Cənubi Qafqazda geosiyasi avantüra və konstruktivizm: həlledici tarixi savaş

post-img

II məqalə

Gələcəyiniz sizin bu gün nə etdiyi­nizdən asılıdır.

Mahatma Qandi 

“Böyük qəlb”in fəlsəfəsi

Mahatma Qandi XX əsrin nadir şəx­siyyətlərindəndir. Onu “Böyük qəlb” ad­landırmışlar. Xeyirxah, nəcib, humanist, iradəli və qətiyyətli olduğuna görə dün­yada hörməti çox olmuşdur. M.Qandinin fəlsəfəsini “qeyri-zorakı fəlsəfə” adlan­dırırlar. Çünki o, mübarizəsində, davra­nışında və siyasi fəaliyyətində heç vaxt zorakı üsullardan istifadə etməmişdir. Hətta, ilk çağlarda kütlə qarşısında çıxış etməkdən utanırmış. 

M.Qandinin çox sayda müdrik kə­lamları var. Onlar “Böyük qəlb”in yalnız xeyirxah, insanların fəzilətinə və rifahına yardımçı olan, barış xarakterli həyat tər­zini ifadə edir. Mahatma Qandi bununla böyükdür! Onun dünya siyasətinə güclü təsiri olmuşdur. Hətta, amerikalı Qlenn Durland Peyc qlobal qeyri-zorakılıqla bağlı hərəkatı birbaşa M.Qandinin fəl­səfəsindən bəhrələnərək yaratmışdır. Onu da deyək ki, Q.D.Peyc əvvəlcə Har­ri Trumenin ideoloji məsləhətçisi və onu Koreya müharibəsinə təhrik edən adam olmuşdur. Lakin sonradan səhvini məhz M.Qandinin əsərlərini oxuduqdan sonra anlamış və mövqeyini tamam dəyişmiş­dir. 

O, 1994-cü ildə ABŞ-nin Havaya şta­tının Honolulu şəhərində Qlobal qeyri-zo­rakılıq mərkəzi adında qeyri-kommersiya təşkilatı yaratmışdır. 2007-ci ildə qey­ri-zorakılıqla bağlı keçirilən beynəlxalq forumda qəbul edilən qərarlardan biri də öldürməkdən imtina əsasında Qlobal qeyri-zorakılıq mərkəzinin yaradılması ilə bağlı olmuşdur. 2008-ci ildə Q.D.Peycin əsasını qoyduğu və öldürmədən imtinaya əsaslanan təşkilat Qlobal qeyri-zorakılıq mərkəzinə çevrilmişdir.

Deməli, M.Qandinin fəlsəfi və siyasi baxışları hətta uzaq Amerikada belə po­litoloqların və siyasilərin mövqelərində humanizmə, qeyri-zorakı siyasət apar­mağa doğru dəyişkiliklər etmişdir. Q.D.Peyc kimi Koreyada müharibə zərurətini H.Trumenə sübut etməyə çalışan bir ide­oloq belə tamamilə dəyişmişdir. 

Bunların işığında rəsmi Dehlinin Cə­nubi Qafqazla bağlı mövqeyinə baxdıq­da, yumşaq desək, təəccüblənir və təəs­süflənirsən. Niyə?

Siyasətdə Qandi humanizmindən imtina?

M.Qandi elə siyasi fəaliyyətə üstün­lük verirdi ki, heç bir insana qarşı zora­kılıq olmasın. Öldürməkdən söhbət belə gedə bilməzdi. Bunu M.Qandi heç bir səbəblə, o cümlədən, geosiyasi maraq­larla izah etməzdi. Buna görə də hind si­yasəti üçün zorakılıq və onun tərkibində siyasi avantüra xarakterik hal olmamalı­dır. Axı, Hindistan məhz M.Qandinin fəl­səfəsi, siyasi-ideoloji fəaliyyəti sayəsində müstəqil olmuşdur. Yəni ingilislərin tarixi zorakılıq və öldürmək siyasətindən yaxa qurtarmışdır. Buna görə də Hindistan cəmiyyəti üçün müharibə, silah işlətmək və ya başqasını silahlandırmaq qəbule­dilən olmamalıdır. Rəsmi Dehlinin Cənu­bi Qafqaz məsələsində avantürist Fran­sanın yanında durmasını anlamaq çox çətindir. Yaxud, Fransa avantürstdirsə, Hindistana nə olmuşdur? 

Lakin son illər Hindistanın siyasi səh­nəsində də qəribə hadisələr baş verir. Məsələn, son iki ildə iki müsəlman si­yasətçi küçənin ortasında güllələnmişdir. Onları qətlə yetirənlər dərhal həbs olun­muşlar. Ancaq fakt olduğu kimi qalır: nə­dənsə bu kimi hallar əsas olaraq müsəl­man liderlərlə bağlı baş verir və sonra unudulur. Səbəbini bilmirik, Hindistanın daxili işlərinə də qarışmaq fikrində deyi­lik. Dehlinin siyasətində məsələlər Cə­nubi Qafqazla bağlı olduqda isə vəziyyət dəyişir. 

Dehlinin geosiyasi “arqumenti”

Hindistan Uzaq Şərqdə və Cənubi Asiyada Çinlə geosiyasi rəqabətdə ola bilər. Pakistanla problemləri də çıxa bilər. Bunlar həmin dövlətlərin öz işləridir. Tarix var, onun konkret detalları mövcuddur. Məsələn, Hindistanda dövlətçiliyinin in­kişafında türklərin rolu danılmazdır. Na­dir şahın bu ölkəyə yürüşlərini kimsənin yaddaşından silə bilməzsən. Və yaxud Babur şahın “Tac Mahalı”nı necə inkar edərsən? və s. 

Bunlarla yanaşı, müasir geosiyasi re­allıqlar da mövcuddur. Cənubi Qafqazda həmin geosiyasi reallığın əsas faktoru Azərbaycan Respublikasının müstəqil dövlət kimi regionun ən ədalətlisi, sülhsevəri, əməkdaşlıq tərəfdarı və lideri ol­masıdır. Azərbaycan 30 il işğal altında qalmış ərazisini azad etmiş və suvernliyi­nin tam təmininə nail olmuşdur. 

Hindistan kimi işğaldan əziyyət çək­miş böyük bir dövlət bunu daha dərindən anlamalı və qiymətini bilməlidir. Dehli qəbul etməlidir ki, dünya üzrə zorakılığa qarşı faydalı olmaq istəyirsə, Qafqazda, ilk növbədə, Azərbaycanla əməkdaşlıq etməlidir. Çünki məhz yalnız Azərbaycan Avrasiya məkanında zorakılığı aradan qaldıran mübarizə aparmış, mərdlik və qətiyyətlə şərlə savaşmış, onu məğlub etmişdir. Mahatma Qandi bunu alqışla­yardı. 

Azərbaycan bununla kifayətlənmə­miş postmüharibə mərhələsində işğal­çı və təcavüzkar Ermənistana barış və əməkdaşlıq əlini uzatmışdır. Bunu Qandi ruhunda etmişdir. Azərbaycan Prezidenti dəfələrlə İrəvanı danışıqlara səsləmişdir. Ona hər hansı hərbi təxribata uymama­ğı (yəni zorakı davranmamağı) məsləhət görmüşdür. 

Bununla yanaşı, Azərbaycan qə­tiyyətlə zorakılığın qarşısını almış, in­sanları ölümə sürükləyən qüvvələri sərt cavabları ilə yerində oturtmuşdur! Təbii və məntiqi olaraq Hindistanın belə bir Qafqaz dövlətinə dəstək verməsi lazım gəlirdi. Həm də ona görə ki, Fransa kimi avantürsitlər və regionda sabitliyi qəbul etməyən bir sıra böyük “geosiyasi oyun­çu”lar Azərbaycanın sülhsevər davranış­larından, möhtəşəm qələbəsindən doğru olmayan nəticələr çıxararaq dağıdıcı fəa­liyyəti gücləndirməyə çalışırlar. M.Qan­dinin yaratdığı Hindistan siyasi dairələri belə vəziyyətdə düşünmədən “Azərbay­can” deməli idilər. Lakin, çox təəssüf ki, Dehli avantüristin yanında durdu və daha pisi - təcavüzkara, zorakılıq edənə, in­sanlara ölüm gətirənə müasir silahlar verməyə başladı. 

Birbaşa silahdan istifadə edib insan­ları qətlə yetirən zorakı və təcavüzkar dövlətlə ona bu məqsədlə silah satan arasında geosiyasi və siyasi anlamda elə bir fərq yoxdur: hər ikisi zorakı və pozucudur, avantürisitdir. Bu anlamda Ermənistana “Bastion” verən Fransa ilə artilleriya qurğuları satan Hindistan ara­sında elə bir fərq yoxdur – eyni dərəcədə avantüristdirlər. 

