Lavrovun “İzvestiya” manifesti

post-img

...yoxsa Ermənistanı gözləyən yeni təhlükənin anonsu?

Rusiya rəsmiləri Ermənistana münasibətdəki fikirlərini tündləşdiriblər. Ölkənin Xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində dedikləri bunun təsdiqidir. Yada salaq ki, əvvəlki illərdə rəsmi Moskva Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədində keşik çəkən mülki müşahidə missiyasının mövcudluğundan narahatlıqlarını ümumi qaydada bildirirdi. 

Məsələn, həmin missiya 2022-ci ilin sonlarına doğru fəaliyyətə başlayanda, Lavrov onu Cənubi Qafqaz regionun­da əlavə “qıcıqlandırıcılar” kimi təqdim etmişdi. Müşa­hidəçilərin tərkibinin fransız jandarmlarından və pensioner alman polislərindən ibarət ol­duğuna dair məlumatlar dola­şanda da Rusiyanın reaksiya­sı özünü göstərmişdi. 

Ancaq hazırda Lavrov ki­fayət qədər konkretdir və mövzu ətrafında in­diyədək kimsə tərəfindən dilə gətirilməyən məqamları açıq­layır. Deyir ki, Aİ-nin Ermənis­tandakı mövcudluq strukturu NATO-nun missiyasına çevri­lir. Yəqin, bunun nə demək ol­duğunun fərqinə vardınız. Ru­siya bütün cəbhələrdə Qərbə və onun başlıca hərbi-siyasi aləti olan Şimali Atlantika Al­yansına qarşı çıxır, Ukrayna­da müharibə aparır, bu tərəf­dən isə Ermənistan NATO təhlükəsi yaradır. Nəzərə alaq ki, Lavrov rəsmi İrəvanın dav­ranışları məsələsində həmin təhlükənin detallarını açıqla­yır: “İndi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyası­nı Şimali Atlantika Alyansının missiyasına çevirirlər”.

Söhbət Aİ-nin Ermənis­tandakı müşahidəçilə­rindən, daha doğrusu, belə bir missiyanın ölkədə fəaliyyətindən söz düşmüş­kən, ilk növbədə məsələnin Azərbaycan – Ermənistan münasibətləri xüsusunda gün­dəmə gəldiyi vurğulanmalıdır. 2022-ci ilin oktyabrında ke­çirilmiş Praqa Sammitinin bu baxımdan həlledici rol oyna­dığı da həmçinin. Məhz həmin toplantıda belə bir strukturun yaradılmasına dair qərar ve­rilmişdi. O da məlumdur ki, həmin qərarda müşahidəçilə­rin məhdud sayda olacağı və cəmi bir neçə ay ərzində fəa­liyyət göstərəcəyi əksini tap­mışdı.

Lavrovun müsahibəsində bildirdikləri isə onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi Qərbdəki tərəfdaşlarının kömə­yi ilə tamam fərqli ssenari seçməyə üs­tünlük verib. Rusiyalı nazir müsahibəsin­də sözügedən ssenarini rəsmi İrəvanın, dəqiq desək, baş nazir Nikol Paşinya­nın kompromissizliyi kimi dəyərləndirib. Diqqət çəkən məqam onun mövzunu Ermənistanın bilərəkdən Rusiya ilə mü­nasibətləri korlamağa çalışması məntiqi ilə əsaslandırmasıdır. Mövcud arqumen­tasiya heç vaxt indiki qədər yüksək səviy­yədə səslənməmişdi. 

