Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirlər müasir Azərbaycanımızın qüdrətlənməsi proqramının əsas istiqamətlərini göstərməkdədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin həyatının bütün məqamları zəngin məna çalarlarına malikdir. Maraqlı fakt odur ki, dahi rəhbərin 1990-cı ildə doğma Vətəninə, uzun illər rəhbərlik etdiyi Azərbaycanın paytaxtı Bakı şəhərinə qayıdışı siyasi mühitdə təşvişə səbəb oldu. SSRİ rəhbərliyinin tapşırıqlarına müti qul kimi itaət edən Azərbaycan “rəhbərliyi” Heydər Əliyevin Bakıda qalmasının qarşısını almaq, onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq məqsədilə terror etməkdən belə çəkinmədilər. Lakin belə hadisələrlə Heydər Əliyevi siyasətdən kənarlaşdırmaq mümkün olacağını düşünmək siyasi diletantlıq olardı.
O dövrkü hakimiyyət daha da irəli gedərək Heydər Əliyevin birdəfəlik siyasi fəaliyyətinə məhdudiyyət qoymaq məqsədi ilə Prezident seçkilərində iştirak üçün yuxarı yaş senzi müəyyən etdi. 26 iyun 1991-ci il tarixdə Ayaz Mütəllibovun imzası ilə Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Qanun qəbul edildi. Qanunun birinci maddəsində deyilir: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun.”
Bəli, təəssüf ki, bu qanun birbaşa şəxsən Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısını almağa yönəlmiş hüquqi maneə idi. Ulu öndər isə hakimiyyətə can atmır, öz sakit həyatını yaşamaq üçün doğma Naxçıvana getməyi daha uyğun bildi. Naxçıvan əhalisi Heydər Əliyevi təkidlə fəal siyasətə cəlb etdi. Bu isə Naxçıvanı müstəqillik tariximizin flaqmanına çevirdi.
Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanıldı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarda deyilirdi:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş Dövlət bayrağı zala gətirildi və Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.
Ulu öndər bu hadisəni belə xatırlayırdı: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".
Bundan sonra – 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Tarixi sənədin 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Heydər Əliyevin parlamentdəki ilk çıxışı 7 mart 1991-ci il tarixdə yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə edildiyi zamana təsadüf edir. Həmin vaxt parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü. Bir qisim Azərbaycanın ittifaqdan ayrılıb müstəqil, azad bir dövlət kimi yaşamasının tərəfdarı idi. Digər qisim isə Azərbaycanın ittifaq tərkibində qalmasına tərəfdar idi.
Müstəqillik tərəfdarları Azərbaycan xalqının azadlıq istəyinin carçıları idi. Bu siyasətçilərin önündə Heydər Əliyev idi. Ulu öndər parlamentdəki çıxışında SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə onun imperiya olduğunu bildirir və yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirdi. "Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir", – deyə Ulu öndər bildirmişdir.
Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə özünün sərt və açıq münasibətini ifadə etmişdi. O, bu fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmasına, aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. Qeyd edirdi ki, Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə, buna bir izahat vermək lazım idi?
Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanırdı. O, özünü Xalq Cümhuriyyətinin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyirdi: "28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 May 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət, öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?"
Heydər Əliyevin irəli sürdüyü dövlətçilik konsepsiyasının əsasında müstəqillik ideyası dayanırdı. Ulu öndər çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".
Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvəllərində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb edir. Hələ Azərbaycanın Zaqafqaziya seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyi, nicatımızın yalnız Rusiyada olduğunu səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Yusifbəyli isə Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda Müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yusifbəyli deyirdi: "Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!"
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".
Heydər Əliyev tarixi varislik prinsipini ehtiramla qoruyur. Bu irsin daşıyıcılarına böyük hörmət bəsləyirdi. Heydər Əliyevlə Rəsulzadə ailəsinin görüşü barədə böyük siyasi xadimin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadənin fikirləri maraqlıdır. R.Rəsulzadə bu görüş barədə maraqlı məqamlara toxunaraq deyir: "Bu hadisə atamın Bakıya son gəlişində baş vermişdi. 1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşün vaxtına hələ vaxt vardı. Atam mənə dedi ki, gəl Şəhidlər xiyabanına gedək, şəhidlərimizi ziyarət edək. O vaxt orada 20 Yanvar şəhidləri dəfn edilmişdi. Şəhidlər xiyabanında şəhidlərimizi ziyarət etdik. Şəhidlər xiyabanında heç kim yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, o, Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən odur. Onun da yanında jurnalistlər var idi. Özü də girəcəkdə idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, "Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?" Atam dedi, bəli. Heydər Əliyev dedi ki, "mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim problemləriniz var. Səhhətiniz nə yerdədi?" Atam da dedi ki, "Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura". Heydər Əliyev də dedi ki, "Mən də "kommunist" damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm".
