“Ermənistanın maraqlarına hörmətlə yanaşılacağına təminat yoxdur”

post-img

Son on ildə Moskvanın qəbul etdiyi siyasi yanaşmalar erməni ekspertlər arasında çox vaxt çaşqınlıqla qarşılanır. Ermənistanda çoxlarına elə gəlir ki, Rusiya-Türkiyə yaxınlaşması və bu yaxınlaşma kontekstində həyati əhəmiyyət kəsb edən erməni maraqlarının qurban verilməsi, ilk növbədə, Rusiyanın strateji maraqları ilə ziddiyyət təşkil edir.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində keçmiş səfir Arman Melikyan bildirib.

“Moskvanın öz strategiyasının məqsəd və vəzifələri Ermənistanda “ənənəvi” hala çevrilmiş ideyalar çərçivəsinə uyğun gəlmir. Düşünürəm ki, Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasına arzuolunan məqsəd kimi baxmaqda davam edir. Sadəcə, mümkün qədər aydın başa düşməliyik ki, sərhədin açılması Rusiya tərəfi üçün yalnız Ermənistan üzərində öz hərbi və sərhəd nəzarətini saxladığı halda məqbuldur. Bu, ilkin şərt deyil”.

Onun fikrincə, cərəyan edən geosiyasi proses çərçivəsində müxtəlif aktorların mövqeləri daim dəyişir: “Lakin hələ ki, Ermənistanın həyati maraqlarına hörmətlə yanaşılacağına obyektiv təminat yoxdur və hazırkı hakimiyyətin ölkədə öz potensialını cəmləşdirmək və ona güvənmək imkanları azdır. Görünür, belə bir məqsəd formalaşmayıb. Hələlik bizim beynəlxalq proseslərdə iştirakımız birtərəfli güzəştlərlə özünü göstərir”, - deyə A.Melikyan deyib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət