Prezident Administrasiyasının rəhbəri yeni ədliyyə nazirini kollektivə təqdim edib

post-img

Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.

Təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliy­yə sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə həyata keçi­rilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəti­cəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoy­du, onun çoxşaxəli fəaliyyətini tənzimləyən norma­tiv-hüquqi baza formalaşdırıldı, nazirliyin səlahiyyət­ləri genişləndirildi, cəmiyyətdə rolu artdı.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam et­dirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkə­zində saxlayır. Dövlətimizin başçısının təsdiq etdi­yi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluq keçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdiril­məsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində hə­yata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir.

Qarşıdan gələn dövrdə nazirliyin qarşısında du­ran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşı­rıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.

XQ

Son xəbərlər