Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.
Yekunda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.
Azərbaycan Respublikasının Prezidentinin müraciətində qeyd olunub ki, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımız praktik olaraq bütün sferaları əhatə edir.
Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,4 milyard dollara çatmışdır.
Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz artıb.
İclasda çıxış edənlər ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.
XQ