris arxipelaqa 3000-ə yaxın jandarm, polis və digər təhlükəsizlik qüvvələri göndə­rib. Makron adada bildirib ki, bu qüvvə Olimpiya və Paralimpiya Oyunları za­manı da daxil olmaqla, lazım olan müd­dət ərzində öz yerində qalacaq. Onun sözlərinə görə, yaxın günlərdə lazım gələrsə, asayişi tam bərpa etmək üçün yeni genişmiqyaslı tədbirlər həyata ke­çiriləcək, “çünki başqa seçim yoxdur”. Fransa prezidentinin ətrafı Makronun dəqiq planının olmadığını və böyük si­yasi qərarların gözlənilmədiyini deyirlər. Makronu səfərdə Fransanın daxili işlər və müdafiə nazirləri müşayiət edirlər. 

Xatırladaq ki, Fransa 1853-cü ildə Yeni Kaledoniya üzərində nəzarəti ələ keçirib və 1946-cı ildə koloniyaya Fran­sanın xaricdəki mülki statusu verib. “Alman dalğası” radiosu bildirir ki, Yeni Kaledoniya dünyanın üçüncü ən böyük nikel istehsalçısıdır, lakin istehsal böh­ran içindədir və ərazinin hər beş saki­nindən biri yoxsulluq həddinin altında yaşayır. Buna səbəbinin də, təbii ki, adanın uzun illər ərzində amansız istis­marı göstərilir. Yeni Kaledoniyada hə­yat standartları baxımından cəmiyyətin ciddi təbəqələşməsi var. Aborigenlərlə müqayisədə gəlmələr daha yaxşı vəziy­yətdədir, yerli əhalinin vəziyyəti isə daha pisdir. Kanaklar qorxurlar ki, arxipelaqın tərkibinə ağdərililərin əlavə olunması yerli əhaliyə qarşı ayrı-seçkiliyi artıracaq və zaman keçdikcə onların öz vətənlə­rində azlığa çevrilməsinə gətirib çıxara­caq. 

Eyni zamanda, Melaneziyanın digər ölkələrindən fərqli olaraq, Yeni Kaledo­niyada Avropa mədəniyyəti aborigen mədəniyyəti üzərində tam üstünlük təşkil edir. Bu üstünlük Numeada xüsusilə güc­lü hiss olunur. Fransızlar əllərindən gələ­ni ediblər ki, aborigenlərin məskunlaşdığı kəndlər ənənəvi xüsusiyyətlərini saxla­masın, Avropa kəndinə oxşasın. Yeni Ka­ledoniyalılar indi Avropa üslubunda geyi­nirlər. Adada ənənəvi yemək bacarıqları da itirilir, milli mətbəxdə Avropanın təsiri getdikcə daha çox hiss olunur. Belə bir vəziyyətdə Fransa seçki qanunvericiliyini dəyişdirir və adaya yerləşən avropalıları da seçki prosesinə qatır. 

Makronun adaya gəlişi qalmaqalsız ötüşməyib. “TF1info” xəbər verir ki, Nu­mea şəhərində dövlət başçısının iştirakı ilə keçirilən ilk iclas məsləhətçi qurum olan Məsləhət Şurası tərəfindən boykot edilib. Fransa mətbuatı yazır ki, şuranın prezidenti Viktor Qonyi Makronla görüşə qatılmaqdan imtina etməklə Parisin eti­razçılara qarşı güc tətbiq etməsini pislə­yib. Kanaklar Parisin zor tətbiq etməsini Numea sazişinin pozulması kimi qiymət­ləndirirlər. Buna görə də yaranmış və­ziyyətdən çıxış yolunu tapmaq Makron üçün çətin olacaq. 

S.ELAY
XQ

Siyasət