Yaxud gözlənilən bir “qisas oyunu”nun yaratdığı geosiyasi qənaət
Şənbə axşamı Yaxın Şərq İranın səssiz PUA-larının və qanadlı raketlərinin İsrail istiqamətinə uçuşunu izlədi. Sanki bölgədə marağı olan hər kəs ssenarisi əvvəlcədən bəlli olan “hərbi tamaşa”ya diqqət kəsilmişdi.
İranın İsrailə əvvəlcədən planlaşdırılan və gözlənilən hücumu onu göstərdi ki, Yaxın Şərq hələ uzun müddət planetin hərbi gərginlik nəbzinin “siyasi termometri” olaraq qalacaq. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı bölgədə yenidən münaqişə mərkəzinə çevirib. Dəməşqdə Tehranın diplomatik missiyasının binasının bombalanması və SEPAH-ın iki generalı daxil olmaqla, 7 zabitinin ölməsi gərginliyi daha da artırdı. İranın iddiasına görə, İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır. Bununla bağlı Tehranın BMT-yə müraciəti cavabsız qaldı.
Tərəflərin “birgə hərbi təlimi”
Aprelin 13-dən 14-nə keçən gecə İran və müttəfiqlərinin İsrail ərazisinə raket hücumunu bir neçə səbəbdən xarakterizə etmək olar. Birincisi, 1991-ci ildə Körfəz müharibəsi zamanı Səddam Hüseynin İsrailə qarşı “Skad” sistemlərindən istifadə etməsindən sonra ilk dəfə idi ki, ölkə müasir raket sistemləri ilə bombardmana məruz qalırdı. İkincisi, İran Yəmən, Suriya və İraqdakı müttəfiq qüvvələrdən qismən istifadə edərək, strateji düşməninə qarşı açıq və birbaşa hərəkət etdi. Maraqlıdır ki, İran İsrail üzərinə hücuma tam hazır olduğunu elan edəndən, ABŞ və müttəfiqlərinin bu zərbələri dəf etmək üçün İsrailə dəstək verəcəyini açıqlayandan sonra hərəkətə keçdi. Sanki tərəflər “birgə hərbi təlimə” hazırlaşırdı.
İsrailin İran PUA və raketlərinin böyük əksəriyyətinin Suriya ərazisində ikən zərərsizləşdirildiyi barədə rəsmi açıqlaması da təsadüfi deyildi. Bütün bunlar İranın, əslində, “qisas əməliyyatı”nı deyil, “qisas oyunu”nu həyata keçirdiyi barədə danışmağa əsas verir. Tel-Əviv İranın hücumunun uğurla dəf edildiyini açıqlayıb. “Tehran strateji infrastruktura zərbə endirmək istəyirdi, amma onun planı uğursuz oldu”. İsrail müdafiə ordusunun sözçüsü, general Daniel Haqarinin sözlərinə görə, Yaxın Şərqin dörd dövlətinin ərazisindən, ümumilikdə, 350-yə yaxın raket və PUA buraxılışı qeydə alınıb. 60 ton partlayıcını daşıyan bu arsenalın hücumunun effekti olmayıb. Sadəcə, İranın Suriyadakı hədəflərinə zərbələrin endirildiyi Nəvatim bazasına, eləcə də İsrailin müxtəlif ərazilərindəki magistral yollara cüzi ziyan dəyib. Rəsmi açıqlamada müttəfiqlərin birgə fəaliyyətinə xüsusi yer ayrılıb: “ABŞ, Britaniya, Fransa və digərlərinin rəhbərlik etdiyi güclü regional koalisiya İranın hücumunun qarşısını alıb. ABŞ Hərbi Dəniz Qüvvələri 4-6 ballistik raketi ələ keçirib, daha 70 dron isə ABŞ və Böyük Britaniya qüvvələrinin birgə səyi nəticəsində məhv edilib”. İsrail ordusunun “hələ də yüksək hazırlıq vəziyyətində olduğunu” deyən Daniel Haqari mütəmadi olaraq vəziyyətin qiymətləndirildiyini nəzərə çatdırıb: “Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”.
