III yazı
Bu gün Ermənistan–Azərbaycan danışıqları ilə paralel olaraq Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və Türkiyə–Ermənistan sərhədlərinin açılması da gündəmdədir. Bunların bir-biri ilə təbii bağlılığı var. Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Ermənistan– Azərbaycan sülh danışıqlarının nəticəsindən asılı olacaqdır.
İkitərəfli əlaqələrlə yanaşı, Türkiyə Prezidenti R.T.Ərdoğanın təklif etdiyi “3+3” formatı da region dövlətlərinin bir araya gəlməsi və problemləri həll etməsi üçün yaxşı format kimi müzakirə edilməkdədir. Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın da daxil olacağı bu format bəzi problemlərə görə hələlik layihə olaraq qalır. Artıq Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr (Türkiyədən diplomat Serdar Kılıç, Ermənistandan Milli Məclisin vitse-prezidenti Ruben Rubinyan) təyin edilib.
Diplomatlar bir neçə dəfə bir araya gəliblər. Bəzi addımlar atılıb. Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il iyunun 3-də keçirilən prezident R.T.Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi və tədbirdə iştirakı regionda sülh üçün atılan yeni addım sayıla bilərdi. Ermənistanda buna qarşı çıxanlar olsa da, cəmiyyətin böyük bir hissəsi iki ölkə arasında konstruktiv siyasətin aparılmasının tərəfdarıdır. Lakin İrəvan şəhər rəhbərliyinin qərarı ilə “Nemesis” abidəsinin inşa edilməsindən və irqçi şüarların Ermənistan–Türkiyə futbol matçında nümayişindən sonra hava məkanının Türkiyə tərəfindən bağlanması, Osmanlı və Azərbaycan dövlət xadimlərini 1920-ci illərdə sui-qəsd edərək öldürən terrorçuların xatirəsinə ucaldılmış abidənin götürülməsi tələbi münasibətlərin davam etdirilməsini çətinləşirib.
Ümumiyyətlə, erməni xalqı Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına müsbət baxır. Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasının faydaları və riskləri bu ölkədə əsas müzakirə mövzusudur. Bir qrup insan düşünür ki, qonşularla münasibət qurmaq həyatı normallaşdıracaq və biznes açmaq imkanı verəcək. Ticarət həcminin artması ilə gəlirlərin də artacağını deyən erməni iqtisadçılar var. Türkiyə mallarının ölkəyə daxil olması iqtisadi inkişafa səbəb olacaq. Sərhədlərin açılması ilə sərhəd ticarət imkanları genişlənəcək. İctimaiyyətin 80 faizi bu cür düşünür. Türkiyəyə düşmən kimi baxan revanşistlərin xalqın əsas hissəsinə təsir etmək imkanları məhduddur.
Onlar sərhədlərin açılması və türk şirkətlərinin Ermənistana daxil olması ilə iqtisadiyyatı zəif olan ərazilərin Türkiyənin nəzarətinə keçəcəyindən narahatdırlar. Bunun müəyyən iqtisadi risklər gətirəcəyini düşünənlər də var, amma onlar çoxluq təşkil etmir. Paşinyan hökumətinin Türkiyə ilə ilkin şərt irəli sürmədən əlaqələr qurmaq üçün siyasi iradəsi var. Bu ondan irəli gəlir ki, Ermənistanın başqa yolu yoxdur və sadə insanlar hər səviyyədə qonşuları ilə normal yaşamaq arzusunu ifadə edirlər.
Bütün bunların fonunda Antalya Diplomatik Forumu çərçivəsində müəyyən “gəlişmələr”in olduğu müşahidə edildi. Forumun əsas müzakirələrindən biri Cənubi Qafqaz regionunda sülh prosesinin gedişi, Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə arasında aparılan danışıqlar, sülhün təmin edilməsi istiqamətində görülən tədbirlərin başa çatdırılması, qarşıda duran maneələrin aradan qaldırılması idi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti tərkibində Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına cavabdeh olan səlahiyyətli nümayəndə Ruben Rubinyan da vardı. Erməni diplomatlar Türkiyədən və Azərbaycandan olan həmkarları ilə görüşərək regiondakı vəziyyət, Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikirlərini təqdim etdilər.
