Azərbaycan–Qazaxıstan əməkdaşlığı strateji tərəfdaşlıq münasibətləri əsasında inkişaf edir. Belə bir vəziyyət Xəzər hövzəsi regionu, Orta Asiya–Cənubi Qafqaz və Türk Dövlətləri Təşkilatı coğrafiyasında əhəmiyyətli dəyişikliklərə müsbət təsir göstərir. Bakı–Astana arasında mövcud səmimi əlaqələr, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını da sürətləndirir. Bununla yanaşı, hər iki ölkənin zəngin enerji daşıyıcıları potensialına malik olması da strateji tərəfdaşlıq münasibətlərini getdikcə möhkəmləndirir.
Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə martın 11-də keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında, Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimində və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında bütün bunlar barədə ətraflı söhbət açılıb, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğu diqqətə çatdırılıb.
Dövlət başçılarının Azərbaycan və Qazaxıstana qarşılıqlı səfərləri zamanı əldə edilən razılıqların uğurla həyata keçirildiyini, eyni zamanda, həmin razılıqların icrasının daim diqqətdə saxlanıldığını bildirən prezidentlər tərəfindən bu, ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib.
Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb. Ölkəmizin rəhbəri Prezident Kasım-Jomart Tokayevin dövlət səfərinin dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Bu mərhələnin əsası isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ildə Azərbaycana rəsmi səfərinin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”sinin qəbul edilməsi ilə başlayır. İndiki dövrdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli layihələr gerçəkləşdirilir.
İki ölkə arasında strateji əməkdaşlığın inkişafına müsbət təsir göstərən normativ-hüquqi bazanın tədricən genişlənməsi nəticəsində təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sektorda qarşılıqlı fəaliyyəti gücləndirib. Nəticədə 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) yüksəlib. Təkcə keçən il ərzində ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib.
İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. Ümumiyyətlə, 2005–2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib. Bu dövrdə Qazaxıstanda qeydə alınan 1065 Azərbaycan şirkətinin yatırdığı sərmayənin həcmi 381 milyon dollar olub. Azərbaycanda isə qeydə alınan 150 Qazaxıstan şirkətinin qoyduğu investisiyanın həcmi isə 117 milyon dollara yüksəlib.
Azərbaycan – Qazaxıstan əməkdaşlığında qarşılıqlı yükdaşımaların artımı da diqqət çəkib. Əlbəttə, bu məsələdə son 3 ildə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları üçün mübadilə edilən “İcazə” blanklarının sayının beş dəfə artması əhəmiyyətli rol oynayıb.
Yeri gəlmişkən, ölkələr arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın bu il mart ayının 6-da keçirilən növbəti iclasında 2023-cü il üzrə daşımaların davamlılığının təmin edilməsi məqsədilə “İcazə” blanklarının əlavə mübadiləsi və 2024-cü il üçün ölkələrimiz arasında “İcazə” blanklarının ilkin kvotası razılaşdırılıb.
İclas zamanı Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tərəflərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə olunub. Həmçinin Orta Dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib.
İclasda bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında daşımaların ümumi həcmi, eləcə də region üzrə 3-cü ölkə daşımalarında iki ölkə daşıyıcılarının aktivliyi artıb.
Bütün bu və digər həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə iki ölkə arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Orta Dəhliz üzrə həcm isə 65 faiz artaraq 2,8 milyon tona çatıb. Belə yüksək göstəricilərin əldə edilməsini isə Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlıq, həmçinin ticari-iqtisadi münasibətlərin stimullaşdırılması tədbirləri, Qazaxıstan şirkətlərinin Ələt azad iqtisadi zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulması şərtləndirib.
Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlığın qurulması, qazax şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştiraklarına əlverişli imkan yaradılması kimi məsələlər də ikitərəfli əlaqələrin daha da güclənməsinə öz müsbət təsirini göstərib. Bu baxımdan Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması xüsusilə diqqət çəkib.
Hər iki ölkə son illərdə bütün region üçün mühüm önəm daşıyan bir sıra layihələrin icrasına fəal qoşulub. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması istiqamətindəki təşəbbüslərin diqqət mərkəzində saxlanılması nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Yeri gəlmişkən, ölkələrimizin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki fəaliyyətinə də nəzər salmaq istərdik. Bununla bağlı xatırladaq ki, hər iki dövlət TDT-nin təsis olunmasında, qurulmasında fəal iştirak edib. Başqa sözlə, qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülsə də, müqavilə Azərbaycanda imzalanıb.
Ötən 15 il ərzində TDT beynəlxalq arenada tanınaraq nüfuzlu aktora çevrilib. Bu müddətdə təşkilat üzvləri tərəfindən türk dünyasının konturları yeni geosiyasi reallıq kimi müəyyənləşdirilib və potensialı yüksək dəyərləndirilib. Belə ki, ümumi ərazisi təxminən 4,5 milyon kvadrat kilometr, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çox, əhalisi 160 milyon nəfərdən artıq olan TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara yüksəlib, türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxınlaşıb.
Hər iki dövlət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) həm region, həm də bütün dünya ölkələri üçün əhəmiyyətinin artırılması, potensialının ölkələrimizin iqtisadiyyatının inkişafına yönəldilməsi istiqamətində nəzərdə tutulan layihələri uğurla gerçəkləşdirir, logistika- nəqliyyat potensialının gücləndirilməsi istiqamətində fəal siyasət yürüdür.
Bu fikrin bariz ifadəsi olaraq deyə bilərik ki, 2022-ci ilin sonlarında Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində “Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Xəzər sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə başlanılıb. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacağı nəzərdə tutulub. Layihənin icrasına isə transmilli “PSA” Sinqapur şirkətini cəlb edilib.
Yeri gəlmişkən, Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin inkişafı istiqamətində reallaşdırdıqları tədbirlər nəticəsində yükdaşımaların həcmi 2022-ci ildə 2 dəfə artaraq 1,7 milyon tona, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatıb. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağı proqnozlaşdırılıb. Bunu isə həm tələbat, həm də texnoloji imkanların mövcudluğu şərtləndirib.
Hazırda Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Yuxarıda adı çəkilən “Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi” isə mövcud istiqamətdəki layihələrin icrasını sürətləndirir.
Bütün bunlarla yanaşı, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacağı planlaşdırılıb.
Ümumiyyətlə, Orta Dəhliz böyük potensiala malikdir və təbii ki, bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyini möhkəmləndirir.
V.BAYRAMOV
XQ