Dünən Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq Tbilisidə izdihamlı aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, mitinq zamanı parlamentin qarşısındakı mərkəzi Ş.Rustaveli prospekti tam bağlanıb. Aksiyanın təşkilatçıları bildiriblər ki, etirazın məqsədi ölkənin azadlığını və Avropa gələcəyini qorumaqdır.
Tbilisidən verilən son məlumata görə, parlamentin hüquq komitəsinin iclasında “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında əlbəyaxa dava olub. Müxalif deputat Aleko Elisaşvilinin parlamentdə döyülməsi və təhqir olunması aksiya iştirakçılarının sayının artmasına səbəb olub. Asayişi qorumaq üçün parlament binasının ətrafına çoxsaylı polis cəlb edilib.