Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağa getməsi onun Azərbaycanla sadəcə tərəfdaş deyil, həm də sədaqətli dost olmasının mesajı idi.
Azərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə sirayət etdiyi göz qabağındadır.
Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına baxmayaraq Ermənistan–Azərbaycan münaqişəsində ölkəmizin ədalətli növqeyini dəstəkləməkdən çəkinməyib. 44 günlük Vətən müharibəsinin gedişində Nikol Paşinyan KTMT-ni Azərbaycana qarşı “döyüşməyə” çağıranda Aleksandr Lukaşenko qəti surətdə buna qarşı çıxmışdı. 2022-ci ilin oktyabrında KTMT-nin növbədənkənar sessiyasında Ermənistan baş nazirinin haqsız ittiham və iddiaları qarşısında onun Azərbaycanı necə müdafiə etdiyini yaxşı xatırlayırıq. Yəni İlham Əliyevin Belarus liderini ölkəmizin böyük dostu adlandırması heç də təsadüfi deyil. Dünən A.Lukaşenkonun Qarabağa – Füzuli və Şuşaya səfər etməsi bu dostluğun bir daha təsdiqi sayılmalıdır. Onun bu addımı təkcə Ermənistana deyil, eyni zamanda, bütün dünyaya verilən açıq mesajdır. Bakı və Minskin öz aralarında “saat əqrəbləri”ni nizamlamaq fürsətindən yararlanmaları, nədənsə, İrəvanda təlaş doğurub.
Biz Prezident Aleksandr Lukaşenko tərəfindən həmişə belə yanaşmanın şahidi olmuşuq. Belarus və Azərbaycanın istər regional, istərsə də beynəlxalq platformalarda sıx əməkdaşlıq ənənəsi var. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev çətin sosial və iqtisadi situasiya ilə üzləşən Belarusa maliyyə yardımı göstərib. Bir sözlə, son 30 ildə iki ölkə arasındakı münasibətlər liderlərin etibarlı dostluğu fonunda yalnız müsbət məcrada inkişaf edib. Təməlində qarşılıqlı etimadın və dostluğun dayandığı siyasi dialoq bu gün özünün ən yüksək nöqtəsinə çatıb. Azərbaycan–Belarus iqtisadi əməkdaşlığının böyük potensialından xəbər verən fakt: son illər postsovet məkanında Rusiya və Qazaxıstanla yanaşı, Belarus ölkəmizin ilk üçlüyündə yer alan ən böyük ticarət tərəfdaşıdır.
Qarabağa Belarus dəstəyi
Azərbaycanı dəstəkləyən dost və qardaş ölkələr – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğısızıstan, Türkmənistan, Pakistan kimi, Belarus da işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında iştirak edə bilər. Bu təklifi Bakıda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun diqqətinə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev yaxın gələcəkdə ikitərəfli münasibətlərin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyinə əmin olduğunu söylədi: “Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”.
Belarus şirkətlərini Qarabağda bərpa-quruculuq işlərinə fəal qoşulmağa dəvət edən dövlətimizin başçısı Minskin çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin inşası üzrə təcrübəsinin olduğunu deyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko öz növbəsində Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib. “Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, – deyən A.Lukaşenko bu işin çox vaxt, böyük əmək tələb edəcəyini və Belarusun bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb.
Şuşa dostların məkanıdır
Oxucuların diqqətini bir daha Azərbaycanda dövlət səfərində olan Belarus liderinin Qarabağa getməsi faktına yönəltmək istərdik. A.Lukaşenkonun səfərinin ən yaddaqalan məqamı onun məhz Qarabağa– Füzuliyə, Şuşaya getməsi oldu. Bu, bir növ, Azərbaycana səfərə gələn dövlət və hökumərt başçılarının rəsmi protokolunda qeyd olunmamış qaydadır. Azərbaycan Prezidenti dost və qardaş bildiyi qonağını Qarabağa, ilk növbədə, Şuşaya aparır. Məqsəd yüksək qonağa təkcə erməni vandallarının torpağımızda törətdikləri vəhşilikləri öz gözü ilə görmək imkanını yaratmaq deyil, həm də onu doğma yurdumuzun gözəlliyi, burada aparılan nəhəng bərpa-quruculuq işləri ilə tanış etməkdir. Belarus Prezidenti Aleksandr Lukaşenko da seçilmişlərin siyahısında olan dost ölkənin başçısıdır. Bu mənada, Şuşa Azərbaycana səmimi münasibəti, dost vəfadarlığı ilə yanaşan qonaqlarımıza qapılarını açan müqəddəs məkana çevrilib.
HAŞİYƏ: Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda belarus millətindən olan vətəndaşlarımız da iştirak ediblər. Onlardan biri, gəncəli mayor Anatoli Davidoviç Birinci Qarabağ müharibəsində torpağımız uğrunda canını verib. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu gün onun anası qəhrəman oğluna görə Azərbaycandan təqaüd alır. 2019-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri Zakir Həsənov qəhrəman zabitin anasına hospitalda baş çəkib. Onun müalicəsi ilə bağlı bütün xərcləri Azərbaycan hökuməti öz üzərinə götürüb. 2015-ci ildə Gəncə şəhərindəki küçələrdən birinə Anatoli Davidoviçin adı verilib, onun xatirəsinə ehtiram əlaməti olaraq xatirə lövhəsi qoyulub.
Dövlətimizin başçısı mətbuata verdiyi müsahibələrdən birində 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan ölkələr ilə əlaqələrin inkişafına xüsusi önəm veriləcəyini bildirib. Həm də bu amilə görə Belarus Qarabağımızın yenidən inşasında iştirak edən dost ölkələrin sırasına daxildir. Bu, eyni zamanda, beynəlxalq və regional miqyasda baş verən proseslərin, qlobal çağırışların yaratdığı zərurətdir.
İmran BƏDİRXANLI
XQ