Azərbaycan şirin suya dəyər verən ölkədir

post-img

Əhalinin bu həyat iksirinə illik tələbatı 10 milyard kubmetrdir

Dünən Bakı Su Həftəsi çərçivəsində Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı (“Baku Water Week”) öz işini davam etdirib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək bildirib ki, uzunmüddətli perspektivdə əsas hədəf suyun insanlar və cəmiyyət tərəfindən dəyərinin doğru anlaşılması və doğru qəbul olunmasını təmin etməkdir. “Söhbət suyun qiymətindən deyil, məhz ona verilən dəyərdən gedir. Bu istiqamətdə, ilk növbədə, qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bununla yanaşı, institusional dəyişikliklər görülməlidir. Biz regionlarda “bir pəncərə” prinsipinin tətbiq etmək istəyirik. Yəni insanlarımız su dedikdə, bizim quruma müraciət etsinlər. Məqsədimiz nəticə etibarı ilə dayanıqlı və etibarlı su təminatını təmin etməkdir”,– deyə agentlik sədri əlavə edib. 

Qeyd olunub ki, son zamanlar ölkə­mizdə su ehtiyatlarından səmərəli istifa­də olunması ilə bağlı mühüm layihələr həyata keçirilir. bu məqsədlə ölkə əra­zisində 20-yə yaxın kanalın bərpa olun­ması nəzərdə tutulub ki, hazırda həmin kanalların 2-də işlər artıq başlamaq üzrə­dir, 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 12-də isə hazırlıq işləri tamamlanmaq ərəfəsindədir. Bununla yanaşı, ölkə ərazisində 13 su anbarının yenidən qurulması nəzərdə tutulur ki, ar­tıq onların 2-sində bərpa işləri başa çat­dırılıb. 

Agentlik sədri, həmçinin deyib ki, cari ilin ortalarına kimi Laçın rayonunun Za­bux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir. Paralel olaraq digər anbarların da texniki-iqtisadi əsaslandı­rılması üzrə işlərin aparıldığını diqqətə çatdıran Z.Mikayılov deyib ki, Həkəri çayı üzərində Zabuxçay su anbarının tikintisinə dair layihə-smeta sənədlə­rinin hazırlanıb, Türkiyənin “Cengiz İn­şaat Sənaye və Ticarət A.Ş.” tərəfindən tikinti-quraşdırma işləri aparılır. Onun sözlərinə görə, bu işlərin həyata keçiril­məsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb. 

Kənd təsərrüfatı naziri Məcnun Məm­mədov isə çıxışında qeyd edib ki, hazır­da dünyada su ehtiyatlarının təxminən 70 faizi aqrar sahədə istifadə olunur. Azər­baycanın da bu mənada istisna olmadı­ğını vurğulayan nazirin sözlərinə görə, ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə mövcuddur ki, bu­nun da 78 faizini birillik, 9 faizini çoxillik, təxminən 13 faizini isə böyük sahələrin suvarılması təşkil edir. 

Nazir, həmçinin bildirib ki, Azərbay­canda istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan sahələr­dən əldə olunur. Onun sözlərinə görə, məhsuldarlığın artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şə­kildə idarə olunmasına nail olunmalıdır. Qeyd olunub ki, dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçmə­yib. Elə ötən il ölkəmizdə 160 min hek­tara yaxın sahənin quraqlığa görə məhv olması da qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin nəticəsidir. 

“Bakı Su Həftəsi” sərgisinə həsr olun­muş konfransında ekologiya və təbii sər­vətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, su problemi Azər­baycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq. Onun sözlərinə görə, COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planı strate­giyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır. “Təbii ki, region səviyyə­sində əməkdaşlıq mexanizmindən bəh­rələnə bilmirik. Dünyada 153 ölkə qonşu dövlətlərdən gələn sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkə­nin ərazisində yerləşən çayların hövzə­sində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik”, – deyə U.Tağı­yeva vurğulayıb. 

Nazir müavini daha sonra qeyd edib ki, bu gün ölkədəki su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də, fer­merlər qıtlıqdan ciddi əziyyət çəkirlər. Ü.Tağıyeva hesab edir ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düz­gün istifadə edilməməsidir. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov çıxışında ölkəmizin su ehtiyatları ilə bağlı məsələlərdən bəhs edib. Azərbaycanın su ehtiyatlarının məhdud olan ölkələrdən olduğunu vurğulayan müşavir bu sə­bəbdən də şirin sudan səmərəli istifadə etməyin vacibliyini önə çəkib. Ölkəmizin şirin suya olan illik tələbatının 10 milyard kubmetr təşkil etdiyini söyləyən müşa­virin sözlərinə görə, su ehtiyatlarımızın əsas hissəsi transsərhəd çaylardan ası­lıdır ki, bunun da 90 faizi Böyük və Kiçik Qafqaz dağlarının hesabına formalaşır. Qeyd olunub ki, 2020-ci ildən bu yana Azərbaycanda su anbarlarında təqribən 5 milyard kubmetrdən çox su toplanıb ki, bu da ciddi tənzimləmə, dürüstləşdirmə və qrafiklər nəticəsində mümkün olub. “Ötən ilə nisbətən anbarlarda olan su eh­tiyatları 3 milyard kubmetr daha çoxdur. Bunlar yaxşı nəticələr olsa da, üzünmüd­dətli strategiyaya və inkişaf yoluna bax­dıqda toplanan su bir il və ya ilin yarısına bəs edəcək həcmdədir”, – deyə o əlavə edib. 

Agentlik sədrinin müşaviri daha sonra deyib ki, son 20 ildə Azərbaycanda buz­laqların əriməsi 13 kilometrə çatıb. Onun sözlərinə görə, mövcud buzlaqların 80 faizi əsrin sonuna qədər tükənəcək ki, bu da o deməkdir ki, ölkədəki mövcud kiçik dağ çaylarının əksəriyyəti tamamilə qu­ruyacaq, digər qismi isə mövsümi çayla­ra dönəcək. Ə.Şirinovun sözlərinə görə, iqlim dəyişikliklərinin sürətini, urbaniza­siyanı və əhalinin artımını nəzərə alsaq, Azərbaycan qətiyyətlə yeni müasir texno­logiyaların istifadəsinə, yeni əməkdaşlıq­lara açıq olmalıdır.

Konfransda çıxış edən “Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elm­ləri doktoru, Əməkdar mühəndis Əh­məd Məmmədov isə bildirib ki, son üç ilin məlumatına əsasən, Mingəçevir su anbarının səthindən ildə 1,2-1,4 milyard kubmetr su buxarlanır ki, daha əvvəllər bu rəqəm 1 milyard kubmetr təşkil edib. Tanınmış mütəxəssisin sözlərinə görə, Azərbaycanın daxili su ehtiyatı illik orta hesabla 10 milyard kubmetr təşkil edir ki, bunun da 1,4 milyard kubmetri buxar­lanır. Qeyd olunub ki, su anbarlarının ti­kintisi bir çox məsələlərin həllinə kömək etməklə yanaşı, həmin sututarların sət­hindən böyük buxarlanmalar müəyyən problemlər də yaradır. 

Baş mütəxəssis daha sonra qeyd edib ki, düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur. “Yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib. İqlim dəyişikliyin­dən əvvəl isə qarlar may ayında əriməyə başlayırdı. Bu, su anbarlarının tikintisini vacib edir. Amma anbarları düzənlik yox, dağətəyi yerdə tikməliyik. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 faiz fərq var”,– deyə Ə.Məmmədov bildirib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat