İrəvanın yeni müharibə ritorikasındakı etüdlər
Ermənistan dövləti böyük güclərin layihəsi kimi yaranmışdı. Bu güclər erməni amilini türk dünyasını parçalamaq naminə istifadə etmişdilər. Əvvəl sözügedən amildən Qərb dünyası yararlanmış, sonra estafet Rusiyaya keçmişdi. Uzun müddət ermənilər Rusiyanın boyunduruğu altında olmuşdur.
İndi Ermənistan daxilində gedən proseslərə, ayrı-ayrı qütblərin bir-birinə qarşıçıxma tematikasına diqqət yetirəndə, acınacaqlı mənzərə yaranır. Elə bil, mübarizələri hansı tərəfə yıxılmaq üstündə gedir. Bir qisim Rusiyanı seçir və bildirir ki, ölkənin nicatı Şimaldadır. Digər qütbün tərəfdarları isə belə düşünürlər ki, Ermənistan çiynini Qərbə söykəməlidir. Yəni, heç bir cinah müstəqil siyasi xətt yürütməkdən söz açmır. Mütləq kiməsə, kimlərəsə arxalanmaq məntiqi əsas götürülür və deməli, qlobal oyunlarda yer almaq məqsədi güdülür. Təəccüblənmirik, axı erməni xisləti üçün mövcudiyyət faktoru budur. Bu xislət dövlət barədə düşünmək üstünlüyündən məhrumdur.
Bəli, xəstə xislət daşıyıcıları üçün dövlətçilik şüuru, yalnız dövlətin maraq və mənafelərindən çıxış etmək kimi prinsip yoxdur. Görünür, vəziyyətin səbəbi dövləti özlərinin yaratmamalarıdır. Dövlət onlara hədiyyə edilib. Düşündükləri ancaq xəstə xislətlərini doydurmaqdır. Buna görə hazırda Azərbaycana qarşı çıxırlar və sülhə gəlmək niyyətindən uzaqdırlar.
Amma, necə deyərlər, indi çərxi-fələk tərsinə dövran edir. Artıq ermənilərin boyunduruğu Qərbin əlindədir. Ermənistan adlı dövlət Qərbin anti-Rusiya siyasətində alətdir. Azərbaycanla əks mövqedə dayanmaq, bu alətin özünütəsdiq paradiqmasıdır. Erməni xislətindəki tarixi “mahiyyət” dəyişmir. Axı özünütəsdiqdə başlıca meyar işğalçılıqdır.
Ermənistanın hakim dairələrinin, eləcə də onlara yaxın ekspert və politoloqların təbliğatı budur ki, ölkə ilə Qərb arasında əməkdaşlığın dərinləşməsi birincinin dövlətçiliyinin təşviqi üçün son dərəcə vacibdir. Ziddiyyətə baxın, pis-yaxşı otuz ildən artıqdır dövlət kimi meydanda olublar, indi ayılıblar ki, dövlətçiliyi qorumaq lazımdır. Deməli, özləri də ötən müddətdə dövlətlərinin olmamasının fərqindədirlər.
Əlbəttə, indi də böyük ölçüdə düşündükləri dövləti qorumaq və möhkəmləndirmək deyil. Bu ad altında destruktiv siyasətə köklənirlər. Tarix boyu da belə olublar – sakit, sabit yaşaya, qonşularla normal keçinə bilməyiblər. Tarixdən söz düşmüşkən bildirək ki, XIX əsrin sonlarına doğru erməni məsələsi aktuallaşmış və ondan Osmanlıya qarşı istifadəyə baş vurulmuşdu. Bu, Qərbin planı idi. Lakin sonradan elə vəziyyət yarandı ki, Qərb özünün Şərq ekspansiyasının davamını “Yunan məsələsi”ndə görməyə başladı. Həmin vaxt ermənilər tarixin ümidinə buraxıldılar.
Osmanlıya qarşı hər cür rəzilliyi, vəhşiliyi və quldurluğu həyata keçirən erməni türklərlə baş-başa buraxılanda acınacaqlı duruma düşdü. Osmanlı dövləti asilərin gələcəkdə birlik olmalarının qarşısını almaq üçün məqsədyönlü siyasət həyata keçirdi – ermənilər imperiyanın müxtəlif yerlərinə köçürüldülər. Qondarma “soyqırımı” kimi tirajlanan məsələnin əsl mahiyyəti budur. Çünki başqa çarə yox idi, ermənilər ipə-sapa yatmırdılar. Murdar xəstəlik, terrorçu mahiyyət daşıyıcılarını islah etmək lazım idi.
