XI Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir

post-img

Martın 14-də XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasla davam etdirib.

AZƏRTAC xəbər verir ki, birinci panel iclasına İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze moderatorluq edib.

O bildirib ki, Azərbaycan Qələbədən sonra prezident seçkilərində çox müdrik seçim edib. Moderator, eyni zamanda, dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda sabitliyin hökm sürürdüyünü vurğulayıb.

“Parçalanan dünyanın bərpası istiqamətində səylərimizi əsirgəməyəcəyik. Dünyada münaqişələr canlanmaqdadır. Bütün beyin mərkəzlərini bir araya gətirərək müzakirələr aparmalıyıq. Tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. XI Qlobal Bakı Forumunda bu mövzular geniş müzakirə olunacaq”, - deyə David Cikvadze qeyd edib.

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Qlobal Bakı Forumunun yeni üfüqlər açdığını söyləyib. Bildirib ki, dünyanı xilas etmək üçün düşüncə tərzi dəyişməlidir.

O qeyd edib ki, Robert F.Kennedi İnsan Hüquqları Fondu bərabərsizliyə, haqsızlığa qarşı hər zaman səsini ucaldır.

“Biz hüquqların bərabər olmasına nail olmalıyıq, həmçinin yoxsulluğun, bütün bu təlatümlərin öhdəsindən birgə gəlməliyik. Biz güclərimizi birləşdirməliyik”, - deyə K.Kennedi əlavə edib.

Panel iclasında çıxış edən Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolunun bütün dünya insanlarının birləşməsi olduğunu deyib.

“Dünya parçalanır. Bunun qarşısını almağın yollarından biri müxtəliflikdir. Məlumdur ki, bir nəfərin yaratdığı problem yüzlərlə insana sirayət edir. Birləşmiş Millətlər Təşkilatı müsbət istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Ticarətin inkişafı vacib məsələlərdən biridir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir. Çünki yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər. Mühit təmiz və aydın qurulmalıdır. İqtisadi təşkilatın qarşısında duran vacib məsələlər var. Dünya sülh və əmin-amanlıqla qurulmalıdır. Gələcək üçün bu vacib amildir”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın digər bölgələrinə yayılmasına çalışır.

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib. “Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç isə bildirib: “Yeni münaqişələrin qarşısını almağa çalışmalıyıq. Bütün vaxtımızı faciədə yaşamalı deyil, çıxış yolları axtarmalıyıq”.

Təhsilin əhəmiyyətini qeyd edən sabiq prezident siyasətçilərin təlimatlanmasının vacibliyini vurğulayıb.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə deyib ki, qarşımızda duran əsas priotetlərdən biri insanların hansı xalqdan, ölkədən olmasına baxmayaraq azad yaşaması, iqtisadi imkanlardan bəhrələnməlisidir. Biz artıq bir-birimizi anlamalıyıq. Fərqliliklər üzə çıxmalıdır.

İclasda çıxış edən BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır diqqətə çatdırıb ki, parçalanan dünyanın yenidən birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Biz bilməliyik ki, bu parçalanmanın səbəbləri nələrdir. Qarşımızdakı problemlərin həllinə siyasi yollarla xidmət etməliyik. Biz bütün dünyanın bərpası üçün düzgün nizamlanma barədə düşünməliyik.

BMT-nin rolunun yenidən danışılmalı olduğunu deyən Volkan Bozkır qeyd edib: “BMT çox mühüm təsisatdır. Hazırda onu əvəz edəcək başqa bir qurum yoxdur. Onun təsisatları əzmkar şəkildə çalışırlar. Lakin BMT münaqişələrin sülh yolu ilə həllinə heç bir töhfə vermir. Bu isə təsisata olan etimadı itirir”.

Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs edən Volkan Bozkır bildirib: “Münaqişələr sülh yolu ilə həll edilməsə, hər bir ölkə fərdi şəkildə yol axtaracaq. Fransa keçmiş Minsk Qrupunun üzvü, Azərbaycanın dostu idi. Lakin Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq dəstək idi”.

BMT-nin Sivilizasiyalar Alyansının sabiq ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb ki, hazırda dünyada xaos yaşanmaqdadır. Ksenofobiya, ayrı-seçkilik bizim cəmiyyəti bölür. Həyat, yaşam tərzi köklü şəkildə pisləşib. Addımlarımızı müharibədən daha çox sülhə doğru atmalıyıq. Bu, çox vacib elementdir. Addımlarımızın tərzini dəyişməliyik, daha çox yaradıcı tərəfdən yanaşmalıyıq. Ən önəmlisi isə odur ki, sülhlə bağlı həll yolları gündəmə gətirilməlidir.

Latviyanın sabiq Prezidenti Egils Levits Bakının zəngin keçmişə malik şəhər olduğunu söyləyib. Deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır.

“İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”, - deyə Egils Levits əlavə edib.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Siyasət