Yunan-Roma güləşi üzrə millimiz daha bir tarixi qələbə qazanıb. Ötən həftə U-15 komandamız Yunanıstanın Lutraki şəhərində keçirilən qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanaraq tarixdə ilk dəfə Avropa çempionu oldu. Bu dəfə 23 yaşadək güləşçilər də Avropa arenasında rəqiblərindən güclü olduqlarını sübut etdilər.
Bakıda U-23 Avropa çempionatında “klassiklərimiz” qalib adını qazanmaqla daha bir ilkə imza atdılar. Bu nüfuzlu yarışda 3 qızıl, 1 gümüş və 4 bürünc medala yiyələnən güləşçilərimiz 163 xalla komanda hesabında qızıla layiq görüldü.
Qitənin ən güclü pəhləvanlarının yarışında fəxri kürsünün üst pilləsinə yüksələnlər arasında Qurban Qurbanovun (82 kq) qələbəsi daha önəmli oldu. Həlledici görüşdə rusiyalı İslam Əliyevi 8:2 hesabı ilə məğlubiyyətə uğradan istedadlı idmançımız, bununla ikinci dəfə U-23 Avropa çempionatının qalibi oldu. Ötən il analoji yarışda 72 kiloqram çəkidə mübarizə aparan idmançı bu dəfə daha ağır çəki dərəcəsində çıxış etsə də, yüksək nailiyyət qazana bildi.
Qurban qələbəsi ilə bağlı danışarkən qeyd etdi ki, əsas hədəfi böyük arenalarda daha yüksək nəticələr qazanmaqdır:
– 82 kiloqram çəkidə oturuşmuş, daha güclü güləşçilər var. Qızıl medalı onlardan almaq elə də asan olmadı. Artıq növbəti yarışlara köklənmək lazımdır. Daha böyük arenalar üçün nəinki vaxt çatıb, hətta bir qədər gecikmişəm. Məşqçilərimə inanıram və gələcəkdə daha böyük qələbələr üçün birgə çalışacağıq.
Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn pəhləvanlarımızdan Xasay Həsənlinin (77 kq) də ən böyük arzusu böyüklərin yarışında yüksək nəticə qazanmaqdır.
Qələbə təəssüratını bölüşən idmançı yarışdan əvvəl hazırlıq taktikasını konkret 2 rəqibinə görə qurduğunu, revanş hissi ilə alışıb-yandığını bildirdi:
– Keçən il Avropa və dünya çempionatının finalında moldovalı rəqibə məğlub olmuşdum. Bu dəfə həlledici mərhələdə rəqibim olan türkiyəli güləşçiyə də iki dəfə uduzmuşdum. Onlarla görüş mənim üçün çətin idi. Qələbəyə inamım mənə əlavə güc verdi. İstəyimə çatmaq üçün ən gözəl məkan “doğma divarlar” idi. Sevimli azarkeşlər önündə hədəfə çatdığım üçün xoş hisslər keçirirəm. Ən böyük arzum isə böyüklər arasında da yüksək nəticələr qazanmaqdır. Məşqləri bundan sonra daha da artıracağam.
Digər qızıl medalçımız Ziya Babaşov (63 kq) Azərbaycan güləş arenasında belə parlaq nailiyyətin qazanılmasının onda qürur hissi yaratdığını dedi:
– Doğma məkanda, sənə azarkeşlik edənlər önündə qələbə qazanmaq fərqli bir hissdir. Qalib olmaq üçün üzərimdə çox işləmişdim. Finalda həyəcanlı olsam da, çalışırdım bunu büruzə verməyim. Çünki həlledici görüşdə məğlub olmaq istəmirdim. İndi əsas məqsədimiz böyüklərlə də mübarizədə yüksək nəticə qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm.
Yarışda gızıl medalın 1 addımlığında uduzub, gümüş mükafatla kifayətlənməli olan Nihad Quluzadə, bürünc medalçılar Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) də çempionluğa layiq mübarizə sərgiləyiblər. Özlərinin dedikləri kimi, bir qədər tələskənlik, təcrübəsizlik və digər səbəblər onların fəxri kürsünün ən yüksək pilləsinə gedən yolunu kəsib. Məşqçi və mütəxəssislərin də vurğuladığı kimi, bu gənc pəhləvanların hər birinin gələcəyin Dünya, Olimpiya çempionları kimi yetişməsi üçün güclü potensialı var.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimizin son nəticələri Azərbaycanın idman şöhrətini dünyada daha da yüksəldib. Yığmamız son dünya çempionudur. Serbiyada dünya çempionatında 2 qızıl, 3 gümüş medal qazanan komandamız ilk dəfə yarışın qalibi olub. Bu il isə millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycanda daha güclü güləşçi nəsli yetişir.
Leyla QURBANOVA
XQ