Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə–Gürcüstan– Azərbaycan nəqliyyat qovşağını dövrün çağırışı adlandırdı
Artıq Cənubi Qafqaz ölkələri arasında münasibətlərin bütün sahələrdə durulmağa doğru getdiyi mərhələ başlanıb. “Qafqaz evi”nin sakinləri olan Azərbaycan, Gürcüstan, Ermənistan və onların yaxın qonşuları – Rusiya, Türkiyə və İran (“3+3” formatı - red.) sülh və əmin-amanlıq şəraitində qarşılıqlı faydalı əməkdaşlığa söykənən uğurlu gələcəyi qurmaq barədə düşünürlər.
Gürcüstanın Baş naziri İrakli Kobaxid-zenin Türkiyəyə rəsmi səfərinə məhz bu nöqteyi-nəzərdən yanaşmaq daha doğru olardı. Gürcüstanın hökumət başçısı Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirib. İ.Kobaxidzenin Türkiyə lideri ilə görüşündə iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətləri müzakirə edilib. Həmçinin regional və beynəlxalq əlaqələrin də gündəmdə olduğu görüşlərdə, xüsusilə, Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələri aparılıb.
Qeyd edək ki, bu səfərlə bağlı yerli ekspertlər Gürcüstan və Türkiyənin Şərq–Qərb nəqliyyat marşrutu üzərində tranzit ölkələr kimi daha çox əməkdaşlıq etməyə qadir olduğuna diqqəti yönəldirlər. Onların qənaətinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyə–Gürcüstan–Azərbaycannəqliyyat qovşağının əhəmiyyətini daha da artıracaq. Bu görüşün regional əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacağına əminliklərini bildirirlər.
Bu kontekstdən yanaşanda, Ermənistanın bölgə ölkələri ilə əlaqələrini normallaşdırması və regiona yenidən inteqrasiyası üçün Gürcüstanın müsbət rol oynayacağı şəksizdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət bundan əvvəl “Bölgədə üçtərəfli əməkdaşlığı dəstəkləyirik” və “Gürcüstan regional əməkdaşlığın açarıdır” kimi şərhləri böyük əhəmiyyət daşıyır.
Bölgəyə tezliklə sülhün gələcəyinə böyük inam
Ankarada ikitərəfli görüşdən sonra Türkiyə Prezidenti ilə Gürcüstan Baş naziri mediaya birgə açıqlama veriblər. “XQ” Türkiyənin “TRT haber” telekanalına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan hazırda Gürcüstanda baş verənlərə münasibətini bildirib. O, Gürcüstanda gedən siyasi proseslərin gürcü xalqının xeyrinə nəticələnəcəyinə ümid və arzu etdiyini vurğulayıb. R.T.Ərdoğan, həmçinin Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Türkiyə liderinin jurnalistlər qarşısında çıxışında diqqət çəkən məqamlardan biri onun Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin region ölkələri üçün tarixi fürsət yaradacağı barədə açıqlaması oldu. Türkiyənin Gürcüstana güclü dəstək verdiyini bir daha vurğulayan R.T.Ərdoğan iki ölkə arasında ticarət həcmini 5 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib. Orta dəhlizin əsası olan Bakı–Tbilisi–Qars dəmir yolunun yenidən tam gücü ilə fəaliyyətə başlaması üçün işin davam etdirildiyini söyləyən Türkiyə lideri Gürcüstanın hava limanları, yollar kimi böyük infrastruktur layihələrini dəstəkləyəcəyini diqqətə çatdırıb. R.T.Ərdoğan Gürcüstanın Baş naziri ilə regional və qlobal məsələləri, eləcə də Qəzzadakı vəziyyəti, Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə etdiklərini bildirib.
İrakli Kobaxidze öz növbəsində Bakı və İrəvanın sonda sülh razılaşmasına nail olacağına inandığını deyib: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarilə sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq”.
