Azərbaycan Respublikasının Əlcəzairdəki səfirliyində “Minalara qarşı birgə mübarizə” adlı konfrans keçirilib.
Konfransın işində Əlcəzairin Mina qurbanları üzrə Milli Assosiasiyasının nümayəndələri, bu ölkədəki nüfuzlu qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin rəhbərləri, media təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan səfir Tural Rzayev Ermənistanın otuz ildən çox davam etmiş hərbi təcavüzü nəticəsində Azərbaycanın dünyada minalardan ən çox çirklənən ölkələrdən birinə çevrilməsi və bununla yanaşı, bu problemin aradan qaldırılması məqsədilə aparılan fəaliyyətlər, habelə ölkəmizin qarşılaşdığı mina terroru barədə ətraflı məlumat verib.
T.Rzayev Əlcəzair xalqının hətta bu gün belə mina problemləri ilə qarşılaşdığını bildirib və bu məsələdə müştərək hərəkət etmək, təcrübə mübadiləsi aparmaq, qarşılıqlı yardım göstərmək üzrə təklifləri təqdim edib.
Konfransda çıxış edən Əlcəzairin Mina qurbanları üzrə Milli Assosiasiyasının prezidenti Muhamməd Cavadinin nümayəndəsi Feyza Muqran, Əlcəzair səhiyyənin təşviqi və tədqiqatların inkişafı üzrə Milli qurumunun sədri, “Faram”ın İdarə Heyətinin rəhbəri, professor Mustafa Xiyati, Əlcəzairdə Osmanlı irsini araşdırma mərkəzinin rəhbəri Şakib Binhafri, Əlcəzairin Təmənrasit bölgəsinin sabiq valisi, professor Rızqi Sahravi, populyar Əl-Hivar qəzetinin xarici əlaqələr şöbəsinin müdiri N. Xittal Ermənistanın 30 il işğal altında tutduğu Azərbaycan ərazilərini minalaması ilə Fransanın Əlcəzair ərazilərini minalarla çirkləndirməsinin oxşarlığına diqqət çəkib, “iki bacı” olan Fransa və Ermənistanın bənzər əməllərini müqayisə ediblər. Azərbaycan və Əlcəzair xalqlarının torpağa ehtiramla, sevgi ilə yanaşdığını dilə gətirən natiqlər Fransa və Ermənistanın işğal etdikləri torpaqlarda minalar basdırmasını pisləyiblər. Onlar dünyada, xüsusilə Avropa ölkələrində güclü siyasi nüfuzu olan Yaşıllar hərəkatının bunları görməzdən gəldiklərini mövcud ikili standartlarla izah ediblər.
Müasir ordularda mina sahələrini təmizləmək üçün müvafiq texnikaların olduğunu qeyd edən çıxışçılar, minalarla çirklənmənin ciddi fəsadlarını vurğulayaraq, bunu xüsusilə mülki əhaliyə qarşı atılan addım kimi qiymətləndiriblər. Onlar minalara qarşı mübarizədə Əlcəzair və Azərbaycan arasında əməkdaşlığa böyük ehtiyac olduğunu vurğulayıblar.
Səfir T. Rzayev minaların zərərsizləşdirilməsində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışaraq, ölkəmizin istehsal etdiyi minatəmizləyən avadanlıqlar haqqında konfrans iştirakçılarına məlumat verib, onlara bununla əlaqədar məlumat kitabçaları təqdim olunub.