Müharibə isterikalı “informasiya hazırlığı” bir mərkəzdən idarə olunur
Üç-dörd ay əvvəl sülh sazişinin imzalanmasının bir addımlığında olduğunu bəyan edən rəsmi İrəvanın diplomatik ritorikasında indi müharibə anonsları daha ucadan səslənir. Hazırkı dönəmdə sülh müqaviləsini imzalamaqdan yayınmağın yollarını arayan Ermənistan hakimiyyəti özünü Azərbaycanın “real müharibə təhlükəsindən qorumağa” çalışdığını bildirir.
Bəs hayların məqsədi nədir? Bütün cəbhələrdə uduzmuş və sülh dalanına dirənmiş Paşinyan iqtidarının ümidləri Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmini genişləndirməyə və ona qarşı “müharibə təhdidi” kampaniyasına inandırıcılıq donu geyindirməyə bağlıdır. Bu qarayaxma kampaniyasının “zərbə qüvvəsi” isə informasiya sahəsidir. Daha çox Qərbdəki ermənipərəst qüvvələrdən dəstək alan rəsmi İrəvan son üç ildə Azərbaycanı həm bölgədəki qonşuları, həm də dünyanın böyük gücləri ilə üz-göz etmək məqsədilə ən iyrənc üsullara əl atıb. Bunlar alınmayanda isə Bakının Qərblə münasibətlərini korlamaqdan ötrü Qarabağda baş verən hadisələrin fonunda dezinformasiya tələləri qurmağa baş vurur. Burada da heç nəyə nail ola bilməyən İrəvan indi beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanın, guya, “Ermənistanın ərazi bütövlüyünü təhdid edən”, “Zəngəzura hərbi təcavüzə hazırlaşan” ölkə obrazını yaratmağa səy göstərir.
* * *
Avropanın aparıcı dövlətlərinin “təcavüzkar” Azərbaycana və “təhdidlərlə üzləşən” Ermənistana münasibətlərinin qısa müqayisəli təhlilini aparsaq, təxminən belə bir mənzərə ilə üzləşə bilərik. Bakının Böyük Britaniya Krallığı ilə heç bir problemi yoxdur. Əksinə, Xəzərdəki enerji resurslarının birgə istismarında bu ölkənin böyük şirkətləri ilə otuz illik qarşılıqlı faydalı əməkdaşlıqdan tərəflərin məmnunluğu göz qabağındadır. İtaliyanı da Azərbaycanla dost ölkələrdən saymaq olar.
Kral üsuli-idarəli İspaniya kimi “nə ət, nə də balıq” dövlətin Senatı hansısa ermənipərəst qətnamə qəbul edirsə, bu, bizim üçün hüquqi qüvvəyə malik olmayan kağız parçasından savayı bir şey deyil. Almaniya hələlik neytral vəziyyətdədir və Bakı–İrəvan dialoqu ilə bağlı mövqeyini açıq şəkildə bildirməyə tələsmir. Fəqət, Azərbaycan və Ermənistan XİN başçılarının Berlin görüşü bu ölkənin beynəlxalq hüquqa və ədalətə necə yanaşmasına aydınlıq gətirəcək. Avropanın beynəlxalq təsisatlarının bəyanat və müraciətləri isə, sadəcə, tövsiyə xarakteri daşıyır. Okeanın o tayına nəzər yetirsək, Kaliforniyadan idarə olunan ermənipərəst senator və konqresmenlərin hərdən “ulduza hürmələrinin” şahidi ola bilərik. Amma rəsmi Vaşinqton onların hay canfəşanlığının ABŞ dövlətinin mövqeyi olmadığını dəfələrlə bəyan edib. Bu da təsadüfi deyil. Çünki Ağ ev Azərbaycanda dəyəri yüz milyardlarla dollara bərabər ortaq enerji layihələrinə malikdir.
İri dövlətlərdən ortada yalnız Fransa qalır. Son vaxtlar Qərb mediasında geniş tirajlanan anti-Azərbaycan isterikasının, Azərbaycanın Ermənistana təcavüzə hazırlaşması barədə feyk-informasiyaların arxasında məhz rəsmi Paris dayanır. Yelisey sarayından idarə olunduğu şübhə doğurmayan həmin qaraguruh isterikanın məqsədi gözlənilən müharibənin “informasiya fonu”nu yaratmaqdır. Fransanın, ümumilikdə, Qərbin ermənipərəst mediasının, pulla satın alınmış ekspert dairələrinin Azərbaycan əleyhinə apardıqları informasiya savaşının genişlənməsi də bu altniyyətdən xəbər verir. “Bakı Ermənistana qarşı hücuma hazırlaşır”, “Azərbaycan Ermənistanı müharibə ilə təhdid edir” xarakterli təbliğatın hədəfi yaxın gələcəkdə erməni təxribatlarına “haqq qazandıracaq” informasiya fonu yaratmaq, ictimai rəyi əvvəlcədən planlaşdırılan hərbi təxribata hazırlamaqdır. Bəli, bölgədə sülhün və sabitliyin bərqərar olması prosesinə əngəllər törədən Qərb hər vəchlə Ermənistanı yeni müharibəyə sürükləyir, yaxud bunu imitasiya edir.
* * *
“Cozef Borrellin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. Əvvəla, bu bəyanatlar reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”– bunu Prezident İlham Əliyev dünən Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın sülh prosesinə sadiqliyini bildirən İlham Əliyev müharibə versiyasının cənab Makronun insinuasiyası olduğunu nəzərə çatdırıb:
“Bütün bunlar Fransanın, guya, Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə hesablanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat cavab verməli olduq. Bizim cavabımız bir neçə dəqiqə çəkdi və Ermənistanın dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq. Dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrell və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra şərti sərhəddə ilk dəfə baş verən insidentin də qətiyyən təsadüf olmadığı, bunun arxasında böyük məkrli planın gizləndiyi üzə çıxır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərbi avantüraya Qərbin, birbaşa Fransanın diktəsi ilə getdiyi artıq şübhə doğurmur. Həmin sərhəd təxribatının dərhal ardınca Fransa mediasında Ermənistanın “ildırım sürətli müharibə” planına hazırlaşması barədə xəbərlərin yayılmasının nəyə xidmət etdiyi məlum olur. Sızan məlumatlara görə, baş nazir Nikol Paşinyanın Paris səfərində müzakirə edilən “məxfi plan”ın mahiyyəti ondan ibarət imiş ki, Ermənistan qəfil hücumla Azərbaycanla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir. Bunun nəticəsində sülh danışıqları prosesində İrəvanın mövqeyi xeyli “güclənir” və guya, Bakının güzəştə getməkdən savayı şansı qalmır.
İndi məlum olur ki, Ermənistan baş nazirinin Paris səfərindən əsas məqsəd heç də İkinci dünya müharibəsində həlak olan ermənilərin xatirəsinə ehtiram nümayiş etdirmək deyilmiş. Səfərin əsas və gizli məqsədi Nikol Paşinyanın Yelisey sarayında Emmanuel Makrondan konkret göstərişlər alması və bundan sonrakı fəaliyyətini buna uyğun nizamlamasıdır. Fransa tərəfindən açıq-aşkar Azərbaycanla hərbi qarşıdurmaya təhrik edilən Ermənistanın silahlandırılması da təsadüfi deyil. Paris bu “missiyanı” həyata keçirməyi də öz üzərinə götürüb. Fransa, həm də Hindistan vasitəsilə onun lisenziyası ilə bu ölkədə istehsal olunan silah-sursatı ermənilərə ötürür, həmçinin fransız hərbçilər Ermənistan ordusunun müxtəlif qoşun bölmələrinə təlimlər keçirlər.
Qərbin Cənubi Qafqazda yeni müharibə istəyini sübuta yetirən başqa faktlar da var. Bunlar Fransanın birmənalı şəkildə Ermənistanı müdafiə etməsi, sərhəd təxribatında İrəvanın deyil, Bakının hədəfə alınması çirkin planın tərkib hissələridir.
Hər şeydən göründüyü kimi, İrəvan Qərbdən aldığı tapşırıq və əmrlərə uyğun hərəkət edir. Bu isə Hayastan rəhbərliyinin bölgədə baş verən proseslər nəticəsində düşdüyü acınacaqlı vəziyyətdən düzgün nəticə çıxarmadığını isbatlayır. Yəni, nə 2020-ci ilin 44 günlük müharibəsində acı məğlubiyyəti, nə də 2023-cü il 19-20 sentyabrda 23 saatlıq antiterror tədbirlərinin nəticələri rəsmi İrəvana dərs olub. İndi görünən mənzərə odur ki, Paşinyan iqtidarı xoşluqla, ya zorluqla özü-özünü uçurumun kənarına sürükləyir. Əgər daxildəki və xaricdəki daşnak-revanşist qüvvələr Üçüncü Qarabağ müharibəsində nəyəsə nail ola biləcəklərini düşünürsə, onlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: “Əgər Azərbaycanın təhlükəsizliyinə azacıq da olsa təhdid yaransa və bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, Bakı onu dərhal, sadəcə, məhv edəcək”.
Görəsən, Paşinyan və onu yeni müharibəyə sürükləməyə çalışan həmin Fransa növbəti qarşıdurmanın hansı sonluqla bitəcəyini düşünürlərmi?
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nın media eksperti
Yayılan informasiyalardan belə nəticə çıxır ki, ABŞ Ukrayna üzərindən Rusiya ilə apardığı savaşda çıxılmaz duruma düşüb. Konqresdəki Respublikaçılar Ukraynaya hərbi yardım üçün ayrılmalı olan 61 milyard dollarlıq vəsaiti təsdiqləmirlər. Bu isə Ukraynanın, onun fonunda isə ABŞ-nin mövqelərini zəiflədir. Son bir ay ərzində Rusiya tərəfi cəbhədə üstünlüyü ələ alıb. Konqres maliyyəni təsdiqləsə belə, onun ünvana çatdırılıb effekt verməsi vaxt alacaq. Bu baxımdan, ABŞ prezidenti və onun komandası diqqəti yayındırmaq üçün yan təsirlərdən faydalanırlar. Aydın şəkildə görünür ki, onlar Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışırlar. Çox təəssüf ki, bu oyunu Azərbaycan və Ermənistan arasında gərginliyi artırmaq üzərində qururlar.
Acınacaqlı haldır ki, ABŞ-nin media şəbəkəsi də bu oyunda alət kimi istifadə olunur. Onlar Cənibi Qafqazda gərginliyin artırılması planında rol alırlar. Yalan, dezinformasiyalar yaymaqla həm region əhalisini aldadır, həm də beynəlxalq ictimai rəyi çaşdırırlar. Yazdıqlarından belə məlum olur ki, guya, Azərbaycan Ermənistan üzərinə hücum etməyə hazırlaşır. Azərbaycan tərəfi ən üst səviyyədə elan edib ki, Ermənistanla yeni müharibə aparmaq fikri yoxdur. Həmçinin, bu açıqlamalarını real addımlarla sübuta yetirib. Məsələn, fevralın 23-də Ermənistan ordusu şərti sərhəddə sabitliyi pozdu, Azərbaycan tərəfinə atəş açdılar. Amma Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq, regionda gərginliyin artmaması naminə, cavab tədbirləri görülmədiyini bildirdi. Diqqət yetirsək görərik ki, ABŞ media subyektləri Azərbaycanın bu cür xoşməramlı addımları barədə bircə cümlə də olsa, informasiya verməyiblər. Nəinki 23 fevral insidentindən yazmırlar, ümumiyyətlə, Azərbaycan tərəfindən sülhün əldə edilməsinə yönəlik təşəbbüsləri boykot etmək yolunu tuturlar.
Onlar Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasını müxtəlif vasitələrlə əngəlləyirlər. İki dövlət arasında düşmənçiliyi artıran, sülhün əldə edilməsinə mane olan məlumatlar yayırlar. Aydın şəkildə görünür ki, ABŞ Cənubi Qafqaz regionunda qanlı planlar hazırlayıb. Bu ölkənin media şəbəkəsi də məkrli planın reallaşdırılmasına dəstək verir.
İmran BƏDİRXANLI
XQ