Bəli, Lavrov tam açıq şəkildə bildirir ki, Ermənistanla Rusiya arasında müna­sibətlərdəki vəziyyət nikbinlik yaratmır. “Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə, bilərəkdən işi Ru­siya ilə münasibətləri pozmağa aparır”, – deyən Rusiya XİN başçısı fikrinin təs­diqi üçün iki məqamın üzərində dayanır. Bunlardan birincisi Ermənistanda – Güm­rüdə 102-ci rus hərbi bazası ətrafındakı məsələdirsə, ikincisi İrəvanın Kremlin hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləridir. Paşinyan münasibətlərin dondurulduğu­nu bəyan edib. Dünən Ermənistan parla­mentinin spikeri Alen Simonyan da eyni fikri, bir qədər izahlı şəkildə dilə gətirib... 

Lavrov vurğulayıb ki, Ermənistanın anti-Rusiya kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən rus hərbçilə­rinə, sərhədçilərinə, eləcə də, bütövlük­də, KTMT-yə böhtan atmaqda özünü göstərir: “İrəvanda xatırlamırlar ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlə­rində gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub”.

Rusiyalı nazir haqqında söz açdığı missiyanın mandatının 2021-ci ilin payı­zında KTMT-nin XİN başçılarının İrəvan­da keçirilmiş görüşündə tam razılaşdırıl­dığını, lakin sonra N.Paşinyanın Aİ-nin missiyasını Ermənistana çağırmağa üs­tünlük verdiyini xatırladıb. Nəticə isə mə­lumdur. Sayı ikiqat artırılmış, Lavrovun da vurğuladığı kimi, tərkibində Norveç, Kanada və ABŞ-dan olan hərbçilərin yer aldıqları struktur NATO missiyasına çev­rilib.

S.Lavrov müsahibəsində Rusiya-Er­mənistan münasibətlərindəki gərginliyin digər fazalarına da diqqət yetirib. Ma­raqlıdır ki, o, tarixə ekskurs edib və bil­dirib ki, müxalifətdə olarkən və yaratdığı hərəkata rəhbərlik edəndə N.Paşinyanın başlıca şüarı “Çıxış” idi. Yəni, İrəvanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqın­dan uzaqlaşması. Rusiya XİN rəhbərinin dediklərindən belə qənaət formalaşır ki, Nikol vaxtilə şüar şəklində irəli sürdükləri­ni hazırda tam formada gerçəkləşdirmək­lə məşğuldur. 

Lavrov, faktiki olaraq, 2018-ci ildən başlayaraq Rusiya rəhbərliyinin sözüge­dən uzaqlaşmanın yaşanmaması üçün çox tədbirlər gördüyünü, təmaslar real­laşdırdığını sadalayır. Lakin fəaliyyətin faydası olmayıb və hazırkı situasiya for­malaşıb. Yəni, Paşinyan Rusiyanın, belə demək mümkünsə, erməni sevgisinə qarşılıq verməyib. Həmçinin Aİ nəinki Er­mənistanı, elə Azərbaycanı da öz cərgə­sinə daxil etmək istəyib. Erməni baş na­zir Bakı ilə sülh danışıqları müstəvisində Qərb platformasında işləmək ideyasının əsas dəstəkçisinə çevrilib. Amma nəticə etibarilə onun ölkəsi uduzub. Necə udu­zub? Lavrovun fikrincə, Qarabağı Azər­baycana güzəştə getməklə... 

Rusiya XİN rəhbərinin müsahibəsi­nin tarixə ekskurs hissəsindəki az öncə vurğuladığımız məqama əvvəllər də rast gəlinib. Həm Lavrov, həm də Prezident Vladimir Putin Qarabağın Ermənistanın nəzarətindən çıxmasının səbəbi kimi İrə­vanın Qərbə üz tutması amilini qabardıb­lar. Rusiya XİN rəhbəri eyni məntiqi bir daha ortaya atır. O, əslində, demək istə­yir ki, Ermənistanın Qərb platformasına can atması ölkə üçün əhəmiyyət daşıyan məsələlərdə uğursuzluq formalaşdırıb. Yəni, subliminal mesaj budur ki, əgər İrə­van Moskva müstəvisini əsas götürsə idi, indi üzləşdiyi acınacaqlı durum yaşan­mayacaqdı. 

