Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur

post-img

Şuşa rayonunun Turşsu qəsəbəsində birinci mərhələdə 50 ev inşa olunacaq. Ümumilikdə isə qəsəbədə 353 evin tikintisi nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri Turşsu qəsəbəsinə gedərək, həyata keçirilən tikinti işləri ilə maraqlanıb. Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi Kiçik Qafqazın Sarıbaba silsiləsinin Kiçik Kirs dağı ətəyində, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq. Qəsəbəyə ilkin mərhələdə 50 ailə, və ya 202 nəfər köçürüləcək.

Evlərin 3-ü ikiotaqlı, 29-u üçotaqlı, 12-si dördotaqlı, 6-sı beşotaqlı olacaq. Qəsəbədə fərdi evlərlə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati bina və digər obyektlərin də tikintisi nəzərdə tutulub. Hazırda ərazidə tikinti meydançalarının və yolların genişləndirilməsi işləri həyata keçirilir. Bu il Turşsu sakinlərinin doğma yurdlarına qayıdışı nəzərdə tutulur.

Turşsu qəsəbəsi Qarabağın turizm potensialı ilə seçilən guşələrindəndir. Saf dağ iqlimi, Zarıslı çayının kənarında yerləşməsi, yaxınlıqda mineral tərkibli Turşsu bulağının olması gələcəkdə buranın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Odur ki, qəsəbədə yaşayış massivi ilə yanaşı, turizm zonanın (kurort zonasının) da layihələndirilməsi planlaşdırılır.





Sosial həyat