Gərginlik heç kəsə sərf etməyəndə…
Yaxın Şərqdə cərəyan edən hadisələr beynəlxalq aləmdə gedən qütbləşməni bir daha əyani şəkildə ortaya qoydu. HƏMAS-ın İsrailə altı ay əvvəlki hücumunda maraqlı olan tərəflər bu dəfə hərbi qarşıdurmanın böyüməsini istəyirdilər. İsrailə budəfəki hücumda Yəməndən husilər, Livandan Hizbullah, Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə Həşdi-Şəbi İrana dəstək veriblər. Yəni, ilk baxışda Tehranın regiondakı bütün komandası ilə İsrailə qarşı müharibəyə start verdiyi görüntüsü yarana bilər. Amma vəziyyət heç də göründüyü kimi deyil. Münaqişə tərəflərindən heç biri bölgədə arzuolunmaz nəticələrə səbəb olacaq böyük müharibədə maraqlı deyil. İran, ən azı daxili auditoriya üçün Suriyadakı konsulluğuna hücumu cavabsız qoya bilməzdi. Əks–təqdirdə həm əhalisinin, həm də bütün müsəlman ümmətinin qarşısında iradəsiz görünərdi.
İran məhz “cürət nümayişi” üçün İsrailə hücum edib. Bu isə Tehran rejiminin indiki durumda edə biləcəyi maksimum gediş idi. Digər vacib amil isə ABŞ-da yaxınlaşmaqda olan prezident seçkiləridir. Bu ərəfədə Bayden administrasiyasının müharibəyə qətiyyən ehtiyacı yoxdur. Bunu ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin yaydığı xəbərlərdən də duymaq çətin deyil. Nəşr yazıb ki, baş nazir Binyamin Netanyahu ilə prezident Cozef Bayden arasında telefon danışığından sonra Təl-Əviv İrana cavab verməkdən vaz keçib. Məlumatda qeyd olunur ki, Bayden İranın bütün pilotsuz aparatlarının və raketlərinin ələ keçirilməsini böyük qələbə adlandırıb və bu səbəbdən qisas almağa ehtiyac qalmadığını deyib.
“Uçurum kənarından geri çəkilin!”
“İran özünümüdafiə hüququ çərçivəsində aprelin 14-nə keçən gecə İsrailə hücum edib”. İİR Prezidenti İbrahim Rəisi bu müdafiə tədbirinin sionist rejimin İran İslam Respublikasının obyekt və maraqlarına qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq hazırlandığını və icra edildiyini bildirib: “Xüsusən də bu aksiya Tel–Əviv rejiminin İranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq həyata keçirilib”.
Dövlət başçısının ardınca İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian da münasibət açıqlayıb: “BMT Təhlükəsizlik Şurasının İranın Dəməşqdəki konsulluğuna hücumu pisləyən bəyanat yaymaq istəməməsi İsrailin baş naziri Binyamin Netanyahunu qanunları pozmağa davam etməyə sövq edib”.
Dünən İran-İsrail qarşıdurması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 14-də İsrailin daimi nümayəndəsinin TŞ sədrinə göndərdiyi məktubdan sitat gətirib: “İran BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq, 200-dən çox PUA-dan, qanadlı və ballistik raketlərdən istifadə etməklə İsrail ərazisinə birbaşa hücuma keçib”.
Baş katib qeyd edib ki, İran tərəfi bu hərəkətini Tehranın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə etmək məqsədilə və İsrailin dəfələrlə hərbi müdaxiləsinə cavab olaraq atıldığını təkid edir”. A.Quterriş İİR-in daimi nümayəndəsinin, həmçinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda İranın 2024-cü il aprelin 13-də gecə saatlarında İsrailin hərbi obyektlərinə hərbi zərbələr endirdiyini bildirdiyini açıqlayıb.
Qurumun bütün üzv dövlətlərinə xitab edən Baş katib BMT Nizamnaməsinin hər hansı dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qarşı və ya BMT-nin qaydalarına uyğun olmayan şəkildə gücdən istifadəni qadağan etdiyini nəzərə çatdırıb: “Uçurumun kənarından geri çəkilməyin vaxtıdır. Yaxın Şərqdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən hərəkətlərdən qaçmaq vacibdir”.