Lavrovun sözlərindən bu nəticə də hasil olur ki, Paşinyan bir yandan Rusiya­dan Qarabağın statusunun həllini xahiş etdiyi halda, digər tərəfdən Moskvadan xəbərsiz bölgənin Azərbaycana məxsus­luğunu tanımaqla səhvə yol verib. Rusi­yanın baş diplomatı, həmçinin, ölkəsinin həmin vaxt status məsələsi ilə məşğul ol­duğunu da diqqətə çatdırıb. Deməli, Pa­şinyanın Qərbə üz tutması və Qarabağın Azərbaycan ərazisi olması ilə razılaşma­sı onun səbrsiz davranışı və Moskvanın görəcəyi tədbirləri gözləməməsi imiş. 

Bəli, Rusiyanın nəzərində Qarabağı Azərbaycana güzəştə gedən, daha doğ­rusu, İrəvanı güzəştə getməyə razı salan Qərb platformasıdır. Heç şübhəsiz, Nikol da deyə bilər ki, Moskvadan heç bir ümid görmədiyi üçün başqa danışıq müstəvisi­ni seçib. Yəni, belə qənaətə gəlib ki, Ru­siya Qarabağ məsələsində və ümumən Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı potensialı tükənmiş tərəfdir. Yeri gəlmişkən, rəsmi İrəvan sonuncu vurğu­ladığımız məqamı geniş siyasi ritorika halına gətirib. 

Onu da bildirək ki, rəsmi İrəvan er­məni avantürizminin davamı xüsusunda təminat axtarışındadır. Paşinyan hesab edir ki, Moskvanın təminatçı ampluasın­da olması mümkünsüzdür. Lavrov isə Nikolun hələ hakimiyyətə gəlməzdən əvvəl anti-Rusiya xəttindəki məqamları qabardırsa, bu, həm də o deməkdir ki, Moskva nə etsə də, Paşinyan yolundan dönməyəcəkdi, Kremlin orbitindən çıx­maq üçün bəhanə axtaracaqdı. Deməli, Rusiya ötən dörd-beş il ərzində mənasız yerə vaxt itirib. Suallar yaranır: Moskva nəyə görə İrəvana, loru dildə desək, sev­gisini izhar etməkdə israrlı olub? Müsbət nəticənin mümkünsüzlüyünü görmürdü­mü? Kremldə anlamırdılar ki, Paşinyan onu hakimiyyətə gətirənlərin havasına qol qaldıracaq? Yəni, dərk etmirdilərmi ki, Nikolun Ermənistanın əvvəlki rəhbər­liyi kimi Kremlə təzim yolu tutması müş­küldür?

Lavrovun müsahibəsində bildirdiklə­rinə bir qədər fərqli rakusdan yanaşaq. Əslində, müəyyən qədər gülməli durum yaranır. Belə düşünülə bilər ki, Paşin­yan Rusiya ilə oyun oynayırmış. Yəni, bir tərəfdən Moskvadan xahiş edirmiş ki, Qarabağın statusunu həll etsin, eyni za­manda, başqa müstəvi axtarırmış. Daha dəqiq desək, onsuz da əvvəldən məlum olan müstəvini işə salmağa çalışırmış. Nəhayət, 2022-ci ilin Praqa Sammiti za­manı istəyinə çatıb. Ancaq demək olar­mı ki, o, Rusiyadan tamamilə qurtulmaq üçün Qarabağın əldən çıxması ilə razı­laşmışdı? Əlbəttə ki, yox! 