Bizim burada 3 evimiz var idi, atam deyirdi ki, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, "düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz?" Heydər Əliyev də atama dedi, "Əlbəttə, sizə ev verərdim, niyə vermirdim". Bundan sonra Heydər Əliyev çox maraqlı bir tarix danışır: "O vaxtı "Qlavlit"də müdür, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o, olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim o nə deməkdir ki? Gətirin vəzifəyə həmin adamı. Gəldi, fəaliyyət göstərdi, özünü doğrultdu da həmin adam. Ona görə o vaxt gərək gələrdiniz".
Heydər Əliyev bizimlə görüşdüyü dönəmdə Naxçıvanda fəaliyyət göstərirdi. Ona görə deyirdi ki, indi mənim burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, orada nə şərait istəyirsiniz, sizə yarada bilərəm. Qeyd etdi ki, orada mənim stolumun üstündə Leninin büstü var idi, onu atdıq, Məhəmməd Əmin Rəsulzadənin büstünü qoymuşuq, onun bayrağını asmışıq. Görüş belə oldu...”
R.Rəsulzadə Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, atasına qarşı dəfələrlə təxribatlar törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub: "1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm".
Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: "1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm".
M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: "Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik".
Müstəqllik Heydər Əliyevin həyatının əsas qayəsidir. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ağır dövr haqqında Heydər Əliyev özü belə deyir : “Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm. Götürmüşəm ona görə yox ki, bəziləri bu vəzifəyə can atırlar. Götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə , öz doğma vətəndaşlarıma, öz doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm. Heç bir şey məni qorxutmur, heç bir şey məni çəkindirmir. Mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqliliyini qorumuşam və qoruyacağam”.
Heydər Əliyev: "Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!"
Heydər Əliyev öz siyasi varisini məhz bu ruhda tərbiyə etmişdir.Müstəqillik onun böyük şövq ilə yetişdirdiyi uğurlu siyasi varis İlham Əliyevin artıq həyat kredosuna çevrilmişdir.
Estafeti uğurla davam etdirən İlham Əliyev 30 illik işğala, 200 illik məğlubiyyət sindiromuna 44 günə son qoydu. Artıq Qafqazda sülh prosesinin fundamental şəkildə yaradılması üçün ciddi siyasi diskussiyalar davam edir.
Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilidikdən sonra bölgədə yeni reallıqlar, yeni çağırışlar diktə edir. Bu reallıqların əsas hərəkətverici qüvvəsi Qafqazın şəriksiz siyasi lideri, müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Bu günlərdə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edən cənab İlham Əliyev bu məsələləri geniş şəkildə müzakirə edərək çox vacib məqamlara toxunub. Bildirib ki, biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq.
Lakin cənab İlham Əliyev sülh axtarışlarının birtərəfli ola bilməyəcəyini vurğulayır: “Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonra da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm”.
Bu gün Azərbaycan sürətli inkişaf mərhələsindədir. Dünya dövlətlərinin uzun illər boyu həll edə bilmədikləri problemləri özü həll etdi. Bütün bunları, təbii ki, sıradan bir hadisə kimi qiymətləndirmək olmaz. Bunu dəqiq düşünülmüş və hesablanmış siyasət və strategiyanın, həmrəyliyin, güclü iqtisadiyyatın və siyasi varisliyin son nəticəsi kimi qiymətləndirmək lazımdır. Cənab İlham Əliyev haqlı olaraq Azərbaycanın işıqlı gələcəyinin məhz Heydər Əliyev siyasi kursu ilə bağlı olduğunu qeyd edir. Bu siyasi kursun elmi şəkildə öyrənilməsi həm siyasətçilər, həm də tədqiqatçılar üçün zəruridir. Çünki bu siyasi kurs Azərbaycanın uzun müddətli parlaq gələcəyini müəyyən edəcək.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri