Rusiyalı ekspertlər Paşinyanın “France 24” teleşirkətinə sonuncu bəyanatını şərh ediblər

post-img

Rusiyalı ekspertlər AZƏRTAC-ın müxbiri ilə söhbətlərində Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” televiziya şirkətinə verdiyi sonuncu bəyanatı şərh ediblər.

Paşinyan Fransa televiziya şirkətinə müsahibəsində xüsusən bəyan edib ki, İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün “dondurulması” barədə qərar qəbul edib. Bununla yanaşı, erməni baş nazir qeyd edib ki, Moskva bir neçə ay bundan əvvəl erməni əhalini açıq-aşkar ölkədə hakimiyyəti devirməyə çağırıb.

Hərbi analitik, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko:

-Ermənistan və Rusiyanın ayrılma prosesi başladı. Onun nə dərəcədə ağrılı və hansı müddətdə baş verəcəyi məsələsi artıq müşayiətedici amildir. Rusiyanın hazırkı rəhbərliyi Ermənistana etibarlı, irəlini qabaqcadan görən və məsul sayıla bilən tərəfdaş kimi baxa bilməz. Ermənistan Rusiya ilə əvvəllər qurulan bütün münasibətlərə xəyanət edir. Cənubi Qafqazda və postsovet məkanında yeni reallıqlar və siyasət çərçivəsində Rusiya Ermənistanın xəyanət faktını nəzərə alacaq.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov:

-Paşinyan qorxur ki, Rusiya onu devirər. Ermənistanda xeyli rusiyapərəst siyasətçilər var. Niyə? Çünki Rusiyanın ermənilərə nə qədər yaxşılıq etməsi onların yadındadır. Erməniləri indi yaşadıqları yerə Rusiya köçürüb. Paşinyan hamını qabaqcadan qorxutmaq istəyir, lakin Rusiyanın Paşinyanın devrilməsini hazırlaması barədə heç bir məlumat yoxdur. Rusiya çox ehtimal ki, Paşinyanın Ermənistan daxilində, bataqlıqda olduğu kimi batacağına ümid edir.

KTMT-də üzvlüyün “dondurulması” barədə bəyanata gəlincə, o halda bu bəyanat Paşinyanın Makronla birgə işləyib hazırladığı “minlərlə xırda addım” strategiyası çərçivəsində verilib. Fransa hazırda Paşinyanın əsas müttəfiqidir, əslində, Paşinyan Makronla birlikdə Rusiyaya, olar bilər Azərbaycana da, hətta Ermənistan xalqına qarşı da sui-qəsd hazırlayır.

“Minlərlə xırda addım” taktikası o deməkdir ki, məsələn, hazırda o, Fransa televiziyasına KTMT-dən çıxması barədə bəyan edir, lakin təşkilatın katibliyinə heç bir rəsmi müraciət göndərməyib. Rusiya hələ ki, buna heç cür cavab vermir. Hətta nümayişkaranə şəkildə Rusiya əleyhinə minlərlə kiçik şaşkalara əhəmiyyət vermir.

Politoloq Darya Qrevtsova:

-Bir tərəfdən görürük ki, Paşinyan faktiki olaraq artıq KTMT-də üzvlüyü dayandırıb, çünki bu təşkilatın əsas tədbirlərində iştirak etmir. Lakin de-yure KTMT-nin Katibliyinə göndərdiyi heç bir sənəd yoxdur. Onun indi səsləndirdiyi fikir Moskvanı çox narahat edir, çünki bu, bütün prosesin hüdudlarından kənara çıxır. Digər tərəfdən, Paşinyan indi KTMT-dən çıxmayacaq, bu, ona sərfəli deyil. O, Qərblə münasibətlərdə fəal olmaq istəyir. Belə desək, Qərbə göstərmək istəyir ki, Moskvaya qarşı çıxış edir. Buna görə də biz belə qənaətə gəlirik ki, Paşinyan bundan sonra da bu cür təxribatlar təşkil edəcək. Lakin bu təxribatlarda hansı dərəcədə qətiyyətli olacağı isə hələ sual altındadır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva





Siyasət