Keçmiş baş çekist Ambarsumyanın etirafı
Həqiqətin etirafı səmimiyyətin göstəricisidir. Həmin etiraf təcrübəli çekistin dilindən səslənəndə isə onun rezonansı daha böyük olur. Ələlxüsus, nəzərə alsaq ki, belə bir etirafı erməni xüsusi idarəsinin sabiq şefi edir, onda məsələnin bomba effekti təmin olunmuş sayıla bilər.
Elə isə Ermənistan MTN-nin keçmiş şefi Mikael Ambarsumyanın fikirlərinə diqqət edək. O, deyib ki, bəzi hallarda naşükürlüyü xəyanətə bənzətmək olur. Bu özünəməxsus zərbi-məsəli erməni çekisti hazırda ölkəsində geniş intişar tapmış rusofobiya haqqında danışarkən çəkib. Daha doğrusu, bu məsəldən Ambarsumyan özünün Facebook səhifəsində paylaşdığı etirafında istifadə edib.
Onun həmin etirafını Ermənistan cəmiyyətinə ismarıc kimi də qəbul etmək olar. M.Ambarsumyan yazıb: “Ermənistanda rusofobiya dalğasının obyektiv və subyektiv səbəbləri var. Bir məsələ tam aydındır: bu təmayül bu gün, sadəcə, dərk edilməsi mümkün olmayan nəticələrə gətirib çıxaracaq. İndi əsas odur ki, erməni dünyasının gələcəyi üçün əlverişli çıxış gələcək təmin olunsun. Bu vəziyyətdə çox mühüm bir faktı xatırlatmaq, həm də dilə gətirmək istərdim: planetdə ikinci elə bir ölkə yoxdur ki, 44 günlük müharibənin gedişində mövcud hərbi-siyasi imkanları ilə Ermənistan üçün Rusiyadan daha çox iş görsün. Bu faktı nə indiki hakimiyyət, nə də radikal rusofob qüvvələr təkzib edə bilər”.
Düz sözə nə demək olar? İkinci Qarabağ savaşında Ermənistana şimallı və cənublu qonşularının hansı formada və nə dərəcədə yardım etdiklərini kim bilməsə də, sabiq təhlükəsizlik naziri Mikael Ambarsumyan çox gözəl bilir. Elə həmin gizli dəstəyin heç bir fayda verməməsinin səbəbləri də ona yaxşı məlumdur.
“Müharibə dövründə Zəngəzurda rus qoşunlarının yerləşdirilməsini, Rusiya bayrağının dalğalandığı hər bir yeni istehkamın yaradılmasını biz böyük şövqlə gördük və yanımızda güclü müttəfiqimiz olduğunu hiss etdik. Siz naşükür ola bilməzsiniz. Bəzi hallarda, bu, xəyanətə bənzəyir. Güman edirsiniz ki, Rusiyadan daha çox şey gözləmək olardı? Bununla heç kim mübahisə edə bilməz, amma fakt faktlığında qalır. Rusiya strateji müttəfiq mövqeyində idi və sonda məhz onun səyləri ilə müharibə dayandırıldı. Bax bunu yaddan çıxarmamaq və qiymətləndirmək lazımdır” – yazan Ambarsumyan sonda belə bir məntiqi nəticəyə gəldiyini bildirir: “Bu qeydlərimlə mən heç bir halda digər dost ölkələrin qiymətini azaltmaq istəmirəm. Sadəcə olaraq, həqiqəti bilmək və onu ictimaiyyətə təqdim etmək lazımdır”.
Bəli, əgər 2020-ci il noyabrın 10-da Rusiya müharibəni saxlatmasaydı, Azərbaycan Ordusunun indi harada mövqe tutacağını, yəqin, Ambarsumyan köhnə çekist fəhmi ilə dəqiq təsəvvür edir. Dörd il bundan əvvələ qədər şimal qonşularını özlərinə ən yaxın strateji tərəfdaşları, “böyük qardaşları”, hətta “dindaşları” kimi vəsf edən haylar indi ruslara qarşı nifrət notlarına köklənmiş fors-major ruhlu mahnıları dövriyyəyə buraxıblar. Təəccüblənməyə dəyməz.
Əgər onlar revanş xəyalı ilə cürət edib Üçüncü Qarabağ savaşına girişsələr, o zaman bu gün ağuşlarına sığındıqları müsyö və madamları da eyni epitetlərlə lənətləməyə başlayacaqlar. Bax onda bütün dünya, o cümlədən Anbarsumyan ermənilərin ifasında naşükürlüklə xəyanətin bir-birinə nə qədər yaxın olduğunu seyr edəcəklər...
İ.HƏSƏNQALA
XQ