Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzrə Almatıda danışıqlar aparmasını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində bildirib.
“Mayın 10-11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzrə Almatıda danışıqlar aparmasını alqışlayırıq. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhə və təhlükəsizliyə nail olunması istiqamətində daha bir addım atıldı. Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Əgər tarixə müraciət etsək, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmanın dayandırılmasına ən ciddi cəhdlərdən birini - 1991-ci ilin sentyabrında Jeleznovodsk Bəyannaməsinin işlənib hazırlanması və qəbuluna verdiyi əhəmiyyətli töhfəni görərik”, - deyə nazir müavini qeyd edib.
RF xarici işlər nazirinin müavini, həmçinin regionda Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının olması faktını şərh edib. Onun sözlərinə görə, Ermənistanda Aİ missiyası NATO-ya üzv ölkələr cəlb edilməklə və şübhəli məqsədləri olan Qərbin yarımhərbi əməliyyatına çevrilib. M.Qaluzin hesab edir ki, missiyanın nə Ermənistana, nə də Azərbaycana tabe olmaması və ona nəzarət edilməməsi deməyə əsas verir ki, o, Aİ-nin hibrid müharibə alətidir. “Missiya açıq-aşkar təxribatçılıq fəaliyyəti aparır, anti-Rusiya təbliğatı ilə, erməni cəmiyyətində Avropa İttifaqının Ermənistanın “təhlükəsizlik və tərəqqi mənbəyi” olması kimi yanlış təsəvvürlər yaymaqla məşğul olur. Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə anti-Azərbaycan və anti-İran xarakteri alır”, - deyə Qaluzin qeyd edib.
RF XİN başçısının müavininin fikrincə, Cənubi Qafqazın tərəqqisinə gedən yol inklüziv dialoqdan, xüsusən də “3+3” məşvərətçi regional platforması çərçivəsində yaranan məsələlərə kollektiv cavabın axtarışından və region xaricindəki qüvvələrin geosiyasi göstərişlərinə müqavimət göstərməkdən keçir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva