“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

post-img

Müstəmləkəçilik, işğal, əsarət, istila dünya xalqlarının bir çoxunun həyatında qara səhifələr açıb. Tarixi faktlardan məlumdur ki, işğalçılar tutduqları ölkələrdə əhaliyə xüsusi işgəncələr verib, kütləvi qırğınlar, soyqırımları, insanlıq əleyhinə cinayətlər törədiblər. Bu cür əzablı hadisələr bir çox xalqların yaddaşında əbədi həkk olunub. Elə Vyetnam xalqı da müxtəlif dövrlərdə işğalçılardan az çəkməyib.

1859-cu ildə Hoşimin (keçmiş Sayqon) şəhərinin işğalı ilə başlayan Fransa müstəmləkəçilik dövrü Vyetnam xalqının yaddaşında acı izlər buraxıb. Ötən əsrin 50-ci illərinə qədər davam etmiş müstəmləkə dövründə fransızlar vyetnamlılara qarşı qəddarlıq nümayiş etdirib, amansız cəza metodları tətbiq ediblər. Fransa müstəmləkəçiliyi dövründə Vyetnamın başda düyü və kauçuk olmaqla, bütün sərvəti talanıb, xalq ucuz işçi qüvvəsi kimi istifadə olunub. İşğalçıların zülmü, qarəti ilə barışmaq istəməyən Vyetnam xalqı 1930-cu illərdən başlayaraq ölkənin azadlığı üçün təşkilatlanmağa başlayıb. Təbii ki, azadlıq uğrunda ayağa qalxanları müstəmləkəçilər hər yerdə təqib edir, həbs olunanların əsas hissəsini isə məhz Hanoydakı məşhur “Hoa Lo” həbsxanasına salırdılar.

AZƏRTAC-ın xüsusi müxbiri vyetnamlı azadlıqsevərlərin saxlanıldığı və onlara işgəncələrin verildiyi “Hoa Lo” həbsxanasına gedib, Fransanın Vyetnamdakı acı izləri ilə yerində tanış olub.

İlk vaxtlar həbsxanada ən çox 450 nəfər saxlamaq mümkün idi, lakin onun ərazisi genişləndirildikdən sonra bu rəqəm 600-ə çatıb. 1956-cı ildə həbsxananın bir hissəsində muzey yaradılıb. Vaxtilə vyetnamlı vətənpərvərlərin, habelə qadınların, uşaqların və qocaların saxlanıldığı təcrid otaqları, buraya salınmış şəxslərin maketləri onların əzablarını göz önündə canlandırmağa imkan verir. Fransız müstəmləkəçilər həbsxanada saxlanılanlara işgəncə və əzab vermək üçün həm “ənənəvi”, həm də öz dövrünün “qabaqcıl” texnologiya və metodlarından istifadə ediblər. Onlar arasında Vyetnamın vətənpərvər oğullarının başını kəsmək üçün istifadə olunan gilyotin də var. Dünyaya mədəniyyət, demokratiya dərsi verməyə çalışan Fransanın Vyetnamdakı müstəmləkə izlərini, o cümlədən insanlıq əleyhinə və müharibə cinayətlərinin dəlillərini görəndən sonra həmin “mədəniyyət” və “demokratiya”, “insan hüquqları” haqqında aydın təsəvvür yaranır.

Hər gecənin gündüzü olduğu kimi, hər işğalın da bir sonu var. Vyetnam xalqının əzmkar mübarizəsi nəticəsində Fransa məğlub olaraq bu ölkədən geri çəkilməyə məcbur oldu. “Hoa Lo” muzeyi isə Fransa müstəmləkəçiliyini, işğal dövründəki cinayətləri əks etdirən məkan olaraq hazırkı və gələcək nəsilləri məlumatlandırmaq missiyasını həyata keçirir.

Vyetnam müharibəsi dövründə isə bu həbsxanada əsir götürülmüş təxminən 2 min ABŞ hərbçisi saxlanılıb. Vyetnam xalqının onlara münasibəti o qədər mülayim olub ki, amerikalılar yarızarafatla onu “Hanoy Hilton” adlandırırdılar. Bu həbsxanada saxlanılanlar arasında amerikalı pilot, sonralar senator və ABŞ prezidentliyinə namizəd olmuş Con Makkeyn də olub.

Muzeyin ABŞ hərbi əsirlərinin saxlanıldığı dövrü əks etdirən hissəsində əsirlərin maketləri, onların şəxsi əşyaları, şəkilləri, sorğu otaqları, ABŞ ordusu tərəfindən dağıdılmış evlərin fotoları var. Muzey Hanoya gələn əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy









Siyasət