İslah olundularmı? Xeyr! Görünür, 44 günlük müharibə də xəstəlik daşıyıcılarını islah etmədi. Qarabağın hər yerinə səpələnmiş cəsədlərindən torpağa axmış qanlarının yeri qurumamış yenə ambisiyalara baş vurublar. Mövcud xüsusda isə haqqında söz açdığımız dövlət və dövlətçilik məsələsini əllərində bayraq edirlər. Bəli, hazırda baş nazir Nikol Paşinyan və komandası Ermənistanın yaramaz xarici siyasətinə, Azərbaycana qarşı çıxmaqla, işğalçılıq niyyəti güdən avantürizminə dövlətçiliyin müdafiəsi libası geyindirir, pafosa və ucuz populizmə baş vururlar. Əlbəttə, ölkəmizə əks mövqedə dayanmaq və bununla erməni avantürizmini diri tutmaq rəsmi İrəvan üçün müstəsna dividenddir. Daha böyük məsələ isə Qərbin Cənubi Qafqaz planlarıdır.
Qətiyyətlə demək mümkündür ki, Qərb anti-Rusiya cəbhəsinin növbəti məkanı qismində Cənubi Qafqazı seçib və mövcud seçimdə Ermənistanın “xidmətlərindən” bəhrələnmə var. İrəvan bu cəbhədə iştirakla, özünə sərfəli nəticələrə nail olmaq istəyindədir. İstək isə aydındır – Qarabağı ələ keçirmək və bölgəni saxta erməni milli identikliyinin rəmzi kimi saxlamaq. Eyni zamanda, nəzərə alaq ki, Ermənistan hakimiyyəti rüsvay duruma düşdüyü 44 günlük müharibədən əvvəl “Yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürmüşdü…
Bəli, Qərbpərəst Ermənistan hakimiyyəti avantürist xisləti, xəstəliyi yenə bilmədi. Hazırda görünən odur ki, məhz həmin xəstəliyə söykənərək, özünün mövcudluğunu davam etdirməyi hədəf seçib. Aylar, günlər keçdikcə xəstəliyin ən müxtəlif simptomları üzə çıxır. Məsələn, indi erməni siyasilər bildirirlər ki, Kreml İrəvanın Qərblə əməkdaşlıq etməməsi üçün Azərbaycandan Ermənistana qarşı hərbi təzyiq aləti kimi istifadə edir. Guya, Bakı regionda Moskvanın nüfuzunu qorumaq üçün sülh müqaviləsinin imzalanmasına qəsdən maneçilik yaradır və Qərbin hərəkətlərinin qarşısını almaq naminə Ermənistana qarşı əsl hibrid müharibə aparır.
Maraqlıdır ki, erməni siyasi dairələri Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik müqaviləsinə söykənirlər və mövcud xüsusda ən böyük həyasızlığa baş vururlar. Sən demə, məhz bu sənədə görədir ki, Moskva Bakının 2023-cü ilin sentyabrında “Qarabağı işğal etməsinə”, 100 mindən çox erməninin evlərindən didərgin düşmələrinə göz yumub. Guya, Qarabağdakı separatçı rejimin təmsilçilərinin də Azərbaycana təhvil verilməsi sözügedən müttəfiqlik sazişi əsasında reallaşıb (?).
Azərbaycan–Rusiya müttəfiqlik müqaviləsi səbəbindən Qarabağın hazırda Rusiya üçün yoxluğunu bildirən erməni siyasilərin gündəmə gətirdikləri fikirlər bölgənin Qərb–Ermənistan “işbirliyi” baxımından prioritetliyi üzərində dayanmağa əsas yaradır. Deməli, yuxarıda da vurğuladığımız məntiq keçərlidir. Ermənistan Qərbin Cənubi Qafqaz planlarında iştirak edəcək, bunun mükafatı isə Qarabağ olacaq. Əlbəttə, yalnız Qarabağ yox.
Ermənistan siyasilərinin uydurduqları növbəti yalan da var. Onlar bildirirlər ki, Azərbaycan, guya, son vaxtlar Ukraynaya qarşı müharibə aparan Rusiyaya böyük hərbi dəstək verib. Sən demə, “Dağlıq Qarabağın müdafiə ordusu” tərksilah edildikdən, Qarabağ hakimiyyətindən bir milyard dollara yaxın silah-sursat ələ keçirdikdən sonra Azərbaycan həmin silah-sursatı Rusiyaya təhvil verib. Hazırda isə Moskva həmin silahlardan Kiyevə qarşı istifadə edir.
Ortada paradoksal durum yaranır. Azərbaycan, əlbəttə ki, Rusiyaya silah verməyib. Milyard dollarlıq silah Ermənistan üçün böyük görünə bilər, amma Rusiya üçün belə deyil. İkincisi, otuz ilə yaxın müddətdə İrəvanı silahla təmin edən Moskva olub. Deyəsən, indi Qərbin qucağına düşən erməni hakimiyyəti və ona yaxın dairələr mövcud reallığı unudublar. Müttəfiqliyə gəlincə, Azərbaycanda sözügedən müqavilədən çox, Türkiyə ilə bağlanmış müttəfiqlik sazişi əsas götürülür. Ancaq hazırda Ermənistanda Rusiya ilə müttəfiqlik “zəngulələri” vuranların sayı Azərbaycan-Rusiya müttəfiqliyindən danışanların sayından dəfələrlə çoxdur. Paradoksallıq da elə budur.
Ermənistan siyasilərinin anti-Rusiya ovqatını anti-Azərbaycan ab-havası ilə çulğalaşdırmasına dair növbəti məqama keçid alaq. Onlar bildirirlər ki, Kreml Bakının Ermənistan ərazilərinə təcavüz reallaşdırmasına şərait yaradıb. Guya, ruslar Ermənistanın cəbhə xəttindən Azərbaycana kəşfiyyat məlumatları ötürüblər, rus hərbçiləri Azərbaycanın xeyrinə casusluq ediblər. Daha bir həyasızlıq da budur – 2024-cü il fevralın 13-də Rusiya Azərbaycana Ermənistan ərazisində işğalçılıq həyata keçirməsinə şərait yaradıb.
Belə faktların sayını artırmaq mümkündür. Sadəcə, yekun nəticə dəyişmədiyindən, erməni xəstəliyinin məhsulu kimi meydana çıxan məqamların hamısının üzərində dayanmağa lüzum görmürük. Nəticə isə budur ki, Ermənistan obrazlı desək, Qərb cəbhəsində Cənubi Qafqaz səngəri qazmaqla məşğuldur. Qərb özü də bu səngərin qazılmasına dəstək verir. Məsələn, Avropa mediasında anti-Azərbaycan isterikası genişlənir, ölkəmizin, belə demək mümkünsə, demonizasiyası həyata keçirilir. Tam əminliklə söyləyə bilərik ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaşdırır, ancaq elə fon yaradır ki, sanki başlanacaq müharibə Bakının işğalçılıq niyyətlərinə cavabdır. Bu yolla yalnış beynəlxalq rəy formalaşdırılır.
Mövcud fonda Ermənistanın hakim dairələrinə yaxın politoloq və ekspert cameəsi də daxili ictimai rəydə gələcək müharibə üçün hazırlıq həyata keçirir. Onlar “ruspərəst Azərbaycanın” Qərbpərəst Ermənistanı işğal etməməsi, “avtoritarların Cənubi Qafqazdakı demokratiyanı boğmaması” üçün ABŞ, Fransa və Avropa İttifaqı ilə ciddi hərbi-siyasi əməkdaşlığa dair planların hazırlamalı və müvafiq sənədlərin imzalamalı olduğunu vurğulayırlar. Onlar əvvəldə də dediyimiz kimi, oyunbazlıq niyyətlərini yarımçıq qavradıqları erməni dövlətçiliyini qorumaq məntiqi ilə əsaslandırırlar.
Yazımızın əvvəlində bildirdik ki, Ermənistan dövləti böyük güclərin layihəsi kimi yaranıb. Erməni varlığının həmin güclər arasındakı mübarizədə alətə çevrilib taleyin ümidinə buraxıldığı vaxtların olduğunu da diqqətə çatdırdıq. İndi də hadisələr həmin ssenariyə doğru gedir. Dövlət kimi mövcudluq məsələsini işğalçılıqda görən bu varlıq alətə çevrilib bir kənara atılmaq aqibətindən nəticə çıxarmayıb.
Deməli, Ermənistan rəhbərliyi ölkənin məhvə doğru getdiyinin də fərqində deyil. Bəli, 44 günlük müharibənin, lokal xarakterli antiterror tədbirlərinin nəticəsi Ermənistan üçün iflas idisə, bu dəfə tam məhvolma ssenarisi aktualdır. Heç şübhəsiz, Ermənistanın Qərbin Cənubi Qafqaz cəbhəsində qazdığı səngər onun özü üçün qəbir olacaq.
Ə.RÜSTƏMOV
XQ