Birlik ölkələrinin iqtisadiyyatı bu il 1,9 trilyon dollara çatacaq
Türk dövlətlərinin cari ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüməsi və 178 milyon əhali sayına çatması ilə dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. Türk İnvestisiya Fondunun (TİF) yaradılmasında ən böyük məqsəd isə türkdilli dövlətlər arasında iqtisadi-ticari əlaqələrin inkişafını təmin etməkdir.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bu barədə fondun İstanbulda keçirilən açılış mərasimində bildirib. Nazir, eyni zamanda, TİF-in nizamnamə kapitalının 500 milyon dollar olduğunu vurğulayıb.
“Bu maliyyə qurumu həm dövlət, həm də özəl sektora investisiya qoyuluşunu sürətləndirəcək, eləcə də kiçik və orta biznesin inkişafı, bərpaolunan enerji, kənd təsərrüfatı, turizm kimi bir çox sahələrdə sərmayə yatırımında mühüm rol oynayacaq, davamlı iqtisadi inkişafa töhfə verəcək”, – deyə M.Şimşek qeyd edib.
Fondun yüksək standarta cavab verən beynəlxalq maliyyə təşkilatı olmasının hədəfləndiyini vurğulayan türkiyəli nazir qurumun strukturu, qərar qəbuletmə mexanizmləri, insan resursları, risklərin idarə edilməsi, monitorinq və audit funksiyaları ilə beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcəyini deyib.
M.Şimşek tədbir çərçivəsində sözügedən maliyyə qurumu ilə bağlı sazişin imzalanacağını da bildirərək Macarıstanın Türk İnvestisiya Fonduna üzv olmaq istəyinin məmnuniyyətlə qarşılandığını diqqətə çatdırıb və fondun fəaliyyətə başladığı zaman bu ölkənin üzvlük prosesinin yekunlaşdırılmasının da gündəmdə olacağını deyib.
Tədbirdə çıxış edən TİF-in prezidenti Bağdad Amreyev bu maliyyə qurumunu ölkələr arasında iqtisadi münasibətləri, əlaqələri və davamlı inkişafı təşviq etmək baxışı kimi qiymətləndirib. Fondun etimad, əməkdaşlıq və ortaq rifaha əsaslanan daha parlaq gələcəyə doğru birgə çalışmaq əzmində olduğuna diqqət çəkən B.Amreyev onun inkişaf layihələrini maliyyələşdirməklə yanaşı, investisiyaların cəlb edilməsində təsirli bir vasitə olacağını əminliklə vurğulayıb.
TİF-in Prezident İlham Əliyevin 27 aprel 2024-cü il tarixli sərəncamı ilə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanununa uyğun olaraq qurumun Rəhbərlər Şurasında ölkəmizdən Rəhbər iqtisadiyyat naziri, alternativ Rəhbər isə maliyyə naziri təyin edilib və onlara həmin maliyyə təşkilatında respublikamızı təmsil etmək səlahiyyəti verilib.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılan TİF türk dövlətlərinin əməkdaşlığının, birliyinin, qardaşlığının daha da güclənib inkişaf etməsi, xüsusən də iqtisadi, ticari əlaqələrin, böyük və ortaq infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində çox böyük uğurdur.
Fondun fəaliyyətində regiondaxili ticarətin gücləndirilməsi, iqtisadi layihələrin dəstəklənməsi və TDT-yə üzv ölkələrin iqtisadi inkişafına töhfə verilməsi nəzərdə tutulur.
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev fondun İstanbulda keçirilən açılış mərasimindəki çıxışında ölkəmizin TDT çərçivəsində əməkdaşlığın artırılmasına böyük əhəmiyyət verdiyini, təşkilata üzv ölkələrlə hər sahə üzrə əlaqələrin gücləndirilməsinin respublikamızın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bu, TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrin iqtisadi əməkdaşlığının yüksək inkişafını göstərən göstəricilərdə də öz ifadəsini tapıb. Qeyd edək ki, təkcə cari ilin ilk rübündə Azərbaycanın TDT üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbər olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin dövrdə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məbləğində idxal-ixrac əməliyyatları həyata keçirib.
2024-cü ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, TDT 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış sazişə əsasən, 2012-ci il noyabrın 1-də yaradılıb. İlk vaxtlar təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildən isə qurum Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. TDT türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə yaradılmış dövlətlərarası blokdur. Qurumun üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
TDT fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Qeyd edək ki, TDT-nin sıraları təşkilatın fəaliyyəti dövründə əhəmiyyətli dərəcədə möhkəmlənib, quruma üzv dövlətlər arasında ümumi ticarət dövriyyəsinin həcmi 30 milyard dollara yaxınlaşıb. Tərəflər arasında həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması davamlı şəkildə yaxşılaşıb, əlaqələrin daha da güclənməsi məqsədilə genişmiqyaslı nəqliyyat layihələri reallaşıb.
TDT-nin ötən ilin noyabr ayında Astanada keçirilən 10-cu Zirvə görüşündə dövlətimizin başçısı çıxış edərək bununla bağlı bir sıra məqamlara toxunub. Ölkə rəhbəri bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra respublikamızın TDT-nin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu və bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini də qeyd edib.
Azərbaycanla TDT-nin üzv dövlətlər arasında dost münasibətləri ifadə edən bir faktı da xatırlatmaq yerinə düşərdi. Prezident İlham Əliyev Astanada keçirilən toplantıdakı çıxışında Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayarkən, bu prosesə Türk dövlətlərinin də maraq göstərdiklərini, Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli şəhərində məktəb və yaradıcılıq mərkəzi inşa edildiyini, eyni zamanda, bunu Azərbaycan, Özbəkistan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürü kimi dəyərləndirib.
Vaqif BAYRAMOV
XQ