Bakı gərginliyə görə narahatdır
Beləliklə, Yaxın Şərqdə maraqları olan böyük güclərin öncədən düşünülərək yaradılan hərbi–siyasi gərginliyi ölçmək üçün indiki məqamda İrandan “termometr” kimi istifadə etdikləri göz qabağındadır. İntəhası, İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün zəmin yarada bilər. Yerli ekspertlər yaranmış gərginliyin birbaşa deyil, dolayısı ilə Azərbaycanın da maraqlarına toxuna biləcəyini istisna etmirlər.
“Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır”. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, – qeyd edilib. Bəli, Azərbaycan dövləti ən mürəkkəb geosiyasi durumlarda tənzimləyici rolunu oynayıb. Otuz il “qaynar nöqtəyə” dönmüş Cənubi Qafqazda sabitliyi məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda bir sutkalıq antiterror tədbirindən sonra bölgənin təhlükəsizliyinə möhkəm zəmin yaradan Bakının gündəliyində “Qafqaz evi”ndə sülh və əməkdaşlıq kimi vacib məsələlər durur.
Azərbaycan hakimiyyətinin yürütdüyü balanslı siyasət ölkəmizi bölgənin təhlükəsiz və iqtisadi cəhətdən ən qüdrtəli aktoruna çevirib. Bu baxımdan Rusiyanın və İranın Azərbaycanın apardığı siyasəti dəstəkləmələri qətiyyən təsadüfi deyil. Fəqət, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum görüşdən sonra Azərbaycanın narahatlığı əbəs deyil. Həm də bu baxımdan Yaxın Şərqdə cərəyan edən son hadisələr Cənubi Qafqazda fərqli formada təkrarlanması riskini artırır. Azərbaycanın məqsədi isə Cənubi Qafqazı tərəqqi edən təhlükəsizlik adasına çevirməkdir. Bölgə ölkələri arasında qarşılıqlı əməkdaşlıq mühitinin yaradılması, eləcə də İrəvanla Bakı arasında möhkəm sülhün əldə edilməsi indi daha real və əlçatandır.
Elxan SAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəsi, siyasi şərhçi:
Bombardmandan dərhal sonra Tehranın telefon diplomatiyası işə düşüb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian müxtəlif dövlətlərdəki həmkarlarına zəng edərək, “bizdən bu qədər” – deyə, İsrailə növbəti hücum planlaşdırmadıqlarını bildirib. Eyni zamanda, ABŞ Dövlət katibi Antoni Blinken də okeanın o tayından zənglər edərək digər həmkarları ilə Yaxın Şərqdəki son vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasını müzakirə edib.
İran və ABŞ düşmən olsalar da, hazırda bu iki ölkənin ortaq istəyi var: İsrail İrana zərbə endirməsin. Tehran bunu ona görə arzulamır ki, bu hərbi qarşıdurmadan qalib çıxacağına əmin deyil. Vaşinqton isə İsrailin İrana zərbə endirməsini ona görə istəmir ki, müharibənin alovu ətrafa yayılacaq və Ağ ev, başda İsrail olmaqla, bölgədəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq. Bu isə prezident seçkisinə hazırlaşan indiki dövlət başçısı Cozef Bayden üçün xoşagəlməz ssenaridir. Məhz bu səbəbdən rəsmi Vaşinqtonun İsrailin baş naziri Binyamin Netanyahuya diplomatik təzyiqləri artıb. Amma görünən odur ki, mühafizəkar siyasətçi Netanyahunu durdurmaq asan olmayacaq. Əgər belə olmasaydı, Netanyahu İranın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirmək əmrini verməzdi. Deməli, Netanyahu bundan sonrasını da planlaşdırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bu hərbi münaqişəyə özünün qısa və korrektəli münasibətini açıqlayaraq, dərin naratlığını bildirdi və tərəfləri vəziyyəti təhlükəli həddə çatdırmamağa çağırdı. Bu, indiki məqamda düzgün mövqedir.
İmran BƏDİRXANLI
XQ