Türkiyə – Ermənistan münasibətləri normallaşacaqmı?

post-img

Türkiyənin XİN rəhbəri Hakan Fidanın ABŞ-a səfəri zamanı Ermənistan–Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələ Vaşinqtonda ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla müzakirə edilmişdir. Türkiyənin dəyişməz mövqeyi yenidən xatırladılmışdır. Türkiyənin Ermənistanla diplomatik əlaqələrin qurulmasına və sərhədlərin açılmasına hazır olduğu ifadə edilmişdir. 

Hələ 2013-cü ilin sonlarında Hakan Fidan Bakıda həmkarı Ceyhun Bayra­movla keçirdiyi mətbuat konfransında de­mişdi: “Əvvəlcə də qeyd etdiyim kimi, Er­mənistanla normallaşma yolunda heç bir maneə görmürük. Biz Azərbaycanla sülh sazişinin imzalanmasını gözləyirik. Bun­dan sonra bir çox texniki və bəzi siyasi məsələlər var. Bunlar həlli mümkün olma­yan məsələlər deyil” . ABŞ dövlət katibi E. Blinkenlə görüşündə də Fidan Türkiyənin mövqeyinin dəyişmədiyini ifadə etmişdir. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” televi­ziyasına verdiyi müsahibəsində prose­sin yenidən başlaması üçün təmsilçilərin tezliklə bir araya gəlməsinə ümid etdiklə­rini bildirmişdir. İrəvanda hesab edirlər ki, Ermənistanla Türkiyə arasında münasi­bətlərin normallaşmasında yeni mərhələ başlamışdır. Hakimiyyət təmsilçilərinin Ermənistanın Türkiyəyə münasibətində korrektələr etməsi cəhdləri və indi Er­mənistan cəmiyyətində Türkiyə ilə düş­mənçiliyin aparılması siyasətinin yüksək olmaması ilə bağlı müzakirələrin getməsi bu ehtimalı gücləndirir. 

İrəvanla Ankara arasında münasi­bətlərin nizamlanması Cənubi Qafqazda sabitlik və təhlükəsizlik arxitekturasına yeni töhfələr verə bilərmi? Türkiyənin ta­nınmış ermənişünas alimlərindən olan professor Kemal Çiçək belə hesab edir ki, Ermənistan və Türkiyənin xarici işlər na­zirləri Ararat Mirzoyanən və Hakan Fida­nın Antalyada keçirilən görüşdə ikitərəf­li münasibətləri tam həll etməyə hazır olduqlarını təsdiqləməsi də göstərir ki, irəliyə addımlar atılmalıdır. Münasibətlə­rin təmzimlənməsi istiqəmətində bir sıra problemlərin olduğu bəllidir, amma bun­lar ikitərəfli əlaqələrin qurulmasına mane olmayacaqdır. Ermənistanın Türkiyəyə qarşı bu günə qədər apardığı siyasətdən imtina etməsi lazımdıır. 

Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Ermənistanla Türkiyə ara­sında münasibətlərin normallaşması üçün danışıqların davam etdirilməsi qə­rarı ortadadır. Ankara görüşüb müzakirə etməyin tərəfdarıdır. Türkiyə tərəfindən bu danışıqlar prosesində səlahiyyətli nü­mayəndə Sərdar Kılıç Ermənistan təm­silçisinə İrəvanda görüşməyi təklif etdi və 10 aydan bəri təxirə salınan danışqlar prosesinə start verildi. Kılıç ADF-də ger­çəkləşən paneldə “Türkiyə Ermənistanla münasibətlərini tamamilə normallaşdır­maq istəyir. Nəzərə almalı olduğumuz bəzi addımlar var, amma əvvəlcə görüşlər keçirməliyik” - demişdir. 

Keçən il Moskvada olan təmaslarda münasibətlərin normallaşması prosesin­də heç bir ilkin şərtin olmaması ilə bağlı razılığa gəldiklərini qeyd edən Kılıç vur­ğulamışdır ki, erməni tərəfinin “gələcək görüşlər üçün ilkin şərt kimi üçüncü ölkə vətəndaşlarına və hər iki ölkənin diplo­matik pasportu olan şəxslərə sərhədlərin açılması” ilə bağlı təklifi əslində Ermə­nistanın prosesə bir paketdə baxılması­na qarşı çıxması deməkdir. Türkiyənin mövqeyi belədir ki, son nəticə əldə etmək üçün bütün problemlər kompleks şəklin­də həll edilməlidir

Kılıç demişdir: “Rubenə dəfələrlə de­mişəm ki, danışıqlar üçün İrəvana get­məyə hazıram. Onunla Ankarada da gö­rüşməyə hazıram”. Daha sonra o əlavə etmişdir: “Bu o deməkdir ki, bizim prob­lemimiz var. Görüşüb danışmaq lazımdır. Əgər həll yolu tapmaq istəyiriksə, vacib olan görüşməkdir və artıq bir ildir ki, gö­rüşə bilmirik.." 

Sərhədin üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olanlara açılma­sına dair əldə etdiyi razılaşmaya baxma­yaraq, Ermənistan–Türkiyə sərhədinin bağlı qalmaqda davam etməsi qarşılıqlı etimada zərər vurmuşdur. 2023-ci ilin ya­zında 3-cü ölkə vətəndaşlarına sərhədin açılmasına münasibətdə Kılıç, zamanı gəldikdə onu hər kəsə açmaq istədik­lərini erməni nümayəndənin nəzərinə çatdırmışdır. Bu o deməkdir ki, üçüncü ölkə vətəndaşlarına sərhədin açılmasının elə də ciddi əhəmiyyəti yoxdur. Həm də üçüncü ölkə vətəndaşı deyərkən kimləri nəzərdə tuturlar? Bölgə ölkələri olan İra­nın da, Gürcüstanın da Türkiyə və Ermə­nistanla sərhədi açıqdır və onların Ermə­nistan və ya Türkiyə üzərindən bu sərhədi keçməsinin mənası yoxdur. Diplomatik pasportu olanlara gəlincə bu adamların sərhədi keçməsində bir sıxıntısı olmur . Göründüyü kimi, Ermənistan rəsmilərinin ortaya atdığı məsələ ciddi maneə deyil­dir, Türkiyə ilə münasibətlərin həqiqətən, yaxşılaşdırmaq istəyən ölkə daha ciddi problemlərdən yayınmaq üçün bəhanə axtarır. 

Kılıçın Ermənistanın danışıqlar üçün ilkin şərtlər irəli sürməsi ilə bağlı bəya­natına cavab olaraq Ermənistanın xüsu­si nümayəndəsi Ruben Rubinyan rəsmi İrəvanın danışıqlar üçün heç bir ilkin şərt qoymadığını bildirib. Maraqlıdır ki, Kılıç Rubinyana növbəti görüşün İrəvanda ol­masını təklif edib, bu, Ermənistanın öz nümayəndəsinin öz ölkəsinə dəvəti kimi qəbul edilib. Ermənistanlı politoloq Su­ren Surenyants bu təklifi şərh edərkən deyib: – “Bu, biabırçılıqdır, Rubinyanın İrəvana dəvət edilməsi o deməkdir ki, türklər İrəvanı özlərinin sərbəst hərəkət edəcəkləri məkan hesab edirlər”. 

Bununla belə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində maneçilik törədən xüsusiyyət­ləri Rubinyan dilə gətirmir. Diplomatiyada elə şeylər var ki, o açıq deyilməz, amma öz-özlüyündə problem kimi prosesin apa­rılmasına əngəl təşkil edə bilər. Ermə­nistan elan edir ki, Türkiyə heç bir şərt irəli sürmədən danışıqlara, normallaşma tədbirlərinə getməlidir. Amma ağlı başın­da olan hər bir erməni də bilir ki, məsələ müzakirə masasına qoyularkən ortaya bəzi problemlər çıxacaq. Məsələn, Er­mənistanın 1991-ci il Müstəqillik Bəyan­naməsində Türkiyənin Şərqi Anadolu əra­zilərinə iddia var və 1995-ci il Ermənistan Konstitusyasının pleambluasında Tür­kiyənin bəzi əraziləri “Qərbi Ermənistan” adlandırılmışdır, bu, birbaşa qonşu ölkəyə ərazi iddiasıdır, həmin sənəddə qondar­ma “erməni soyqırımı”nın tanınması kimi ifadələr yer almışdır, Ermənistanın dövlət gerbində Ağrı dağı əks olunub, dövlət himnində türklər “düşmən” olaraq təqdim olunur və s. Bütün bunlar Türkiyəyə qarşı Ermənistanın siyasi hörmətsizliyi kimi qə­bul edilməlidir və iki ölkə arasında müna­sibətlərin normallaşmasını mümkünsüz edən səbəblərdən bir neçəsidir. Türkiyə ilə danışıqlar apararkən Ermənistan hə­min xətdən, ideologiyadan imtina etməklə bağlı hansı addımı atmışdır? Müstəqillik Bəyannaməsindən imtina edibmi? Ölkə Konstitusuyasını dəyişdirmək yolu tutur­mu? Əslində danışıqların davam etdiyi müddətdə Ermənistan tənzimləmə işinə mane olan heç bir prinsipdən imtina et­məmişdir. 

Türkiyənin birbaşa dövlət marağın­da olduğu Zəngəzur dəhlizinin açılması, Azərbaycanın qərb bölgələrinin Naxçı­vana bağlanması, oradan da Türkiyə ilə komunikasiya əlaqələrinin olmasını öh­dəsinə alan Ermənistan bundan imtina edirsə, Türkiyə ilə hansı normallaşmadan danışmaq olar? Bir çox siyasi məsələlər­də Ermənistan aydın mövqe nümayiş et­dirmir, müəmmalı gedişlər edir. Türkiyə bölgədə sülh və sabitliyin qalıcı olmasını təmin edəcək Ermənistan–Azərbaycan sülh anlaşmasının əldə olunmasında da maraqlıdır. Dövlətin siyasi iradəsi kimi açıq ifadə olunur. Azərbaycanla sülh sa­zişinin bağlanması yönündə də hələ ciddi bir irəliləyiş yoxdur. Antalya forumunda Rubinyanın “sərhədləri günü bu gün aça bilərik” ifadəsi illuziyadan başqa bir şey deyildir. Həm də məsuliyyətsiz bəyanat­dır. Bu gün Ermənistan rəhbərliyində, Türkiyə ilə münasibətləri tənzimləmək prosesini üzərinə götürmüş şəxslərdə dövlət ciddiyyəti yoxdur.

Bununla belə, Türkiyə bütün qonşu­larla münasibətləri sahmana salmaq təd­birlərini davam etdirməkdə siyasi iradə ortaya qoyur.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət