Səfir: Slovakiya Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

post-img

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Slovakiyanın bu ölkədəki səfiri Matuş Buşovski ilə görüşüb.

Görüşdə Azərbaycanın regionda və dünyada artan nüfuzu, möhkəmlənən mövqeyi, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan irimiqyaslı layihələr barədə fikir mübadiləsi aparılıb.

Səfir F.Quliyev Azərbaycan ilə Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq hər iki xalqın mənafelərinə, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət edir.

F.Quliyev keçmiş münaqişənin tarixi və fəsadları barədə danışıb, 2020-ci il Zəfərinin və 2023-cü il lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, hazırda Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə dolğun məlumat verib. Bu kontekstdə, Ermənistanın ziddiyyətli davranışının və son dövrdə yenidən əl atdığı təxribatların qəbulolunmazlığı, regionda sülh prosesinə xələl gətirdiyi diqqətə çatdırılıb.

Həmçinin Azərbaycan ərazilərinin minalanması faktlarına və şərti sərhəd boyu qarşı tərəfin törətdiyi insidentlərə dair dolğun məlumat verilib.

Səfir M.Buşovski Azərbaycanın artan nüfuzundan məmnunluqla danışıb, növbədənkənar prezident seçkilərinin uğurla keçirildiyini vurğulayıb.

O, Azərbaycanın bundan sonra da bölgə əməkdaşlığı kontekstində dinamik rol oynayacağına dair əminliyi ifadə edib.

Səfir M.Buşovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət