İqlim dəyişmələri nəticəsində təbii fəlakətlər baş verir ki, bu da maliyyə itkisi ilə nəticələnir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərif XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
M.M.Şərif bildirib ki, hesablamalara görə, 77 faiz karbon emissiyası şəhərlərin payına düşür. 2050-ci ildə 70 faiz əhali şəhərlərdə yaşayacaq. İqlim dəyişmələri ilə bağlı tədbirlər görülməlidir. Milyonlarla dollar vəsait ayrılsa da, iqlim dəyişmələri ilə mübarizə düzgün planlaşdırmadan keçir. Düzgün şəhərsalma olmasa, effektiv nəticə əldə edilməyəcək.
“Mən inanıram ki, COP29 yerli səviyyədə tədbirlər planı ilə nəticələnəcək və hər bir ölkənin müəyyənləşdirdiyi yerli planlar 2030 Proqramına töhfə verəcək”, - deyə o vurğulayıb.