İrəvan istənilən hərbi avantüraya görə layiqli cavabını alacaq
Ermənistan rəhbərliyi ağıllanmır, özünü qeyri-adekvat aparır. Bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən Azərbaycan ilə şərti sərhədə qoşun yığır. Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi haqqında bəyanatı da təsdiqləyir ki, İrəvan yaxın tarixdən nəticə çıxarmaq istəmir, Qərbin xəyali dəstəyinə ümid edərək, regionda vəziyyəti gərginləşdirməyə can atır. Ancaq Ermənistan rəhbərliyi və onun havadarları anlamalıdırlar ki, Azərbaycan əvvəllər olduğu kimi, bu dəfə də istənilən hərbi təxribatın qarşısını qətiyyətlə alacaq!
İkinci Qarabağ müharibəsində darmadağın olaraq zəifləmiş Ermənistan indi yeni macəralar axtarışındadır. Kiçik, amma qorxaq addımlarla Rusiyanın çətirinin altından çıxmağa çalışan İrəvan Azərbaycanla şərti sərhəddə yeni təxribatlar hazırlayır. Yenə də ABŞ və Avropa İttifaqının arxasından boylanaraq, Azərbaycan əsgərinə diş qıcamaq istəyir. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, son zamanlar Ermənistan–Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə, digər ağır döyüş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Xəbərdə vurğulanır ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Bu, bir təsadüf ola bilərmi? Ermənistan rəhbərliyinin son vaxtlar Qərblə təmaslarının məzmunu belə düşünməyə əsas verir ki, ermənilərin şərti sərhədə canlı qüvvə və hərbi texnika yığması təsadüf sayıla bilməz. İrəvanın belə cəsarətlənməsi okeanın o tayından və “Köhnə qitə”dən verilən dəstək bəyanatları ilə bağlıdır. Xatırladaq ki, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə Brüsseldə görüşü planlaşdırılır. Rəsmi Bakı görüşün belə formatda keçirilməsini kəskin şəkildə tənqid edir. Görüşün hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatların əlavə narahatlıq doğurduğunu və regionda sülh quruculuğu səylərinə xələl gətirdiyini vurğulayan rəsmi Bakı xəbərdarlıq edir ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür formaları Hayastanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın onları dəstəkləyəcəyinə təhlükəli illüziya yarada bilər.
Müdafiə Nazirliyinin son məlumatı da göstərir ki, XİN-nin Qərbə ünvanladığı xəbərdarlıq əbəs deyil. Ermənilər yenə də illüziyaya qapılırlar. İrəvan 2020-ci il müharibəsindən sonra ortaya çıxan reallıqları qəbul etmək istəmir. Normallaşma prosesi davam etdiyi bir vaxtda Ermənistan öz öhdəliklərini yerinə yetirmir və bununla da gərginlik yaratmaqla diqqəti yayındırmağa, bununla da normallaşma prosesinə xələl gətirməyə çalışır. Ermənistanı destruktuv mövqedən çəkilməsinə də Qərbin səsləndirdiyi vədlər mane olur. İrəvanı dəstəkləyən Qərb ölkələri də gözəl anlayırlar ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq mühitinin yaradılması, münaqişələrin və təhdidlərin aradan qaldırılması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlərdə müzakirə olunur. Ancaq Qərb Ermənistanın bu gün regional proseslərə təsir etmək və regiondakı geostrateji reallıqları dəyişmək imkanının olmadığını anlasa da, İrəvanı öz maraq orbitinə daxil etməyə çalışmaqla və müxtəlif yardımlar edəcəyini vəd etməklə regional barışıq prosesini təhlükə altına atır.
Qərbin motivi məlumdur. Rusiya və Çin ilə qlobal qarşıdurma vəziyyətində olan Qərb dünyanın müxtəlif strateji regionlarında maraqlarını təmin etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunun yeni geosiyasi transformasiyası fonunda Qərbin yeni “Böyük oyun”a başlaması da təsadüfi deyil. “Böyük şahmat lövhəsi”ndə qurban verilən piyadaya çevrilmiş Ermənistan region dövlətlərilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq əvəzinə, minlərlə kilometr uzaqda yerləşən ölkələrə bel bağlamağa can atır. Xüsusilə də ABŞ və Fransadan Ermənistana dəstək İrəvanı revanşizmə sövq edən mühüm addımlardan biridir. Ermənistan rəsmiləri Fransadan, Hindistandan, hətta başqa dövlətlərdən də müasir silahlar, hərbi texnika aldıqlarını açıq şəkildə bildirirlər. Əlbəttə, bu bəyanatlar bir daha təsdiqləyir ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır və bu məsələdə ermənipərəst beynəlxalq qüvvələrin imkanlarından istifadə edir.
Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında fəal rol oynayırlar. Ermənistanın ABŞ-dan mənəvi və siyasi dəstəyi də təəssüf doğurur. Bütün bu faktlar onu göstərir ki, onlar regionda yeni müharibənin başlanmasında maraqlıdırlar və Ermənistanı buna sövq edirlər. 5 aprel görüşü də bu məqsədə xidmətə edir və Qərbin riyakar siyasətini bir daha təsdiqləyir. 30 illik işğal dövründə Azərbaycan üçün bir dəfə də olsun konfrans keçirməyən ABŞ və Avropa İttifaqı indi işğalçı və uzun illər beynəlxalq hüquq normalarını tapdalayan Ermənistana dayaq durmağa çalışırlar. Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı strateji rola baxmayaraq, Aİ indi İrəvanı yeni müharibəyə hazırlayır və Ermənistan üçün mini-NATO mexanizmi yaradır, ölkəmizə qarşı silahlandırır. Əlbəttə, Azərbaycan bütün bunları görür və zəruri addımlarnı atır. Ancaq Ermənistan və onun havadarları unutmamalıdır ki, baş verənlərə görə, məsuliyyət Ermənistanın və havadarlarının üzərinə düşür. Bir daha bəyan edirik ki, Azərbaycan milli maraqlarına zidd olan istənilən təhlükənin qarşısını qətiyyətlə alacaq.
Səbuhi MƏMMƏDOV
XQ