Ermənistanın sülh sazişlərinə hazır olduğunu göstərən addımlar atması gözlənilirdi. Ermənistanın son vaxtlar Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün heç bir səy göstərmədiyi məlum idi və bunun Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı olduğu anlaşılırdı. Azərbaycan Ermənistana sülh təkliflərini göndərib və Ermənistan 1991-ci il Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi bütövlüyü iddialarını, həmçinin bu bəyannamədən sonra eyni iddiaların yer aldığı 1995-ci il Konstitusiyasının, ən azı, preambulasını dəyişdirməlidir. Bundan əlavə, 2020-ci il noyabrın 9-da imzalanmış Üçtərəfli Bəyannamənin 9-cu maddəsinin Azərbaycanın Qərb rayonlarını Naxçıvana birləşdirən yolun və kommunikasiya xəttinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməsi şərt olaraq ortaya çıxır. Ermənistan bu öhdəliyi yerinə yetirməkdən imtina edərsə, davamlı sülhə nail olmaq çətin olacaq. Erməni nümayəndələri həmişəki kimi, müxtəlif bəhanələrlə bu məsələni danışıqlar predmetindən kənara daşımaq istəyirlər. Amma bu, Türkiyə üçün də prioritet məsələdir. Türkiyə öz ərazisində, Azərbaycan isə öz ərazisində quru yolu və dəmir yolu işlərini bitirmək üzrədir, Ermənistan isə öhdəsinə düşəni etmir. Əsas maneə budur
Antalya Forumunda Türkiyənin nümayəndəsi, keçmiş səfir Sərdar Kılıç bir neçə aydır ki, Ermənistanın görüş təklifini rədd etdiyini Rubinyanın üzünə deməli olub. Bu, həm də Ermənistanın sülh danışıqlarını manipulyasiya etməyə çalışdığının göstəricisidir. Ermənistan nümayəndəsi Türkiyənin şərtlərini bəhanə kimi irəli sürür. Təbii ki, şərt kimi heç nə göstərilməyib. Bununla belə, Ermənistan dövlət səviyyəsində “soyqırımı” ideologiyasından, o cümlədən Türkiyənin Şərqi Anadolu torpaqlarına iddiasından əl çəkməli və Ağrı dağının rəmzini gerbindən çıxarmalıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfəri zamanı ABŞ Prezidenti Co Baydenin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması məsələsi müzakirə olunub. Türkiyənin dəyişməz mövqeyi bir daha xatırladılıb. Bildirilib ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.
Hakan Fidan 2023-cü ilin sonunda həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi mətbuat konfransında demişdi: “Əvvəl də qeyd etdiyim kimi, Ermənistanla normallaşmaya heç bir maneə görmürük. Biz sülh sazişinin Azərbaycanla imzalanacağını gözləyirik. Daha sonra bir çox texniki və bəzi siyasi məsələlər var. Bunlar həlli mümkün olmayan problemlər deyil”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” televiziyasına müsahibəsində deyib ki, prosesin yenidən başlaması üçün nümayəndələrin tezliklə bir araya gələcəyinə ümid edirlər. Onlar hesab edirlər ki, İrəvanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının yeni mərhələsi başlayıb. Hakimiyyət nümayəndələrinin Ermənistanın Türkiyəyə münasibətini düzəltmək cəhdləri və erməni toplumunun Türkiyəyə qarşı düşmənçilik siyasətinin olmaması bu ehtimalı gücləndirir.
Sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan–Türkiyə sərhədi bağlı olaraq qalır və bu indiki halda qarşılıqlı etimada zərbə vurur. 2023-cü ilin yazında üçüncü ölkə vətəndaşlarına sərhədlərin açılmasına gəlincə, Kılıç Ermənistan nümayəndəsinə zamanı gələndə sərhədi hamının üzünə açmaq istədiklərini bildirib. Bu o deməkdir ki, üçüncü ölkə vətəndaşlarına sərhədlərin açılması elə də böyük məsələ deyil. Üçüncü ölkə vətəndaşlarına açılan quru sərhədinin Ermənistan və Türkiyədəki diplomatik pasport sahibləri üçün də keçərli olacağı anlaşılır. Xüsusi nümayəndələr arasında danışıqların bu şəkildə davam edəcəyini söyləmək mümkündür. Mirzoyanın tarixi “Ani körpüsü”nün bərpası, sərhədyanı ərazilərdə infrastruktur və yolların çəkilməsi ilə bağlı bəzi razılıqların əldə olunduğunu deməsi də yaxın vaxtlarda sərhədlərin açıla biləcəyi ehtimalını gücləndirir.
Ermənistan sərhədlərin tez bir zamanda açılmasını hər platformada qeyd edir. Digər tərəfdən, həm Fransa, həm də digər Qərb dövlətləri ilə Ermənistanın yaxınlaşması, özünə müttəfiqlər axtarması yeni dövrdə münasibətlər prosesinə mənfi təsir göstərir. Ermənistanda bu yaxınlarda keçirilən sorğuda Fransa, İran və ABŞ-ın bu ölkənin ən mühüm təhlükəsizlik tərəfdaşları kimi önə çıxması mühüm göstəricidir. Ona görə də qeyd etmək lazımdır ki, bu oxun yerdəyişməsi Rusiya tərəfindən yaxından izlənilir. Nəhayət, İrəvanın lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəkləri barədə bəyanatı və rus əsgərlərinin Zvartnots hava limanını tərk etmələri barədə açıqlamaları da gərginliyin artmasının mühüm göstəricilərindəndir.
Fransanın bölgədə artan gərginliyi, xüsusən də Azərbaycana münasibəti danışıqları poza biləcək digər problemdir. Çünki Azərbaycanla Fransa arasında diplomatik böhranla başlayan gərginlik hələ də səngiməyib. Ermənistanın Hindistanla münasibətlərində bəzi məqamlar maneə törədir və İrəvan Hindistandan təkcə hərbi ləvazimatlar almır, həm də ciddi əhali miqrasiyası baş verir, bu da Ermənistanla Türkiyə arasında münasibətlərdə öz mənfi rolunu oynayır.
Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün hələ imkanlar var və bu danışıqlar regionun barışa qovuşacağı ümidlərini artırır. Bunun reallaşması isə Ermənistanın ortaya çıxan məsələlərə konstruktiv yanaşmasını tələb edir.
Qafar Çaxmaqlı,
“XQ”nin Türkiyə müxbiri