Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub.
Toplantının əvvəlində Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib, Ümummilli liderin mənalı həyat yolunu əks etdirən qısa film nümayiş etdirilib.
Ankara Universitetinin rektoru Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov proqramda çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və Türk dünyası qarşısında xidmətləri barədə ətraflı söhbət açıblar.
Ümummilli lideri Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç Heydər Əliyevi şəxsən tanımaqdan, onun sağlamlığının bərpasında fəal iştirak etməkdən duyduğu qüruru ifadə edib.
Paneldə Ankara Universiteti təhsil elmləri fakültəsinin professor Yıldız Dəvəci Bozkuş və Ankara Hacı Bayram Vəli Universitetinin iqtisadi və inzibati elmlər fakültəsinin dosenti Erman Akıllı təqdimatla çıxış edərək Ümummilli liderin Azərbaycanın dövlət quruculuğunda və türk xalqlarının birliyinin və həmrəyliyinin möhkəmlənməsində misilsiz rolundan danışıblar.
Anım mərasimi Ümummilli liderin xatirəsinə həsr olunmuş bədii proqramla başa çatıb.
XQ