Bu davranışa bir sıra siyasilər və eks­pertlər belə haqq qazandırmağa çalışır­lar: Hindistan Çin və Pakistana alternativ ola biləcək geosiyasi xətt yaradır. Məsələ Azərbaycanın Çinin “Bir qurşaq, bir yol” layihəsində aktiv iştirakla bağlıdır? Yaxud Pakistanın Azərbaycanın haqq işinə ciddi dəstək verməsi Dehlidə kimlərisə qıcıq­landırmışdır? Əgər bunlar səbəb kimi rol oynayırlarsa, azərbaycanlıların bir məş­hur deyimi yada düşür: “heç dəxli var”? İzah edək.

Gerçəklə bəhanənin fərqi

Hindistanın öz geosiyasi maraqlarını təmin etmək haqqına sahib olması bizi qətiyyən narahat etmir. Bu, onun təbii haqqıdır. Həm də Azərbaycan da kifayət qədər məna yükü və məqsədi olan ge­osiyasi marağa malikdir və onu reallaş­dırmağı çox gözəl bilir. Bakının bununla bağlı heç bir psixoloji və ya diplomatik natamamlıq kompleksi yoxdur. Əksinə, təəccüblüdür ki, rəsmi Dehli geosiyasi maraq adı altında əsl arqumentlərlə bə­hanələri səhv salır. 

Doğrudan da, əgər Hindistan Çinin layihəsinə alternativ yaratmağı real arzu­layırsa, onda Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində maraqlı olmaldır. Təcavüzkar və revanşist Ermənistanı Fransa ssenarisi üzrə silahlandırmaq bu­nun tamamilə əksinə işləyən faktordur. Çünki Hindistanın verdiyi silahlar va­sitəsilə Azərbaycana zərbə endirmək, bütövlükdə, regionu yenidən xaosa sü­rükləmək deməkdir. İstənilən müharibə Cənubi Qafqazı qarışıqlığa sürükləyə­cək. O halda hansı real alternativdən söhbət gedə bilər? Cənubi Qafqazda deyil, hətta ondan kənarda ola biləcək istənilən əməkdaşlıq marşrutu etibarlı ol­mayacaq. Xaos oranı da yandıracaq. 

Belə çıxır ki, “alternativlik” adı altın­da ortaya atılan Hindistan–İran–Ermə­nistan-Qərb dövlətləri xəyali əməkdaşlıq marşrutu təxribatdan və baş aldatmaq­dan başqa bir şey deyildir. Bu, arqument deyildir. Çinin real uğurlarının gizli etirafı əsasında bu prosesi əngəlləmək üçün Amerika və Avropa ilə birlikdə avantü­rist hərəkətlər etməyin əlamətidir. Yəni “arqument” adı altında, əslində, bəhanə­nin gətirilməsidir. 

Bununla Hindistan Cənubi Qafqazda siyasi və geosiyasi avantüra vasitəsilə qarışıqlıq yaratmaq istəyən Fransa ilə bir mövqedə dayanır. Onların hər ikisi regi­onal sabitlik və əməkdaşlığa töhfə ver­məkdən uzaqdır. 

İran da bu oyunun içində görünür. Lakin Tehran bir qədər fərqlidir. Fəal surətdə Fransa və Hindistanla hərəkət etmir. Bir sıra məqamlarda Azərbaycana tərəf referanslar edir. Ancaq İranı hələlik konstruktiv mövqedə olan region dövləti kimi qiymətləndirmək çox çətindir. Rəsmi Tehran zaman-zaman müxtəlif üsullarla Azərbaycan–Türkiyə tandeminə qarşı ol­dğunu emosional ifadə edir. Paralel ola­raq, Ermənistanla aktiv siyasi-diplomatik əlaqələri qabardır, bir sıra təkliflər verir və hətta İrəvanı təşviq etməyə çalışır. Hiss olunur ki, regional geosiyasətdə an­titürk əhval-ruhiyyəsinin yaranması üçün canfəşanlıq edir. Bu kontekstdə hərdən İran tərəfdən azərbaycanlılarla regionun başqa xalqları arasında nifaq salmağa istiqamətlənmiş təbliğat xarakterli davra­nışlar gözdən qaçmır. 

Ancaq region üçün İran nə Fransa­dır, nə də Hindistan. Onun Azərbaycan və Türkiyə ilə birgə fəaliyyət göstərməsi bütövlükdə bölgənin hər bir xalqı üçün faydalı olardı. 

Bunların fonunda Ermənistanın geo­siyasi və siyasi avantürasının ayrıca iza­ha ehtiyacı olduğu görünür. Birincisi, ona görə ki, Ermənistan tarixən avantürist olmuşdur. İkincisi, indiki dövrdə Ermənis­tan avantürist kimi birbaşa Qərbin maşa­sı olaraq hərəkət edir. Bu iki faktorun kə­sişməsində erməni avantürasının region üçün təhlükəsi və yaratdığı risklər də özəl məzmun alır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət