1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olaraq qalır. Yüzlərlə dinc sakininin ölümü ilə nəticələnən bu qanlı hadisə Azərbaycan xalqının qəlbində sağalmaz ağrı və iztirablar buraxdı. Bu il fevralın 26-da Xocalıda bu qanlı faciənin qurbanlarının xatirəsinə ucaldılmış Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimi zamanı bu barədə geniş məlumat verən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı həm də genişmiqyaslı aspektləri əhatə edir. Bu çıxış təkcə Xocalıda verdiyimiz qurbanlara ehtiram aktı deyil, həm də beynəlxalq aləmdə ədalət uğrunda mübarizəyə dəstəyin gücləndirilməsinə yönəlmiş siyasi manifestdir.
Bu fikirləri “XQ”-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.
Analitik Xocalıda abidə kompleksinin təməlinin qoyulmasını tarixi yaddaşın qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi baxımdan önəmli olduğunu ifadə etdi: “Bu tarixi addım Azərbaycanın milli kimliyini qoruyub saxlamaq, tarixin dərslərindən nəticələr çıxarmağı bacaran vətəndaşlar yetişdirmək istəyini nümayiş etdirir. Ölkə başçısı Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən lazımi səviyyədə tanınmamasını da diqqətdən kənarda qoymur. Prezidentin çıxışının mətni həm bu faciənin qurbanları, həm də ölkənin özü üçün ədalət tələbləri ilə doludur. Yalnız 18 ölkənin bu soyqırımı tanıması, böyük dövlətlərin və beynəlxalq təşkilatların ona biganə qalması bu qanlı akta beynəlxalq səviyyədə reaksiyanın olmamasından xəbər verir”.
M.Dəmirov bildirdi ki, Xocalı soyqırımı hökumətin və ictimai təşkilatların səylərinə baxmayaraq, hələ də dünya ictimaiyyəti tərəfindən yekdilliklə tanınmayıb: “Hər halda proses gedir və bu prosesin kifayət qədər perspektivləri var. Məsələn, Xocalı soyqırımının tanınmasının əsas arqumentlərindən biri - baş vermiş hadisələrlə bağlı beynəlxalq məlumatlılığın artırılmasıdır. Son illər Azərbaycanın geniş informasiya kampaniyası ilə dəstəklənən fəal diplomatik fəaliyyəti bir çox dairələrin diqqətini bu faciəyə daha da cəlb edib. Beynəlxalq ictimaiyyətin hərəkətləri və regionda baş verən hadisələrə reaksiyası, o cümlədən, insan hüquqlarının pozulması və soyqırım aktlarının pislənməsi Ermənistana əlavə təzyiqlər göstərə və Xocalı soyqırımının tanınmasına töhfə verə bilər. İnsan hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq institutların aktiv fəaliyyəti Xocalı soyqırımı haqqında məlumatların daha geniş yayılmasına və onun insanlığa qarşı cinayət kimi tanınmasına təsir edə bilər. Azərbaycanın beynəlxalq arenada diplomatik fəaliyyətini davam etdirməsi, o cümlədən, müxtəlif beynəlxalq təşkilatlarda və forumlarda iştirakı Xocalı soyqırımının tanınması üçün daha əlverişli şəraitin yaradılmasına cidd təkan verir. Xocalı soyqırımının tanınması uğrunda mübarizədə ictimai təşkilatların, elmi ictimaiyyətin, KİV-in və sadə vətəndaşların fəal iştirakı beynəlxalq ictimai rəyin formalaşmasında, müxtəlif ölkələrin hökumətlərinə təzyiqlərin yaradılmasında mühüm rol oynayır”.
Analitik qeyd edir ki, Xocalı soyqırımının tanınması uğrunda mübarizənin ən mühüm iştirakçılarından biri də Heydər Əliyev Fondudur. Ədalət və mənəvi bərpa uğrunda mübarizədə Heydər Əliyev Fondu əsas oyunçuya çevrilir. Bu fond baş verənlər haqqında həqiqəti dünya birliyinə çatdırmağa yönəlmiş “Xocalıya ədalət!” genişmiqyaslı kampaniyanın təşkilində və keçirilməsində mühüm rol oynamışdır. Kampaniya təkcə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq deyil, həm də Xocalı soyqırımı qurbanları üçün ədalətin tanınmasının vacibliyinə diqqəti fəal şəkildə cəlb etmək məqsədi daşıyır. Xocalı soyqırımının tanınması uğrunda mübarizədə Heydər Əliyev Fondunun səyləri milli maraqların və tarixi həqiqətlərin qorunmasında vətəndaş fəallığının və diplomatik işin nümunəsidir. Çətinliklərə və maneələrə baxmayaraq, bu səylər beynəlxalq ictimai rəyin formalaşmasına və Xocalı soyqırımı qurbanları üçün ədalətin təmin olunmasına mühüm təsir göstərir.
“Xocalı soyqırımının mənəvi tərəfi ilə yanaşı, geosiyasi əhəmiyyəti də var”, - deyən analitik diqqətə çatdırır ki, region ölkələri və onların beynəlxalq tərəfdaşları arasında münasibətlər ciddi sınaqlardan keçirilir və bu faciəyə beynəlxalq alyansları tarixin ən ciddi sinaqlarından biri kimi, çağrışlarla üz-üzə qoyur: “Bu kontekstdə susmaqdan imtina etmək və haqq-ədalət uğrunda mübarizədə fəal iştirak etmək təkcə mənəvi saflıq deyil, həm də beynəlxalq sabitliyin, asayişin qorunmasında strateji addımdır. Bu faciənin tanınması uğrunda mübarizə həm yerli, həm də beynəlxalq səviyyədə həqiqət və mənəvi bərpa uğrunda mübarizəyə sadiqliyimizin simvoluna çevrilir”.
Rizvan FİKRƏTOĞLU
XQ