Tarixi fürsətdən yararlanmaq məqamı
Gürcüstan Baş nazirinin Türkiyə səfəri, ilk növbədə, bölgə ölkələri arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə müəyyən qədər aydınlıq gətirdi. Bəli, Ankara kimi, Tbilisi də Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında birbaşa maraqlı olan tərəflərdir. Ən azı, ona görə ki, bu dövlətlərin ikisi də bölgə ölkələridir. Və Cənubi Qafqazda sülhün, sabitliyin, həmçinin əməkdaşlıq mühitinin formalaşması və yeriməsi həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına tam cavab verir. Türkiyə Prezidentinin dediyi kimi, doğrudan da, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması və yekun sülh sazişinin imzalanması üçün mövcud tarixi fürsətdən yararlanmağın məqamıdır. Bu prosesə zəmin qatan amillər onun reallaşmasına mane olan əngəlləri artıq arxa plana keçirib. Yəni Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına başlanıb, üstəgəl, vasitəçisiz ikitərəfli təmaslar intensivləşib. Deməli, indiki reallıq Cənubi Qafqazda “suların durulmasına” mane olan üçüncü qüvvələrin, xüsusilə ABŞ və Fransanın proseslərə müdaxiləsini, faktiki olaraq, sıfıra endirib.
Artıq regional ölkələrin hamısı, o cümlədən Ankara və Tbilisi Azərbaycanla Ermənistan arasında sülhlə bağlı inamlı, müsbət mesajlar verirlər. R.T.Ərdoğanın dediyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, doğrudan da, tarixi fürsət olacaq. Yuxarıda qeyd etdik ki, bölgədə “3+3” platformasının formalaşması, ilk növbədə, region ölkələrinin qarşılıqlı faydalı əməkdaşlığı üçün geniş imkanlar yaradacaq. Bunun nəticəsində kənar aktorların bölgəyə öz “bayraqlarını sancmaq” planlarının da birdəfəlik sonu gələcək.
Hamı üçün aydındır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyə qədər Gürcüstan da maraqlıdır. Axı, Gürcüstan hər iki ölkə ilə qonşudur, ortaq sərhədə malikdir. Tbilisi Bakı ilə olduğu kimi, İrəvanla da normal qonşuluq, bərabər səviyyəli əməkdaşlıq münasibətlərinə malikdir. Aşkar görünən həqiqət odur ki, indiki vəziyyətdə Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsi Gürcüstanın milli maraqlarına qətiyyən uyğun gəlmir. Tbilisi yaxşı bilir ki, yaxın qonşuları arasında “umu-küsüyə” son qoyulması, barışığın əldə olunması, nəhayət, yekun sülh sazişinin imzalanması, bütövlükdə, regionun, o cümlədən də onun xeyrinə işləyəcək. Bölgədə iki və üçtərəfli münasibətlərin normal məcraya düşməsi, regional sağlam əməkdaşlıq mühitinin yaradılması bölgə dövlətlərinin iqtisadi dirçəlişinə, xalqların rifah halının yaxşılaşmasına səbəb olacaq.
İndi növbə İrəvanındır
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Ankarada çıxışı zamanı üçtərəfli əlaqələrin inkişafına toxunması təsadüfi deyildi. O, bu zaman Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığının hər üç ölkə üçün nə qədər vacib olduğuna diqqəti çəkmək istədi. Məhz üçtərəfli əlaqələrin inkişafı yaxın gələcəkdə Gürcüstan və Rusiya arasında mövcud problemlərin həllinə, “buzların əriməsi”nə də səbəb ola bilər. Bu müstəvidə Bakı Tbilisi və Moskva arasında uğurlu vasitəçilik missiyasını yerinə yetirə biləcək ən optimal variantdır.
Beləliklə, Türkiyə və Gürcüstan liderləri Cənubi Qafqazla bağlı Ankaradan dünyaya yeni və mühüm mesajlar verdilər. Bölgədə yeni düzəni nəzərdə tutan bu mesajlar, aydın məsələdir ki, hər şeydən əvvəl, regional əməkdaşlıq baxımından dəyərləndirilməlidir. İndi növbə İrəvanındır.
Məlum məsələdir ki, İrəvanın Bakının irəli sürdüyü şərtlərə uyğun olaraq sülh sazişini imzalaması Ermənistanın Türkiyə ilə münasibətlərinə birbaşa təsir göstərəcək. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması yaxın perspektivdə rəsmi İrəvan üçün, indi ciddi ehtiyac duyduğu, yeni təhlükəsizlik çətirini formalaşdıra bilər. Artıq İrəvan Qərb və Rusiya arasında “iki stulda əyləşmək taktikası”ndan, “böyük güclər”lə “gizlənqaç” oyunundan vaz keçməli, Bakıdan, Ankaradan, Tbilisidən edilən sülh və əməkdaşlıq çağırışlarına cavab verməlidir.
İ.HƏSƏNQALA
XQ