Nikol, sadəcə, erməni avantürası­nı başqa platformaya daşımaq istəyib. Axı, rəsmi İrəvan Brüssel formatı çər­çivəsində, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanı­masına rəğmən, bölgədəki separatçı quruluşu saxlayırdı. Qeyri-qanuni er­məni hərbçilərini ərazidən çıxarmaq istəmirdi, üstəlik, Qarabağ erməniləri üçün beynəlxalq təminatlar məsələsini qabardırdı. Təbii ki, Paşinyanın arxalan­dığı Qərb isə Qarabağdakı erməni avan­türizmini qorumaq iqtidarında olmadı. Rusiyanı haqlı edən cəhət də elə budur. Yəni, Lavrov, əslində, deyir ki, Nikol və komandası Qərbin Qarabağla bağ­lı gücsüzlüyünü zamanında görməli və nəzərə almalı idi. Deməli, sıravi ermə­nilər Qarabağı tərk etməyə başlayanda, Paşinyan Lavrovun təbirincə desək, Pu­tinə “Vladimir Vladimiroviç, siz niyə Qa­rabağ xalqını öz taleyinə buraxdınız?” şəklində müraciət ünvanlamalı deyildi. Axı özü yıxılan ağlamaz. Amma, gərək Rusiya da ağlamasın. Çünki Ermənistan məsələsində yıxılan həm də odur. 

S.Lavrov müsahibəsində dolayısı ilə Ermənistanın yenə yıxılmağa doğ­ru getdiyinin anonsunu verir. Deyir ki, müxtəlif görüşlərdə Paşinyanla da əlaqə saxlayıb: “Mənə elə gəlirdi ki, o, Rusiya Federasiyası ilə müttəfiqlik münasibət­lərini davam etdirməyin, KTMT, Avrasi­ya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətin hələ də Ermənistana faydalı olduğunu başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə birbaşa deyirlər ki, biz Avropa İttifaqına daha çox güvənmə­liyik. KTMT, guya, respublika qarşısın­da götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəni, mahiyyət etibarilə dairə bağlanır və Ermənistan rəhbərliyi Paşinyanın “Çıxış” hərəkatını (KTMT-dən və Aİİ-dən çıxmaq – red.) formalaşdırdığı fikirlərə oxşar fi­kirlər söyləməyə başlayır. Əminəm ki, bu, həm ermənilərlə tarixi dostluq əlaqələri, həm Rusiyada yaşayan nəhəng erməni diasporu baxımından, həm də erməni xalqının maraqlarına və bizim maraq­larımıza cavab vermir. İndi Ermənistan rəhbərliyini Qərbə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qar­şısını almaq, bu regionu öz dominantlıq zonasına çevirməyə çalışmaq. Necə ki, Mərkəzi Asiyada və ümumi qitəmizin bir çox başqa hissələrində Qərb bunu et­məyə çalışır”.

Sonda bir məqamı da vurğulayaq ki, əslində, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində bildirdiklərində elə bir fövqəladəlik yoxdur. XİN başçısı hər kəsə bəlli olan həqiqətləri dilə gətirir. Başlıca məsələ onun şəxsində Rusiya dövlətinin həmin həqiqətlərin tirajlanmasında, siya­si ritorika predmetinə çevrilməsində daha çox maraqlı olmasıdır. İlk cümləmizdə dediyimiz kimi, Rusiya rəsmilərinin Er­mənistana münasibətdəki fikirlərini tünd­ləşdirmələri də elə budur. 

Əvvəllər rəsmi Moskvanın təmsilçilə­ri Rusiya – Ermənistan münasibətlərinin ayrı-ayrı fraqmentlərinə diqqət yetirəndə ehtiyatlı davranmağa üstünlük verir, bəzi məsələlərin üzərindən keçirdilər. Çox güman ki, İrəvanın tutduğu yoldan geri dönəcəyinə ümid bəsləyirdilər. Görünür, hazırda ümidləri ölüb. Hərçənd Kremlin elə indinin özündə də Ermənistana ye­nidən qucaq açmaq istəmədiyini söy­ləmək doğru sayılmaz. Yəni, Rusiyanın erməni sevdası asanlıqla vaz keçilən şey deyil. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət