30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz dağıdılıb, mədəni irsimizə böyük zərbə vurulub, əkin sahələrimiz yararsız hala salınıb, infrastruktur məhv edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, elektrik enerjisi, avtomobil və dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi azad olunmuş ərazilərin inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi gerçəkləşdirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi isə Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri arasında su təchizatının bərpası xüsusi yer tutur. H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev bildirdi ki, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. “Ölkəmizin yerli su ehtiyatlarının 25 faizi, yəni, ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidədir. Onların əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Bu resurslar üzərində qısa müddətdə böyük infrastruktur layihələri icra edilib və bu işlər hazırda da davam etdirilir. Həyata keçirilmiş tədbirlər arasında Xaçınçay və Köndələnçay su anbarlarının bərpa-təmiri layihələri xüsusi yer tutur”.
Qeyd edək ki, Ağdam rayonundakı Xaçınçay anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən suvarılan minlərə hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Ermənilər qış mövsümündə anbardan suyu açıb buraxır, bu da azərbaycanlıların əkin sahələrini basır, mülki infrastruktura ziyan vururdu. Bundan başqa, onlar anbarda təmir-bərpa işləri aparmamışdılar.
2022-ci ilin mart ayında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində Xaçınçay su anbarı tamamilə Azərbaycanın nəzarətinə keçdikdən sonra su terrorunun da qarşısı alındı. Həmin su anbarının və ondan çıxan kanalın təmiri və bərpasına başlanıldı. Təkcə bəndin beton hissəsinin 80 min kvadratmetrə yaxın aşınan hissəsi sökülüb çıxarıldı. 20–30 santimetr qalınlığında beton vuruldu. Yamacda görülən işlərlə yanaşı, ermənilər tərəfindən bərbad vəziyyətə salınmış suqəbuledici qurğuların bərpası həyata keçirildi. Hazırda kanalın səthi tamamilə betondur. Bu da su itkisinin qarşısını alır.
Ümumilikdə, Xaçınçay su anbarı vasitəsi ilə 7 min hektar əkin sahəsinin suvarılması təmin ediləcək. Onun suyu subartezian quyularının suyu ilə müqayisədə daha keyfiyyətli və daha zəngindir. Belə ki, subartezian quyularının suyunda nisbətən duzlaşma, şorlaşma mövcuddur. Ancaq dağ çaylarından gələn sularda minerallar var, bu da bitkilər üçün daha faydalı hesab olunur.
Bu günlərdə Füzuli rayonundakı Köndələnçay su anbarları kompleksi də təmir-bərpadan sonra istifadəyə verilib. Kompleks 3 su anbarından ibarətdir. Aşağı Köndələnçay su anbarının ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), “Köndələnçay-1” su anbarının ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), “Köndələnçay-2” su anbarının ümumi su tutumu isə 2,1 milyon kubmetrdir (faydalı həcmi 1,6 milyon kubmetr).
Onun sözlərinə görə, hər 3 su anbarı təmir-bərpa olunaraq istifadəyə verilib. “Əsas məqsəd böyük kənd təsərrüfatı rayonu olan Füzulinin min hektarlarla əkin sahələrini suvarma suyu ilə təchiz etməkdir. Ümumi su tutumu 15,5 milyon kubmetr olan su anbarlarından istifadə nəticəsində 6200 hektar əkin sahəsini suvarmaq mümkün olacaq. Onun 5 min hektarı işğaldan azad edilən ərazilərdə olan torpaqlardır”.
Suqovuşan su anbarı da yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikincisi də təmir olunur. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Əsas məqsəd Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək olub. Amma işğal dövründə keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin susuz qalıb. Məsələn, Tərtərdə 24,5 min, Ağdərədə 14,4 min, Goranboyda 7 min, Yevlaxda 5,9 min, Bərdədə 12,6 min, Ağdamda 30 min, Ağcabədidə 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranıb. Nəticədə, münbit torpaqlarımız şoranlaşıb. Mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrorun daha bir nümunəsidir.
Suqovuşan su anbarının bərpasından sonra 30 il ərzində ilk dəfə Tərtər və digər rayonlara su verildi. Suvarılan əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq.
Bu arada “Xudafərin” hidroqovşağı istismara verilib və “Qız Qalası” hidroqovşağının açılış mərasimi olub. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasına və 12 min hektar yeni əkin sahələrinin suvarılmasına imkan yaradacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadə olunan su anbarlarl ilə yanşı, bu gün tikintisi davam edən və tikiləcək su anbarları da var. Zabuxçay su anbarı onlardan biridir. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, əkin sahələrinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarı inşa olunur. Zabuxçayın suyu yeni su anbarında tənzimlənməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə veriləcək. Su anbarının sayəsində Qubadlı və Zəngilan rayonları ərazisində 12 min 100 hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Anbarının bu il istifadəyə veriləcəyi gözlənilir.
Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Riad Axundzadə isə bildirib ki, Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, sənədlərin hazırlanmasının bu ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.
R.Axundzadə qeyd edib ki, Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan 62 kilometr uzunluğunda magistral boru xəttinin layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 12 min hektar yeni torpaq sahəsi suvarılacaq.
Qarabağ və Şərqi Zəngəzurunın kənd təsərrüfatı üçün yararlı torpaqların, zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması, bütövlükdə, regionun iqtisadi inkişafını sürətləndirəcək. Ən müasir texnologiyaların tətbiqi nəticəsində bu bölgələrdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hər şey planlı şəkildə edilir ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq götürülsün.
Pünhan ƏFƏNDİYEV
XQ