Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən ilin son dörd ayı ərzində bu qurum tərəfindən beş beynəlxalq konfransın keçirildiyini bildirib.
Vurğulanıb ki, bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi.
Birləşmiş Millətlər Təşkilatının idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G. Corbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özünü idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir.
Sonra Bakı Təşəbbüs Qrupunun gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbir mövzu ilə bağlı panel iclaslarla davam etdirilib.